Həyat tərzi / Maraqlıdır

Televizorla sevişirdim, onu çarpayıma uzadıb...

Banu. | 14-06-2019, 10:13
637 0

Pəncərədən yağan qara tamaşa edirəm. Hər yer yorğan çəkib başına. Küçələr, parklar, adamlar, səkilər, maşınlar.... Mənsə divarların arasında, dəmir barmaqlıqlar arasında qarı seyr edirəm. Uşaq vaxtı qar yağanda çox sevinirdim. Gecə hamı yatandan sonra ərinmədən aşağı düşür, məhəlləmizi bürüyən ağ örtüyün üzərindəki ayaq izlərini itirməyə çalışırdım. Çünki yenidən qarın yağacağına inanmırdım və insanların etinasızcasına qarı tapdalayıb onun gözəl mənzərəsini pozacağına uşaq çılğınlığı ilə əsəbləşirdim. Qarın yağmasına məhəllədə məndən çox sevinən, mutlu olan uşaq yox idi. Bu qarlı havada yadıma qızmar yay günü olan bir hadisə düşdü. Bir gün yayın istisində anamla bazara getmişdik. Əlimiz dolu yolu keçirdik ki, qəfil məni maşın vurdu. Yerə sərildim. Ayağım əzildi. Anam yerdə, gözlərində qorxu, təşvişlə məni qaldırmağa çalışırdı. Yolun ortasına kartof-soğan səpələnmişdi. Anamın köməyilə axsaya-axsaya yolu keçdik, birtəhər evə gələ bildik. Atam o vaxtlar siqareti tərgitmişdi. İşdən qayıdırdı. Binaya çatanda qardaşım "Oğuzu maşın vurdu" deyəndə ildırım vurmuşa dönüb, tez-tələsik pillələri qalxıb yanıma gəldi. Saçıma tumar çəkdiyi yadımdadır. Sonra qanrılıb qardaşıma əsəbi-əsəbi "get, papiros al" dediyi an. O gün atamın mənə olan sonsuz sevgisini duymuşdum. Sevgisini heç vaxt açıq-aşkar göstərmədiyindən mənə olan diqqətinə şaşırmışdım.
Qara baxırdım və xatırlayırdım...
...Bir dostum vardı, qolumda ondan bir xatirə qalıb, şüşə kəsmişdi. Zarafatlaşırdıq, birdən bu bədbəxt hadisə baş verdi. İstəmədən qolumu qırmızı rəngə boyamışdı. Hər dəfə qolumda o yara izlərini görəndə dostum yadıma düşür. Onu isə vərəm dünyadan apardı. Tanrı sevdiyi adamları yanına aparan kimi...
İnsanları bir-birinə xoş xatirələr bağlamır, bunu uşaqlığımdan öyrənmişəm. Onları acı xatirələr qədər heç nə bir-birinə bağlaya bilmir.
Xatirələr həyat kimi amansızdı, yaxamızdan yapışır, bizi beynimizin ən çıxılmaz küçələrinə atır. Hərdən deyirəm, kaş, beynimin qapağını açar, yaşadığım xatirələri torpağa basdırar, yenidən doğulmuş kimi, tərtəmiz yaddaşla yaşamağa qədəm qoyardım.
İnsan özünü tənha hiss edəndə xatirələrinə sığınır. Orda xatırlamaq istədiklərini yadına salır, görmək istədiklərinin xəyalını qurur. Bəs, görəsən, bizim içimiz boş, susuz səhra kimi olsaydı, xoşbəxt ola bilərdikmi? Yaddaşımız, içimiz kimsəsiz, həyatsız, işıqsız... Yox, yenə də xoşbəxt ola bilməzdik. Axı, biz darıxan, sevgiyə ac məxluqlarıq. Bəs o zaman, içimizdə yaşayanlara görə necə xoşbəxt ola bilirik? Yox, yenə də xoşbəxt ola bilmirik. Ona görə ki, xatirələrimiz əzab verir bizə, incidir bizi. Fikir verirəm, iki gənc bir-birilə söhbət edir, mövzuları uşaqlıq illəri. Yaxud iki qoca gənclik vaxtlarından bəh-bəhlə danışır, gülür, qüssələnir. Xatirələr qocalan beyinlərin söykəndikləri çəhrayı əsaya bənzəyir...
