Həyat tərzi / Maraqlıdır

Niyə “Yay məktəbi”?

Aynur_Qurbanqizi | 3-06-2021, 19:57
497 0

““Yay məktəbi” pandemiya şəraitində uşaqların öyrənmə vərdişlərində yaranmış boşluqların qismən də olsa bərpası üçün bir imkandır”.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz feysbuk səhifəsində yazıb. 
O, “Yay məktəbi”ni seçməyin niyə vacib olduğunu açıqlayıb:
““Yay məktəbi” Azərbaycan təhsil mühitində bir ənənə halını almalı və möhkəmlənməlidir. Qəbul etməliyik ki, öyrənmənin fəsli və qeyri-münbit dövrü olmur. Hər birimiz də bilirik ki, məktəb uşaqların ünsiyyət və öyrənməsi üçün ən yaxşı məkandır. Tez-tez istinad etdiyimiz inkişaf etmiş ölkələrdə şagirdlər artıq may ayından yay tətilini necə keçirəcəkləri, hansı müəllimlə məşğul olacaqları və hansı kitab klublarına yazılacaqları barədə məlumatlı olurlar.

Etiraf etməliyik ki, valideynlər bir çox hallarda uşaqların erkən yaş dövrlərində əyləncələrinə daha çox diqqət yetirir, nəinki təliminə. Bir çox hallarda yanaşma belədir: “Qoyun, uşaqlar uşaqlıqlarını yaşasınlar”. Məgər, kitab oxumaq, onu müzakirə etmək, müxtəlif kurslara, dərnəklərə getmək uşaqlığa aid deyilmi?”

Nazirlik rəsmisi, həmçinin əlavə edib ki, tədqiqatlara görə, uzun yay tətillərinin olması aqrar epoxasından qaynaqlanır. Belə ki, uşaqlar tarlalarda işləyən valideynlərinə əkin-biçində kömək edirdilər, postsənaye əsrində isə bu yanaşma bir qədər dəyişib:
“Uşaqlar indi kod yazmağı, xarici dil öyrənməyi, rəqəmsal alətlərlə işləməyi, şəkil çəkməyi daha çox istəyirlər. Və ən başlıcası uzun müddət ünsiyyət azlığından əziyyət çəkən uşaqlar yaşıdları ilə birgə bölüşməyi hamıdan çox istəyirlər. Bunun üçün də məktəblərdə 16-30 iyun tarixlərində təşkil olunacaq iki həftəlik yay məktəblərindən lazımınca yararlanmağı təklif edərdim. Necə deyərlər, mavi səma, canlı ünsiyyət, əyləncəli və öyrədici məzmun, ən başlıcası doğma məktəb sizi gözləyir, əziz şagirdlər!”

Xatırladaq ki, ötən həftə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin təşkil edilməsi ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edənlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib. Mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.
Qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon təhsil şöbələrinə müraciət etməlidirlər.

Gülnar Əliyeva