Həyat tərzi / Maraqlıdır

“Bunlar kişiləri arvadlaşdırmaq, əl quzusu etmək istəyirlər...”

Banu. | 9-04-2020, 15:28
989 0
Xəbər verdiyimiz kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin evdə oturan kişilərə çağırış edərək, onları xanımlara ev işlərində kömək etməyə çağırması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov komitənin bu çağırışını gülünc adlandırıb:

“Karantin rejiminə görə mən də evdə oluram. Belə bir vaxtda fürsətdən istifadə edib “İzahlı atlas” adlı kitabımı çapa hazırlayıram. Bu ilk olacaq, belə bir kitab Azərbaycanda heç vaxt olmayıb. Fürsətdən istifadə edib bir ziyalı, ağsaqqal kimi xalqıma müraciət edirəm, xahiş edirəm evdə qalsınlar, küçəyə lazım olanda icazəyə çıxıb geri qayıtsınlar. Bu, bizim təhlükəsizliyimiz üçün çox vacibdir”. 

R.Mahmudov komitənin çağırışına münasibət bildirərkən deyib ki, qadının qadın, kişinin də kişi işi var:

“Bunların sözü qurtarıb. Düşünürəm ki, belə açıqlamalarıyla onlar istəyir ki, kişiləri arvadlaşdırıb əl quzusu etsinlər, arvad nə desə, kişi də onu yerinə yetirsin. Boş-boş söhbətlərdir. Biz xörək bişirsək, qadın kimi dadlı bir şey ortaya çıxara bilməyəcəyik. Hərənin öz sənəti var, kişinin kişi, qadının da qadın işi var. Bunlar belə gülünc açıqlamalar verməklə demək istəyirlər ki, guya biz də meydanda varıq”.