Qadın taleyi / Manşet

Fiziki məhdudiyyət xoşbəxtlik üçün əngəl deyil FOTO

Banu. | 29-01-2018, 17:52
932 0

Ötən il iyunun 19-da Gəncədəki şadlıq saraylarından birində keçirilən toy həmişəki kimi insanların qol qaldırıb oynadığı, sevindiyi və təbriklər söylədiyi ənənəvi çal-çağırlı toylardan fərqlənirdi. Toyu fərqli edən səbəb isə bəylə gəlinin - Namazla Fatimənin uşaqlıqdan inkişaf zəifliyi xəstəliyinin daşıyıcısı olması idi.azərtac
Namaz çox sevincli görünürdü. Həkimlər ona bir neçə aydan sonra ata olacağının müjdəsini vermişdilər. Həm Namazı, həm də Fatiməni daha çox xoşbəxt edən isə həkimlərin onlara övladlarının tam sağlam olacağı barədə verdiyi xəbər idi.
Uşaqlıqdan inkişaf zəifliyindən əziyyət çəkən Namaz bir neçə dəfə əməliyyat da olunub. Valideynlərinin onu sağlam görmək istəyi və buna görə xarici ölkələrdə aldığı intensiv müalicələr isə heç bir nəticə verməyib. Bu səbəbdən uzun müddət xarici ölkələrin xəstəxanalarında olan Namaz nəinki tam təhsil ala bilməyib, hətta bir müddət doğma ana dilində danışmaqda belə çətinlik çəkib.
Lakin heç bir məhdudiyyət onu ruhdan salmayıb, məqsədindən uzaqlaşdıra bilməyib. Həkimlərin ciddi qadağasına baxmayaraq o, valideynlərindən xəbərsiz idmanın ağırlıqqaldırma növü ilə məşğul olmağa başlayıb. Namazın anası isə oğlunun idmanla məşğul olduğunu onun qazandığı ilk qələbəsindən sonra bilib. Bu illər ərzində Namaz dəfələrlə yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edib. Hər yarışdan uğurla qayıdan Namaz 2015-ci ildə sağlam idmançılar arasında Gürcüstanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edib və 251 kiloqram ümumi nəticə ilə birinci yerə layiq görülüb.
Uzun müddət iş axtaran Namaz ötən ay Gəncə “ASAN Xidmət” Mərkəzində könüllü kimi çalışmağa başlayıb.
“Mən həyatı olduğu kimi qəbul etdim. Çətinliklə mübarizə aparmağın və qalib gəlməyin yolunu öyrəndim. Hər kəsin fərqinə varmadan əldə etdiklərini mən çox böyük çətinliklərlə, mübarizə ilə qazandım. İndi isə xoşbəxtəm. Bu gün ətrafımda məni sevən çoxlu insanlar var. Bir ay bundan qabaq Gəncə “ASAN xidmət”dən evimizə zəng gəldi, mənə onlarla birgə işləmək təklif olundu. Təklifi böyük sevinclə qarşıladım. Artıq hər gün işə gedib-gəlirəm. Gəncə “ASAN xidmət” Mərkəzinə müraciət edən insanlara yoldaşlarımla birgə mən də xidmət göstərirəm. Çox mehriban və səmimi kollektivimiz var. Hər gün insanlarla ünsiyyətdə olmaq, işləmək və cəmiyyət üçün faydalı olduğumu hiss etmək məni daha da xoşbəxt edir”, - deyə Namaz Namazov bildirir.
Fatimə də uşaqlıqdan inkişaf zəifliyindən əziyyət çəkib. Övladı fiziki məhdudiyyətlə doğulduğu üçün doğma atası ailəni birdəfəlik tərk edib. Balaca Fatiməni böyütməkdə əziyyət çəkən anası isə onu uşaq evinə qoyub. Atan-ana nəvazişindən məhrum olan bu balaca qız bəlkə də əsl xoşbəxtliyini elə uşaq evində tapıb. Çünki uşaq evində işləyənlərdən biri Fatiməni görüb və ona atalıq qayğısı ilə yanaşıb. Lakin həmin şəxsin iki qız, bir oğlan övladının olması Fatimənin övladlığa verilməsində uşaq evinin müdiriyyətində tərəddüdlər yaradıb. Nəhayət, Fatimə 9 yaşında ikən həmin şəxs tərəfindən övladlığa götürülüb. Övladlığa götürüldüyü ailədə bacısı ilə eyni adda olsalar da, atası onun deyil, bacısının adının dəyişdirilməsinə qərar verib. Yeni valideynləri Fatimə ilə doğma övladları kimi rəftar edib, onun sağlamlığı üçün əllərindən gələni əsirgəməyiblər.
Vaxtilə Fatimənin valideynlərinin onun üçün yaratdığı şərait və ona verilən təhsil bu gün gənc ailənin gəlir mənbəyinə çevrilib. Belə ki, illər öncə Fatimə sağlamlıq imkanları məhdud gənclər üçün yaradılmış mərkəzdə xalçaçılıq və rəngli iplərlə toxuculuq sənətini öyrənib. Tezliklə sənətin sirlərinə yiyələnən Fatimənin toxuduğu müxtəlif çeşnili bir-birindən gözəl xalçalar dəfələrlə sərgilərdə nümayiş etdirilib.
Bu gün evdə fərdi sifarişlər qəbul edən Fatimə elə gözəl geyimlər və bəzək əşyaları toxuyur ki, onlara heyran qalmamaq mümkün deyil.
Evdə divanın bir küncünə yığdığı bir-birindən gözəl əl işləri olan uşaq papağını, corabı və bələyi göstərib, onları da tezliklə dünyaya gələcək körpəsi üçün toxuduğunu deyir.
“Mən həyatı, insanları və bir də Namazı çox sevirəm. Öz övladımı da böyük məhəbbətlə sevəcəyəm və ana kimi onun qayğısına qalacağam. Həm Namaz, həm də mən istəyirik ki, övladımızın bütün ehtiyaclarını təmin edək və onun təhsil almasına şərait yaradaq. Əsas çətinliyimiz isə nəqliyyatla bağlıdır. Çünki biz ictimai nəqliyyatdan istifadə edə bilmirik. Çox istərdim ki, ailəmiz bizim kimi əlillər üçün uyğunlaşdırılmış avtomobillə təmin edilsin. Bilirəm ki, sağlamlığıma görə gələcəkdə övladımı hər gün məktəbə aparıb-gətirə bilməyəcəyəm. Namaz isə yeriyərkən çox çətinlik çəkir. Buna baxmayaraq, əminəm ki, Namaz hər işdə mənə kömək edəcək və biz bütün çətinlikləri aşaraq, xoşbəxt ailə olacağıq”, – deyən Fatimənin üzündəki ümid dolu sevinc bir anlıq gözlərimdə donub qaldı... Namazla Fatimənin timsalında bir daha əmin oldum ki, fiziki məhdudiyyət xoşbəxtlik üçün heç də əngəl deyil. Əsas odur ki, həyata bağlanıb arzularını reallaşdırmaq üçün yorulmadan cəhd göstərəsən.


azərtac



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.