Fikirlərin dueli / Maraqlıdır

Tibbi etik qaydalar nələrdir?

Gülçin | 21-03-2017, 13:30
993 0


 
Tibb sistemindən şikayətlənən vətəndaşlarımızla yəqin hər gün qarşılaşırsınız. Haqlı tərəfləri vardır — doğrusu, bizim səhiyyə sistemimizi bəyənmək üçün həqiqətən kor, ya da vicdansız olmalısan. Səhiyyəmiz barəsində yersiz tərif yağdıranların çoxu əsasən ikincini, yəni vicdansızlığı seçirlər. Lakin yenə də onları qınamıram, zira bizim cəmiyyət vicdansızlığı geniş təbliğ edir və mükafatlandırır.

Sözümün canı isə başqadır.

Hüquqda belə bir mövhum vardır: qanundan xəbərsiz olmaq müafiyyətə, yəni məsuliyyətdən azad olmağa gətirib çıxarmır. Əksər şeyləri, elə götürək tibbi etika qaydalarını, həkimlərin davranış və müayinə sırasında hansı "adət-ənənəyə” uyğun davrandıqlarını çoxumuz bilmirik. Çoxumuz bu məsələ haqqında kökündən yanlış təsəvvürə malikdir.

Gəlin, tibbi etikaya kiçik bir nəzər yetirək. Doğrudur, tibbi etika haqqında məsələni məndən daha yaxşı yaza biləcək insanlarımız vardır, lakin onlar susqunluq nümayiş etdirdikləri üçün özümü qabağa verirəm.

Ümumi müddəalar. Təbabət elmdir, yoxsa sənət?

Elmin postulatları, tənlikləri, qanunları olur. Təbabət elminin də riyaziyyat, fizika, biologiyada olduğu kimi qanunları, düsturları vardır. Lakin təbabət tətbiqi bir elm olduğu, məhz peşə olaraq insanlara istiqamətləndiyi üçün onun bir də etik qaydaları vardır. Bu qaydalar elmi qanunlar kimi mütləq, isbata dayalı, hər şəraitdə keçərli müddəalar deyildir — bir çox qaydanın kağız üzərində təsviri belə yoxdur. Ancaq təbabət insanlıq tarixi qədər qədim olduğu və hər gün istifadə edildiyi üçün formalaşmış etik qaydaları aşağı-yuxarı bəllidir. 

Qısa tarixçə
Tibb etika haqqında bilinən ilk mətn 5-ci əsrin əsəri olan "Formula Comitis Archiatrorum”-dur. Amma müasir Şərq, eləcə də Qərb tibbinin qaydaları Hippokrat, sadə xristian əxlaqı, İbn Sina və həmyerlimiz Ər-Razinin əsərlərinə əsaslanırlar. Müasir dövrdə qanun hökmündə mətn olaraq qəbul edilmiş etik prinsiplər Britaniyada, qismən ABŞ və Kanadada mövcuddur. 

Əsas müddəalar
Tibb etikanın çərçivəsini təşkil edən 4 prinsip Tom Böşamp (Tom Beauchamp) və Ceyms Çayldress-in (James Childress) "Biomedikal etikanın prinsipləri” kitabında təsvir edilibdir. Bunlar: 
— Hürriyətə hörmət prinsipi: xəstə müalicə metodunu seçmə və ondan imtina haqqına sahibdir (Voluntas aegroti suprema lex.)
-Mənfəət prinsipi: xidmət verən həkim xəstənin mənfəətinə uyğun davranmalıdır (Salus aegroti suprema lex.).
— Xəsarət verməmək prinsipi: xəstəyə yardım etməklə bərabər ona əlavə xəsarət verməkdən çəkinmə (Primum non necere.). 
— Ədalət prinsipi: hər kəsə əlçatan ilkin tibbi xidmət təşkili, eləcə də tibii xidmət alacaq insanın qərarına hörmət (Iustitia.).

Qısa cümlələrlə nə etməli
İnsanlarımızı hüquqi terminlərlə boğmadan qısaca daha keyfiyyətli tibbi xidmət almaq üçün onların nə etməli olduğunu belə izah edə bilərəm. Əlbəttə, burada deyəcəklərim qanun hökmündə deyil, lakin illərin təcrübəsi ilə bir çox həkim kimi mənim gəldiyim qənaətdir.

