Layihələr / Qadın taleyi

27 yaşlı tum satan nənəni cərimələmək olar?

Aynur_Qurbanqizi | 8-12-2021, 10:20
911 0

Aytən Novruz

Yeni dəb fırtınası işə düşüb: kimisi özünü babasının “müharibə” nağılları, kimisi də xalasının əri ilə gündəmdə saxlamağa çalışır. Mənsə küçələrdən danışacam. Daha dəqiq, küçə ticarətindən. Bizdə ənənəvi olaraq küçə anlayışı əsasən dar mənada başa düşülür, bəlkə də onu geniş anlamda dəyərləndirmək sərf etmir sadəcə. “Küçəyə aid hər şey qurşaqdan aşağıdır, natəmizdir, çirkindir” mifini pozaraq onun qaranlıq tərəfinə uşaqlıq yaddaşımla işıq tutmağa çalışacam. Çörəyi daşdan çıxanların hüquq müdafiəçisi kimi də tanıyın məni...
Küçə sevdamın tarixçəsi...

Bir müddətdir sosial şəbəkələri dolaşan bu foto məni məndən alıb uşaqlığıma atdı.

Hafizəmin köşəsi bir anda canlandı. Qarabağdan 93-94-ün qanlı-qadalı Bakısına pənah gətirmişdik. Anam, nənəm və biz - 3 uşaq (mən və qardaşlarım) bir qarnımız ac, bir qarnımız tox günləri ötürürdük. Çörək növbəsində bəxtimizin gətirmədiyi vaxtlar da az olmayıb çünki. Növbələrin birində qolu qırılan nənəm aclıqdan çıxış yolunu o dövrün məşhur tumlarında gördü. Beləliklə, tum gün işığının güclə isitdiyi evimizin doğma sakininə çevrildi. Onun ətri darısqal evimizdən çıxan ən gözəl qoxu idi. Sonradan kiçik bazarımız genişlənməyə başladı. “Şirin xoruzlar”, fıstıq, turşu lavaşlar da tuma yoldaşlıq etməyə başladı. Evimizin yerləşdiyi küçə məbədgah kimi gəlirdi mənə. Çörək verənə üz çevirməzlər, unutmazlar axı...
27 ildə çox şey dəyişərək yeni forma alıb. Artıq nə nənəm həyatdadır, nə də həmin küçəmiz eyni adı daşıyır. Daxmamız da “plana düşərək” yeni görkəm alıb.

Küçələrdə tum, şirinquş (müxtəlif nəsnələr) satan nənələr - mənim səmimiyyət, saflıq nirvanam
Küçə ticarətinin baniləri nənələrimizdir, nənəmdir, deyə düşünürəm. Hesab edirsiniz ki, onlar indiki pulla 80 manat cərimədən yayınıblar?
Bəs, cərimədən yayınanlar atasız nəvələrinin ac qalmamasına, ali təhsil almasına vəsilə olubsa, necə? Demək ki, hər şey pulla ölçülməməli.
Tumdan fil düzəldənlərin NƏZƏRİNƏ! Yaponiyada küçə ticarəti vasitəsilə hər gün 3 ton təzə balıq satılır. Yox, əgər küçə tacirlərinin günboyu varlığından narahat olursunuzsa, İtaliya misalı dada çata bilər: 17:00-dan 21:00-a qədər küçələri onlara buraxın. Antisanitariyanı əllərində bayraq edənlər, pinti qəlb pinti küçədən daha yazıqdır!