Həyat tərzi / Maraqlıdır

KÖHNƏ VAQONDAN BAŞLAYAN HƏYAT...

Banu. | 8-12-2016, 16:17
743 0

 
 

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması



İnsan həyatının ən qayğısız anları uşaqlıq dövrüdür. Problemlərdən uzaq, saf və təmiz uşaqlığımızı çoxlarımız həmişə nostalji hisslərlə xatırlayırıq. 

Lakin elə insanlar var ki, uşaqlıq illəri onlarınhəyatının ən ağrılı dövrünə, xatırlamaq istəmədikləri kədərli zamana təsadüf edir. Söhbət talelərinə atasız-anasız, internat evində böyümək yazılan məsum uşaqlardan gedir. Acı da olsa reallıq budur ki, əksəriyyətimiz uşaq evlərində məskunlaşan balacaları görməzdən gəlir, onların necə"yaşadıqlarının”, hansı səbəblərdən valideynsiz qaldıqlarının fərqinə varmırıq. Halbuki orada da həyat var, daim dəyişən qəmli-şirinli günlər biri-birini əvəz edir. Onlar da bir ailədir, amma sakinləri 4-5 nəfərdən yox, 50-60 nəfərdən ibarətdir, bəlkə də daha çoxdur.
Onların gözləri səhərin doğan günəşinə bir açılır, gecənin qaranlığına da bir yumulur. Kənardan
baxanda hər şey qənaətbəxş görünsə də, nə yazıq ki, internat uşaqlarının heç vaxt tamamlana
bilməyəcək bir tərəfləri var. Körpə yaşlarından həyatın sərt şilləsinə tuş gələn və bu zərbənin izini
ömür boyu hiss edən balaca ürəklərin natamamlıqları valideyn nəvazişindən uzaq düşmələridir.
Onlar həyatın ən gözəl çağlarını, uşaqlıq illərini yaşamadan böyüyürlər. Sadəcə valideyn
himayəsindən yox, sevgi dolu ailə mühitindən də məhrum olurlar. Haqqında danışdığımız bu həyat
heç kimin arzulamadığı bir yaşam tərzidir...

İsti ana qucağını, ata qayğısını əvəz edən məkan yoxdur...

Görəsən, kiçik yaşlarında uşaqlarını tərk edən valideynlər onlarla birlikdə öz vicdanlarını, insani
duyğularını da atdıqlarının fərqinə varırlarmı?! Yəqin ki, övladından imtina edən ata-analar
məsuliyyətsiz hərəkətlərinin körpələrdə ciddi travma yaratdıqlarını anlamırlar. Dərk etmirlər ki,
uşaqların özünə inamı azaldıqca, ruhunu kimsəsizlik duyğusu sardıqca həyatda mövqe tutmaları
çətinləşir, uğursuzluq yaşayırlar. Mütəxəssislərin də dediyi kimi, uşağa kənar yerdə göstərilən
münasibət nə isti ana qucağını, nə də ata qayğısını əvəz edə bilməz. Onlar nə qədər böyük qayğı və
diqqət ilə əhatə olunsalar belə, isti yuvaya, doğma ailəyə ehtiyac duyurlar. Ona görə də özünü dərk
edən hər bir şəxs həyatı ilə bağlı məsuliyyət daşımalıdır ki, onların cəzasını günahsız uşaqları
çəkməsin. Çünki bu cür hallar kimsəsiz uşaqların gələcəyinə, sosial fəaliyyətlərinə mənfi təsir
göstərir, yeniyetmələr ömür boyu psixoloji zədədən yaxa qurtara bilmirlər. Çox vaxt özlərini zəif,cəmiyyətdən təcrid olunmuş hiss edirlər. Uşaq Hüquqları Konvensiyasına görə, internatlarda
uşaqların yerləşdirilməsinə yalnız ən son halda, bütün imkanlar tükənəndən sonra yol vermək olar.
Amma təəssüflər olsun ki, çox hallarda ailə himayəsindən məhrum olan uşaqların internata
yerləşdirilməsinə son yox, ilk imkan kimi baxılır.

Yaşamaq üçün evləri, döyməyə qapıları olmur...