1. Tibb xidmətin detalları aydın izah edilməlidir.
Hər tibbi prosedurun -Hekayəsi -Müayinəsi -Laboratuar təhlilləri və/və ya görüntüləmə metodları ilə incələnməsi mövcuddur. Axırıncı maddə bəzən əksik ola bilər, amma ilk ikisi mütləq olmalıdır. Xəstə şikayətlərini əlbəttə özü ifadə edir. Amma o şikayətləri sinifləndirmək. sahmana salmaq həkimin məsuliyyətində olan məsələdir. Müraciət etdiyiniz həkim sizin şikayətlərini sinifləndirərək qısa icmal şəklində sizinlə razılaşdırmalıdır. 

Məsələn:"Demək, sizin 4 gündür sağ böyrünüzdən sancı şəklində ağrılar başlayır və siz, bu zaman zərfində iki dəfə ağrıkəsici dərman içərək qismən ağrının qarşısını ala bilmişsinizdir.” Həkim apardığı müayinələri tək-tək xəstəyə izah etməlidir. 

Məsələn: "İndi sizin böyrünüzə yumruğumla ehmallıca vuracağam. Rahat olun, sizi şiddətli ağrıya məruz qoymaq niyyətim yoxdur. Bu proseduru kifayət qədər ehtiyatla icra etməyə çalışacağam.” 
Həkim hansı müayinə metodlarını istədiyini və bununla hansı nəticələrə gələcəyini sizə ƏVVƏLCƏDƏN izah etməlidir. 

Məsələn: "Bu vəziyyətdə biz, sizdə qarın boşluğunun ultrasəs müayinəsi ilə sidik axarında daş axtarmağa çalışacağıq. Ümumi sidik təhlili də ayrıca bizə problemin sidik sistemindən hansı dərəcədə qaynaqlandığını göstərmək üçün faydalı olacaqdır.” Müraciət etdiyiniz həkim MÜTLƏQ bu sırada sizə aydın izahat verməlidir. Belə məlumatlandırma zamanı anlaşılması çətin olan tibbi terminlərdən istifadə etmək olmaz. Təbabətdə sadə dillə izah edilə bilməyəcək müayinə metodu və ya hərhansı bir anlayış mövcud deyildir. 

2. Problemin özü, diaqnoz da aydın izah edilməlidir.
Xəstəyə aparılan müayinələr yardımı ilə müəyyən bir nəticəyə gəlinir. Biz, buna diaqnoz deyirik. Yəni, "sənin dərdin budur, qardaş” şəklində bir izahat. Bax, bu diaqnoz daha sadə, tibbi terminlərdən istifadə edilmədən xəstəyə izah edilməlidir. Bu sırada, diaqnozun nə qədər etibarlı olduğu faktı da bildirilməlidir. 

Məsələn: "Sizə aparılan ultrasəs müayinəsi sırasında sol sidik axarının orta hissəsində 6 mm-lik daşa bənzər kölgə gördük. Biz, bu məlumata təqribən 65% ehtimalla etibar edirik. Məsələnin ciddiyətinin çox şiddətli olduğunu düşünmədiyimiz üçün də sizə hələlik başqa müayinə məsləhət görmürük.”

Bəzən diaqnoz dəqiqləşdirilə bilmir. Tibbdə ümumi diaqnozlar buketi mövcuddur. Öz-özlüyündə gözəl səslənsələr də, əslində konkretlik daşımayan, ümumi adlardır. Məsələn, "Fövqəladə hadisə” gözəl səslənir, amma bunun leysan yağış mı, zəlzələ mi olduğu aydın deyildir. Təbabətdə də bu föqəladə vəziyyət adı kimi ümumi diaqnozları vardır. Sidik yollarının daş xəstəliyi bunlardan biridir. Daş olduğunu anladıq da, haranın daşı? Bu məlumat da xəstəyə çatdırılmalıdır. 