Mənim yaddaşım uşaqlığıma köklənib. Vaxtaşırı xatirələrimin küçələrində yağışlı gündə əlində top arıq bir oğlan qaçır. Nəfəsini dərmədən şütüyür. Onu heç cürə saxlaya bilmirəm. Uşaqlıq insanın vətənidir axı. Böyüdükcə o vətəndən uzaq düşsək belə, hər zaman içimizdə o vətənə bir həsrət yeri qalır. Hərdən də atamın işıqlı çöhrəsi göy üzündə peyda olur. Və mən eynən teatr tamaşalarındakı kimi onu seyr edirəm, saatlarca, günlərcə...
Yeməkxanadan səs eşidildi:
“Zavtrk hazırdı”.
Mən yaratdığım xəyal dünyasından qopub səs gələn tərəfə baxdım. Dəlilər bir nəfər kimi bufetə gedirdi. Eynən əsgərlər kimi sıra addımı ilə özü də....
Həmişə onların arxasında olurdum. Mənə elə gəlirdi ki, onlar bir ordudur. Mən də ordunun komandiri. İrəli, getdik.
Növbə zamanı dəlilər bir-birlərinə əl-qol atır, yola getmirdilər. Bizə şirin çay, azacıq yağ, kəsmik, bir də soyutma yumurta verirdilər. Dəlilərin içində bir nəfər hər səhər çayla, yumurta ilə hal-kef edirdi.
- Necəsən çay əmi? Yumurta əmi, toyuqla necə yola gedirsən?
Ona baxıb uğunurdum. Ancaq çayını, yumurtasını yeyəndən sonra ağlayırdı. Uşaqlar kimi hönkürürdü.
“Bağışla, yumurta əmi, mən səni yedim. Mənim günahım yoxdu. Hamısı mədəmə görədi.”
Adı Zaman idi onun. Dəlixanadakı bütün əşyalarla uzun-uzun söhbətlər edərdi. Hərdən günlərlə onun yanında oturar, danışdıqlarına qulaq asardım. Bir dəfə pəncərə ilə söhbətinə maraq saldım.
“Pəncərə qardaş, bezmədin açılıb örtülməkdən? Bəlkə düşəsən aşağı, mənim yerimə yaşayasan. Mən də dəli olmaqdan bezirəm. Yekə, kişisən eşitmirsən məni? Deyirəm, düş aşağı, adam ol. Mən sənin kimi tez-tez açılıb örtülmərəm. Bütün günü küçələrə, gəlib keçən adamlara baxaram. Ehh, sən çox oldun haa...” - pəncərəni yumruqlayır.
Qəfil pəncərə şüşələri əlini doğrayır. Səs-küyə sanitar gəlir. Başına vura-vura onu aparır. Son cümləsi belə olur:
“Əşşi nə dedim ki, e sənə. Dedim insan ol da, demə sən həyatından razı imişsən. Əcəb işdi.”
Zamiq 20 yaşında ağlını itirib. Mebel ustasının yanında işləyirmiş. Günlərin bir günü ustaya deyir ki, gecə sexdə qalacam. Atamla dalaşmışam. Usta razı olmasa da Zamiq onun qılığına keçir. Gecə nəşə çəkməyə başlayır. Çəkir, kayfa düşür. Sexdən çıxır. Gecənin bir aləmi küçələrdə veyllənir. Dünya onun gözlərində rənglənir. Küçənin döngəsində üç-dörd nəfər quldur qabağını kəsir. Ciblərini eşələyirlər, qalan 10 manatını götürürlər. Telefonu vermək istəməyən Zamiq o ki, var döyürlər, başını asfalta vururlar, dəfələrlə.
