Həyat tərzi / Pul qazanmağın sirləri

11 ayın göstəricələri açıqlandı, kasıblamışıq

Banu. | 15-12-2016, 09:48
972 0

 

 

Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. 

Yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54433,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9% az ümumi daxili məhsul istehsal edilib. Azalmanın əsas səbəbi kimi yenə tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,9% ixtisar edilməsi göstərilir. 

Əlavə dəyərin 37,5%-i sənayedə, 10,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,3%-i tikinti, 6,7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə, 17,6%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 %-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5649,9 manata bərabər olub. 

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-noyabr aylarında 28,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 65,4%-i mədənçıxarma sektorunda, 28,5%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 1,5%, əmtəəlik qaz hasilatı isə 4,9% azalıb. 
Geyim istehsalı qidanı üstələyib

Emal sektorunda qida məhsullarının istehsalı 4,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 39,1%, ağacın emalı və ağacdan məmulatların istehsalı 23,1%, kağız və karton istehsalı 7,3%, poliqrafiya məhsullarının istehsalı 1,7 %, metallurgiya sənayesi məhsullarının istehsalı 2%, hazır metal məmulatlarının istehsalı 18,9%, kompüter və elektron məhsulların istehsalı 10,6%, elektrik avadanlıqlarının istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,9%, mebel istehsalı 10,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 42,6% artıb, içkilərin istehsalı 12,9%, tütün məmulatlarının istehsalı 12,6%, dəri və dəri məmulatları, ayaqqabıların istehsalı 65,9%, kimya sənayesi məhsullarının istehsalı 14,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,9%, tikinti materiallarının istehsalı 11,4%, maşın və avadanlıqların istehsalı isə 14,5% azalıb.

Elektrik enerjisi, qaz istehsalı, su təchizatı azalıb

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8% azalma var. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9% artıb, neft sektorunda 1,3% azalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında dekabrın 1-i vəziyyətinə 383,8 milyon manatlıq hazır məhsul olub.

Kartof, çay, şəkər yığımı çoxalıb, meyvə-tərəvəz istehsalı aşağı düşüb

Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Dekabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 997,3 min hektar əkin sahəsindən 3060,1 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 63,4 min ton çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib. 

Məhsul yığımı başlanandan dekabr ayının 1-dək sahələrdən 880,2 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,7 min ton çox kartof, 1235,4 min ton (21,3 min ton az) tərəvəz, 464,5 min ton (20 min ton az) bostan məhsulları, 876,2 min ton (4,4 min ton az) meyvə və giləmeyvə, 134,4 min ton (18,4 min ton az) üzüm, 1002,1 ton (426,2 ton çox) yaşıl çay yarpağı, 283,5 min ton (114,6 min ton çox) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3594,0 ton (127,9 ton çox) tütün yarpağı yığılıb. 

Noyabr ayının 28-nə sahələrdən 78,2 min ton (43,9 min ton çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.

Heyvandarlıq 2,5%, bitkiçilik 2,1% artıb

Yanvar-noyabr aylarında 435,6 min ton, yaxud əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 1,6% çox diri çəkidə ət, 1833,0 min ton (3,1% çox) süd, 1470,6 milyon ədəd (4,8% çox) yumurta, 16,5 min ton (1,6% az) yun istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,3%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,5%, bitkiçilik məhsulları istehsalı isə 2,1% artıb. Gələn ilin məhsulu üçün 993,5 min hektar sahədə şum qaldırılıb, 801,0 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 524,1 min hektar sahəyə buğda, 276,7 min hektar sahəyə arpa və 0,2 min hektar sahəyə digər payızlıq bitkilər səpilib.

13 milyard əsas kapitalın 72,6%-i tikinti-quraşdırmaya gedib

Hesabat dövründə əsas kapitala 13 milyard manat məbləğində, yaxud əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 28% az vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 10486,0 milyon manatı və ya 80,6%-i məhsul istehsalı obyektlərinin, 1993,4 milyon manatı (15,3%) xidmət sahələri üzrə obyektlərin, 529,7 milyon manatı (4,1%) isə ümumi sahəsi 1519,8 min kv/m. olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5331,0 milyon manatını və ya 41%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 9445,2 milyon manatı və ya 72,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 

Sərnişinlərin yalnız 0,2%-i təyyarə və gəmi ilə gedib 

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-noyabr aylarında 202,6 milyon ton yük və 1746,5 milyon sərnişin daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,5% azalıb, sərnişin daşınması isə 2% artıb. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub. Yüklərin 63,9%-I avtomobil, 26,6%-i boru kəməri, 6,9%-i dəmir yolu, 2,5%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb. 

Sərnişinlərin 88,5%-i avtomobil, 11,3%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb. 

Rabitə xidmətlərinin dəyəri 4,4% bahalaşıb

İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1448,0 milyon manatlıq xidmətlərin 72,5%-i əhali sektoruna aid olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 4,4% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,6%-i qeyri-dövlət sektorunun payına düşüb. 

Yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 26329,7 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 6805,0 milyon manatlıq ödənişli xidmət göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,7% artıb, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,1% azalıb, ticarət şəbəkəsində 13098,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13231,3 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb. 
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 14153,7 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 7195,7 milyon dollarını və ya 50,8%-ni ölkədən ixrac olunmuş məhsulların, 6958,0 milyon dollarını (49,2%) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 237,7 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 13,4%, o cümlədən ixrac 16,9%, idxal isə 8,2% azalıb. 

Yanvar-noyabr aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 12,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,6% artıb. Yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 493,8 manat təşkil edib. Yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,9% artaraq 40028,5 milyon manata çatıb. Gəlirlərin 79,4%-i son istehlak xərclərinə, 9,1%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,9%-i isə yığıma yönəldilib. 

Dövlət büdcəsinin icrasında 962 mln. manatlıq kəsir yaranıb

Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-noyabr aylarında dövlət büdcəsinə 12965,5 milyon manat vəsait daxil olub, büdcədən 13927,4 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 961,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,8%-i səviyyəsində olub. 

Bankların kredit portfeli 14,8% azalıb 

Mərkəzi Bankın məlumatlarına görə, noyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15820,0 milyon manat təşkil edib, onun 12497,1 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 14,8% azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,7%-ni təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği noyabr ayının 1-nə 7413,1 milyon manat təşkil edib. 

Dollar ilin əvvəlindən rəsmi 7% bahalaşıb

Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,69 manata (ilin əvvəlindən 1,58 manata), 1 Avroya - 1,83 manata (1,76), 100 Rusiya rubluna - 2,63 manata (2,35) bərabər olub.

9,8 milyona çatmışıq

Yanvar-oktyabr aylarında əhalinin sayı 88,2 min nəfər və ya 0,9% artaraq noyabr ayının 1-i vəziyyətinə 9793,8 min nəfərə çatıb.//Bizimyol.info