Məsələn: "Sizə apardığımız ultrasəs müayinəsi və sidik təhlilinə əsasən sizdə sidik yolları iltihabı olduğunu düşünürük. Dəqiq yerini müəyyənləşdirmədik. Sidik kisəsi, sidik kanalı və prostatınızda problem ola bilər. Yenə də problemin şiddətli olmadığını, ayrıca hansı orqanda problem olduğundan asılı olmayaraq eyni müalicə taktikasını seçəcəyimiz üçün diaqnozunuzu dəqiqləşdirmirik.” Bəzən diaqnoz qoyula bilmir. Nə qədər maraqlı olsa da, müayinələr mütləq etibarlı diaqnoz qoyulacağı ilə nəticələnəcək deyə qayda və ya məcburiyyət yoxdur. Xəstəyə 80 müayinə aparıb dəqiq diaqnoz qoymaya bilərsən. İlkin diaqnoz ilə son klinik diaqnozu qarışdırmayaq əlbəttə. İlkin diaqnoz həmişə vardır, amma bir nəticə olaraq əsas diaqnoz kimi ələ alına bilməz. Xəstəyə dəqiq diaqnoz qoyulmadığı faktı belə bir hal mövcuddursa, MÜTLƏQ xəstəyə bildirilməlidir. 

3. Proqnoz haqqında aydın izahat verilməlidir.
Hər tibbi problemin bir tarixçəsi vardır. Məsələn, ilk dəfə sidik axarı daşı düşürən siz deyilsiniz axı, deyil mi? Sizdən əvvəl milyonlarla insanda bu hal müşahidə edilmiş və artıq bir qənaət formalaşdırılmışdır. Xəstəliyin, müalicə prosesinin necə keçəcəyinə dair formalaşmış bu variantlara biz, proqnoz deyirik. 

Məsələn: "Sizdə tapdığımız sidik axarı daşı 50% ehtimalla bir aya düşəcəkdir. Bu qədər müddət müalicə alaraq gözləyəcəyik. Amma bu sırada bəzən əlavə olaraq hərarət yüksəlməsi, qarşısı alına bilməyən sancılar da görülə bilər. Belə hallarda isə sizə qapalı cərrahi müdaxilə apararaq daşı bizzat çıxarmalıyıq.” 

4. Yuxarıda sadalanan bütün hallar kağıza yazılaraq imzalanmalıdır.
Çoxumuz bu qaydaya əməl etmirik. Amma bütün həkim-xəstə söhbətlərinin protokollaşdırılması, sonunda isə YAZILI şəkildə xəstəyə təqdim edilməsi vacibdir. Məhz bu maddə Azərbaycanda unudulur, barmaqarası qarşılanır və nəticədə sui-istifadə halları meydana gəlir.

Azərbaycanda həkimlər arasında bir-birini pisləmək kimi mənfur bir adət vardır. Doğrudur, bütün dünyada belə hal ilə qarşılaşılır, ancaq sivil cəmiyyətlərdə bunun belə bir mədəniyyəti vardır. Mən də öz praktikamda belə hallarla qarşılaşmışam. Məndən sonra xəstənin müraciət etdiyi həkim bəzən mənim xidmətimi bəyənmir, üstəlik yanlış müalicə ediyimi xəstəyə söyləyə bilər. Bütün bu hallarla asan bir mübarizə metodu tapmışdım: müalicədən narazılıq edən həkimin xəstəyə dediklərini yazılı olaraq bildirib imzalamasını tələb edirdim. İndiyə qədər heç kəs belə bir məktub yazmağa cəsarət etmədi. Həkimin sizə şifahi olaraq bildirdiyi məlumatın heç bir əhəmiyyəti yoxdur. Fikir yazılı olaraq da bildirilməlidir. Fikir mütləq aydın, hər kəsin anlayacağı şəkildə yazılmalıdır.

Nəticə
Tibbi xidmətdən narazılıq hər zaman olmuşdur, yenə də olacaqdır. Ancaq hər hadisənin mədəni çərçivəsi, davranış qaydaları, etikası vardır. Bu yazıda diqqətinizə çatdırdığımız müddəalar sadə görünsə də, ciddi təsirə malikdirlər. Nə də olsa, ağlın yolu birdir axı — bu davranış modeli bütün mədəni dünyada qəbul edilmiş universal hadisədir. 

Dr. Vasif İsmayıl