Səhər gözünü açanda görür bir parkdadı. Başından dəhşətli ağrılar gəlir. Bu ağrılar getdikcə şiddətlənir. Həkimə getməyə pulu olmur. Birtəhər sexə gəlir. Usta onu görüb təlaşlanır. Tez maşını ilə ailəsinin yanına aparır. Zamiqin atası olanlardan ustanı günahkar görür. Ona ağzına gələni deyir, evdən də qovur. Hiddətdən gözlərindən alov çıxan ata Zamiqi döyməyə başlayır. Başına qapazlar vurur. Oğlan huşunu itirir. Ata peşman olub təcili yardıma zəng edir.
Zamiq ayılanda atasını tanımır. Xəstəxanada olan əşyalara diqqət kəsilir. Çarpayı ilə danışmağa başlayır. Atası oğlunun halına yansa da iş işdən keçmişdi. Çar-naçar onu dəlixanaya aparırlar.
Zamiq o gündən dəlixanadakı bütün əşyalarla dostlaşdı. Onun heç kimi yoxdusa, saysız-hesabsız əşya dostları vardı.
Zamiq bir gün mənə yuxusunu nağıl elədi. Məgər o da yuxularında dəlixananı həbsxana kimi görür.
“Həbsxanada qaldığım bu on bir il artıq boğazıma dirənmişdi. Tezliklə burdan uzaqlaşmaq, başqa yerlərə getmək barədə hər gün fikirləşirdim. Amma burdan necə çıxacağımı bilmirdim. Demək olar ki, hər gün həbsxananı nəzərdən keçirirdim. Bufetin arxasındakı boruya oxşayan yerdən başqa heç yerdən bayıra çıxış yox idi.
O gün uşaqlarla plan hazırlayırdıq. Aramızda olan ən böyük dustağın fikirləri mənim ağlıma batmışdı. O deyirdi ki, bufetçiyə bir az pul versək o bizi həmin borudan bayıra çıxarmağa kömək edəcəkdir.
Axşam fəaliyyətə keçdik. Həbsxanada dustaqlar kimi növbətçilər də xor-xor yatmışdı. Müdirin otağı da bağlı idi. İçəridən səs-səmir gəlmirdi. Bufetə daxil olub tezliklə bu işi həyata keçirməli idik.
Bufetin içi zil qaranlıq idi. Birdən aramızda olanlardan birinin ayağı qırılmış parketlərin birinə dəydi və səs zil qaranlıq olan bufetin hər tərəfindən eşidildi. Az sonra bufetçinin səsi eşidildi.
- Kimdi orda?
- Bizik xala, sakit ol. - Aramızdakı ən böyük olan dustaq cavab verdi.
- Siz kimsiniz, ə? - Xalanın zəhimli səsi yenə eşidildi.
- Dustaqlar da, xala! Tanımadın?
- Nə istəyirsiz?
- İşığı yandır, yanıva gələk, hər şeyi sənə başa salarıq.
- Yaxşı... - Bufetçi xalanın bu sözündən sonra biz ayaq səslərindən başqa heç nə eşitmədik. Sonra ətraf işıqlandı. Artıq xalanın başına bağladığı şalını, dəyirmi qarnını və zəhimli baxışlarını aydın görmək olurdu.
Biz tez onun yanına tələsdik. Bufetçi oturduğu bir taxtası qırıq stuldan ayağa qalxıb:
- Nədi? Yemək istəyirsiz? - deyə soruşdu.
- Nə yemək, xala? - mən dilləndim.
- Onda gecənin bu vaxtı, yuxumun şirin vaxtında hay-küylə nə bufetə gəlmisiz? Yerin kameravıza.
- Sən canın xala, şüvənlik eləmə. Sənnən vacib işimiz var. Bizə kömək eləsən ömür boyu sənə minətdar olarıq. - Lap əsirliyə düşmüş insanlar kimi xalaya yalvarırdıq.
