İsa Şahmarlının intihardan öncə verdiyi müsahibə və VİDEO
Dünən saat 14:00 radələrində Azad LGBT təşkilatının sədri İsa Şahmarlı intihar edib.
O, intiharla bağlı "feysbuk" səhifəsində "indi özümü asmağa gedirəm" statusunu yazandan sonra intihar edib.
Ağır vəziyyətdə xəstəxanaya aparılan gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, intihar edən gənc bir neçə il əvvəl gey olduğunu ailəsinə və dostlarına bildirib.
Azadqadin.az aşağıda onun ölüm anını əks etdirən videonu və bir neçə gün öncə "Gənclərin səsi"
radiosunu verdiyi müsahibəni təqdim edir. Allah rəhmət etsin!
Bu sözlər İsa Voland kimi təqdim olunmasını istəyən gənc müsahibimizə aiddir. Onun 20 yaşı var, tələbədir. Bildirir ki , qarşı cinsə heç vaxt marağı olmayıb. 16-17 yaşlarında əmin olub ki, oğlanlar onun diqqətini cəlb edir. O, məsələni ailəsinə də açıqlayıb.
Anamla ilk danışmışam. Anam bir az belə, xəstə kimi baxırdı. Söhbətlər axşam olmuşdu. Səhər isə mən ona internetdən dünya çapında psixoloqların rəylərini, həkimlərin rəylərini göstərdim. Yenə də deyirdi, mən ümid edirəm ki, yaxşı olacaqsan. Atam bilir, psixoloqun rəyini də bilir, amma bu barədə heç nə danışmamışıq.
İsa deyir ki, cəmiyyətdə hansısa bir məsələ ilə bağlı fikir bildirmək istəyəndə onun homoseksual olmasını qarşısına sədd olaraq qoyurlar. Psixoloq məsləhətindən istifadə etməyi tövsiyyə edirlər. Ancaq həmin insanların özləri daha çox psixoloji təziq etdiklərini anlamırlar. Bu isə sənin cəmiyyətdən təcrid olunmağına və psixoloji gərginlik yaşamana gətirib çıxardır. Bu məsələdə isə yaxın dostlarının pis rəftarı xüsusi təsirə malikdir.
Onlar ailəmdən belə qatı davrandılar. Başladılar mənim bütün dost-tanışlarıma yaymağa , bütün sinif yoldaşlar, qrup yoldaşlar, müəllim… İndiyə qədər də universitetdə kim varsa, ilk tanışdıqları adama belə deyirlər ki, İsa homoseksualdır. Qrup yoldaşım, hətta, universitetin qabağında məni döymüşdü ki , sən kişiliyə təhqirsən.
İsa gələcəyi barədə tərəddüd içində olduğunu deyir. Ölkəni tərk etmək istəsə də, bir o qədər də qalmaq istəyir. Deyir ki; " Mənim də arzularım var, mənim də təhsil, karyera planlarım var. Ailəm məni nə qədər qəbul eləsə də cəmiyyəti düşünür. Bilirlər ki, mən burda istədiyim həyatı yaşaya bilməyəcəm.” Səbəbini isə belə açıqlayır.
İlk dəfə Azərbaycanda transseksuallar artıq öz cinslərini dəyişəndən sonra onlara heç kim iş vermirdi. Hansı qapıya gedirdi həttatəhqir edirdilər,döyürdülər, yəni,transseksualları qapıdan göndərirdilər. Acından ölməmək üçün başladılar fahişəliklə məşğul olmağa. O dövrdən başlayaraq cinsi azlıq deyilən kimi ağıllarına pozğun bir həyat gəlir. Artıq qınama başlayır .
Cəmiyyətin homoseksualları necə qəbul etdiyini, onlara necə yanaşıldığını öyrənmək üçün şəhər sakinləri arasında sorğu keçirdik. Müsahiblərdən bəziləri qəti olaraq homoseksuallara qarşı olsa da, bəziləri isə məsələyə tolerant yanaşmağın tərəfdarıdır.
Çox pis, xoşuma gəlmir. Mənə elə gəlir ki, təbiətə protiv getmək olmaz. Təbiət qadın yaradıb, kişi yardıb. Amma camaatı nə özündən çıxardır mən bilmirəm. Nəsə onlarda beyin pozulması var.
Pis, xarici ölkələrdən bura bu zir-zibili gətirirlər, kişilərə bax, oğlanlara bax. Nə gündə gəzirlər bu saat? Saçlarına bax, bunların bir vid-fasonuna bax. Kişilik qalmayıb, bir şey qalmıyıb! Bununla nə müharibədən, nə kişilikdən danışmaq olar?!
Pis deyil, əgər özlərinin şəxsi həyatını reklam eləməsələr .
Azərbaycanda 2 ilə yaxındır fəaliyyət göstərən Azad LGBT cinsi azlıqların hüquqlarını qoruyan qeyri-hökümət təşkilatının həmtəsisçisi və həmsədri Vüqar Adıgözəlov deyir ki, dünyada hər il minlərlə cinsi azlıq psixoloji təziqlərə dözməyərək özünü öldürür. Bu səbəbdən onlar təşkilatın məqsədini məhz həmin istqamətə müəyyənləşdiriblər.
Təşkilatımızın əsas hissəsi Azərbaycanda cinsi azlıqların hüquqlarını müdafiə eləmək, eyni zamanda cinsi azlıqların cəmiyyət tərəfindən qəbul olunmasını təmin etmək, həmin istiqamətdə işlər görməkdi. Biz təmənnasız hüquqi yardım, eyni zamanda təmənnasız psixoloji yardım göstəririk. Bilirsiz ki, dünyada hər il 30 mindən çox insan sırf buna görə özünü öldürür. Azərbaycanda da bu situasiya qaçılmaz olur.
Psixoloq Murad İsayev isə cinsi azlıqlara xəstə və ya ayrı bir növ kimi baxılmağın düzgün olmadığını, əksinə onların daha aktiv analiz eledikləri və normal həyat tərzi qurduqları fikrindədir. Ancaq onu da deyir ki, Azərbaycan ailələri cinsi azlıqlara sərt reaksiya verir.
Çox dəhşətli şəkildə təbii ki azərbaycan ailələri qəbul eliyir. Həmin insan bəlkə də, bütün nəsildə gözdən salınır. Özünəgüvən duyğusu və s . Qaş düzəldən yerdə göz vurub çıxardırlar. Problemə düşən insanı, əgər özünü həqiqətən də problemdə görürsə bu insan, kömək eliyək. Yəni bu propaqandaların qarşısı mütləq alınmalıdır.