Həyat tərzi / Maraqlıdır

Azərbaycanda sarımsağın qiyməti fantastik həddə çatdı - SƏBƏBLƏR

Banu. | 3-03-2020, 12:48
128 0

Hazırda Azərbaycanda dükanlarda sarımsağın 1 kiloqramı üçün qiyməti 7,50-8 manat arasında dəyişir.
Hətta Azərbaycanda sarımsağın qiymətinin Rusiya və Türkiyə ilə müqayisədə eyni, bəzi yerlərlə müqayisədə isə baha olduğu bildirilir. Hər iki ölkədə sarımsağın 1 kiloqramının 5-6,50 manat arasında dəyişdiyi qeyd olunur.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli  açıqlaması zamanı bildirib ki, Azərbaycanda sarımsağın baha olmasına bir neçə səbəb var.
“Bahalaşmaya ilkin səbəb kimi Rusiyaya sarımsağın ixrac olunması, ikinci faktor koronavirusla bağlı psixoloji faktorun olmasıdır. Həmçinin bəzi işbazların vəziyyətdən istifadə edərək süni bahalaşma yaradırlar. Bundan başqa mövsümi olaraq hər il ölkədə az da olsa, qışda sarımsaq bahalaşır. Digər vacib faktor isə ölkədə kifayət qədər saxlanc yerlərinin olmamasıdır. Soğan, sarımsaq, turp kimi tərəvəzlər özlərindən qaz ifraz edirlər bu zaman qapalı yerdə ifraz edilən qaz tərəvəzin qabığını deşir. Bizdə təcrübələr olmuşdu ki, kartof üçün qurulan anbarda soğan saxlanılmışdı. Nəticədə də bütün məhsul xarab olmuşdu. Ona görə, elə texnologiya olmalıdır ki, bu qazlar saxlanc yerindən xüsusi yollarla xaricə çıxarılsın. Bizdə yetərli qədər sırf ixtisaslaşmış saxlanc yerləri yoxdur. Biz öyrəşmişik ki, məhsulu yığıb sataq”, - deyə Nicat Nəsirli bildirib.

Ekspertin sözlərinə görə, rəsmi rəqəmlərə əsasən Azərbaycanda 3800 hektarda sarımsaq əkilir ki, bu ərazinin də hər hektarından 10 ton məhsul əldə edilir. Ümumilikdə, 2019-cu ildə ölkə üzrə 39 min ton sarımsaq istehsal olunub. Bu da bu günə qədər olan ən böyük göstəricidir.
“Son illərin dinamikası göstərir ki, 2005-ci ildən sarımsaq əkininə, maraq artıb. Ən pik nöqtə isə bu ildir. Ölkədə 39 min ton sarımsaq istehsal olunub. Ən aşağı göstərici 2017-ci ildə qeydə alınıb. 2019-cu ildə sarımsaq istehsalı çox olduğundan bu il sarımsaq idxalı da artıb. Sözügedən dövrdə 700 ton sarımsaq ixrac etmişik, bu da sarımsağa görə elə də balaca rəqəm deyil”, - deyə Nicat Nəsirli bildirib.
Mütəxəssislərin sözlərinə görə, ölkəmizdən sarımsaq əsasən Rusiyaya, Gürcüstana, Ukraynaya, Türkiyəyə, Moldavaya, Belarusiya ixrac olunur. Hər il Rusiya Azərbaycandan 700 ton sarımsaq idxal edir. Bu ölkələrə ümumilikdə il ərzində 1700 ton sarımsq ixrac etmişik. Qarşılığında isə 2019-cu ildə xarici ölkələrdən 310 ton sarımsaq almışıq. Sarımsağı əsasən İran, Türkiyə və Çindən idxal etmişik. 300 ton sarımsaq idxalı Çinlə İranın, 10 tonu isə Türkiyənin payına düşüb.


“Aldığımız sarımsaqlar qeyri-mövsümdə olub. Həm də bu ölkələrdə sarımsağın maya dəyəri daha ucuz başa gəlir. Bu ölkələrdən əsasən konserva üçün sarımsaq alınıb. Əksəriyyəti 200 tonu konserva zavodları üçün alınıb. Son bir həftə ərzində bazarlarda baş verənləri müşahidə etsək, kənd təsərrüfatı məhsulları arasında son bir ayda ən kəskin bahalaşan sarımsaqdır. Fevral ayının əvvəlində 3,25 manatla bazara daxil olan sarımsaq 7,50-8 manata satılır. Ölkədə sarımsaq istehsalı o qədər də aşağı deyil. 2018-ci ildə 45 min ton sarımsaq istehsal olunub. Ən çox ixrac 2019-cu ildə olub”, - deyə Nicat Nəsirli bildirib.
Ekspertin sözlərinə görə, qarşıdan Novruz bayramının gəlməsi və iki həftəlik İranla Azərbaycan sərhədinə məhdudiyyət qoyulması, heç də yaxşı hal deyil: "Çünki Novruz bayramının simvolu olan əksar məhsullar İrandan gətirilirdi. Bu məhsullar kifayət qədər stabil vəziyyət yarada bilər. Amma çoxları süni şəkildə bu vəziyyətdən istifadə edib qiyməti qaldırırlar. Amma 2 həfətən sonra İranla sərhəd açılacaq. Ona görə, çox güman ki, vəziyyət stabilləşəcək".“MediaPost”