Deyəsən, xala da halımızı başa düşdü. Zəhimli baxışları, qaş-qabaqları açıldı. Sakit, yumşaq xasiyyətli bir qadın görkəmi aldı.
- Yaxşı, kömək eləyərəm. Nə istəyirsiz?
- Xala, biz qaçmaq istəyirik.
- Necə? Necə? Başınız xarab olub?
- Xala, yavaş, nə qışqırırsan, sənə dedik ki, bizə kömək elə, tay demədik ki, şüvənlik eləyib hamını oyat.
- Qaçmaq nədi bəs, ə?
- Xala, özün yaxşı bilirsən ki, həbsxanadan bircə çıxış var o da bufetin yanındakı yerdən.
- Hə, nə olsun ki?
- Nə olsun nədi? Sən bizi burdan çıxart nə istəyirsən verərik.
- Ə, mən yaxşılığı eləyəndə nəsə istəmişəm? - Bufetçi özünə xas olmayan bu hərəkəti ilə bizi yaman təəccübləndirdi. Axı, biz onu həmişə zəhimli, ifritə və deyingən bir arvad kimi tanımışdıq. İndi buna nə oldu görəsən?
- Sağ ol, xala, Allah balalarını saxlasın. - dedik.
- Siz də sağ olun. - Xala bunu deyib bufetdən o yana-divara bitişik borunun yumru qapısını açdı və:
- Di tez olun, gedin.
Biz bir-bir başımızı borunun içinə salıb özümüzü bayıra atdıq. Hər çıxanda da xalaya dərin minnətdarlığımızı bildirirdik. O isə əsəbi-əsəbi:
- Az danışın, ə, onsuz da məni işə saldız. Sabah müdirə nə deyəcəm? Amma ürəyim də dözmədi. Siz də mənim balalarımsınız.
Xalanın səsi burda kəsildi. Deyəsən, qəhər onu boğmuşdu. Bu gün bu bufetçiyə nə olmuşdu, görəsən?
Yol boyu danışa-danışa qaranlıqların içərisindən irəliləyirdik. Hər an bir polis maşını ilə üzbəüz qalacağımızdan yaman qorxurduq. Sonra bir yerdə ayrıldıq.
Mən dolanbac yollarla məhəlləmizin düz bərabərində dayandım. Azad olmaq necə də gözəl imiş!
Evə girəndə anam gözünü bərəldib, əllərini kürəyinə qoyub hirsli-hirsli mənə baxırdı.
- Ə, niyə belə tez gəlmisən? - Anam soruşdu.
- Nə?
- Ə, yeri dərsə.
- Nə dərsə?
- Başın xarab olub ə, sənin, yeri deyirəm dərsivə. Bu saatda da durub gəlib.
Daha heç nə demədim. Qapını çırpıb evdən çıxdım. Yol boyu düşünürdüm ki, azadlığa çıxdığım yerdə düşdüyüm işə bir bax. Sən demə həbsxana hələ qabaqdaymış. İrəlidə isə qara buludların əhatə etdiyi, adamı vahiməyə salan, uca dəmir barmaqlıqlar arasında yerləşən dəlixanamız görünürdü.”
- Yuxunda nə yaxşı ananı görürsən?
- Həə, anamı tez-tez görürəm. Bir də çoxlu əşya görürəm. Danışım?
- Nəyi?
- Televizorla sevişirdim.
- O necə olur?
- Televizoru çarpayıma uzatmışdım. Oxşayırdım. Sonra öpüşməyə...
- Dayan, dayan. Başa düşdüm, daha danışma.
Onun bu mənasız söhbətinə dözümüm yox idi...
Qar hələ də lopa-lopa yağmağındaydı. Bu gün də beləcə gəlib keçirdi. Kimsəsiz, soyuq, günəşsiz. Amma mən qar yağanda xoşbəxt olurdum. Dəli olmaqdan çıxır, şıltaq bir uşağa çevrilirdim.

Oğuz Ayvaz