Kimsəsiz uşaqlarla bağlı ən böyük problem 18 yaşdan sonra internatlardan məcburən
uzaqlaşdırılmaları və sonrakı naməlum taleləridir. Yaşadıqları uşaq evlərini - öz seçimləri olmayan
müvəqqəti sığınacaqlarını tərk edəndən sonra ailə qayğısından məhrum olan yeniyetmələr bu azmış
kimi, üstəlik, məişət problemləri, maddi çətinliklərlə də üzləşməli olurlar. Gənc yaşlarında küçədə
qalaraq, acımasız həyatın tərs üzünü görürlər. Baxmayaraq ki, onlar uşaq olaraq yox, artıq yetişmiş
gənc olaraq həyatın ağuşuna atılırlar, lakin yenə də əzab-əziyyətlərdən qurtula bilmirlər. Ona görə
də əksər kimsəsiz gənclər müstəqil həyata qədəm qoyduqdan sonra ağır şəraitdə yaşamağa məcbur
olurlar. Çünki yaşamaq üçün üz tutmağa evləri, döyməyə qapıları, dolanışıqlarını təmin etmək üçün
iş yerləri olmur.. Bax, o zaman vəziyyət dözülməz olur. Sanki kiçik yaşlarında valideynləri
tərəfindən atılan uşaqları gənc yaşlarında dövlət və cəmiyyət də saxlamaqdan imtina edir. Şübhəsiz
ki, bu cür məcburi yaşam tərzi həyata min-bir ümidlərlə atılan yeniyetmələrin heç də ürəyincə
olmur. Valideyn himayəsindən məhrum olan, internatlarda böyüyən uşaqların sonrakı taleyi də
keşməkeşli olur. Üzləşdiyi çətinliklərə görə mübarizə əzmi qırılanlar, ailəsi ilə bərabər uğurlu
gələcəyə ümidlərini itirənlər hər maneədə büdrəyirlər. 18 yaşından sonra evlərini məcburi tərk edən
yeniyetmələrin sonraki aqibəti necə olur, cəmiyyətdə özlərinə yer tapa, həyatda sözlərini deyə
bilirlərmi? Əlbəttə ki, bu sualları ən doğru şəkildə talelərinə bəhs etdiyimiz həyatı yaşamaq düşən
insanlar cavablaya bilər. Elə bu məqsədlə ömür payına ata-anasız "böyümək” düşən, lakin ən ağır
şərtlərdə mərhəmətsiz həyata atılmasına baxmayaraq, əzmkarlığı sayəsində həyatda özünü
təsdiqləyən Əli Əlizadə ilə söhbətləşmək, dərdləşmək qərarına gəldik...

3-4 yaşı olanda valideynləri imtina edib

Valideynləri tərəfindən çox kiçik yaşlarında tərk edilən Əli gülərüz, mehriban bir insandır. Fələk
onu öz sevgisindən məhrum etsə də, Əli böyük ürəyi ilə ətrafındakılara sevgiylə baxır, şükürlü dili
ilə həyatda hər şeyə sahib olan nankor insanları utandırır.. Əli 1988-ci il martın 10-da Bakıda
dünyaya gəlib. Dediyinə görə, hardasa 3-4 yaşı olanda valideynləri tərəfindən imtina edilərək,
körpələr evinə təhvil verilib. Bir müddət burada qaldıqdan sonra 1 saylı uşaq evinə göndərilib.
Həmsöhbətimiz bildirib ki, 2001-ci ildə dəcəl olduğuna görə, onu Maştağa qəsəbəsində yerləşən
ümumtəhsil internat məktəbinə göndəriblər: "2006-cı ildə həmin müəssisəni tərk edəndən sonra bir
il ərzində 13 nömrəli Bakı Peşə məktəbində təhsilimi davam etdirməli oldum. 2010-cu ildə 6 aylıq
foto-jurnalistika kursunu bitirdim. Daha sonra Moskva Dövlət Sosial İnsitutuna qəbul olsam da,
müəyyən səbəblərdən oxuya bilmədim”. Əli çəkisi az olduğu üçün hərbi xidmətə göndərilmədiyini
deyib: "2013-cü ildə Neft Şirkətinə sənədlərimi verdim. Amma hərbi xidmətdə olmadığım üçün
sənədlərim qəbul olunmadı”.

"İnternatı tərk edəndən sonra bir il küçədə qaldım...”

İnternat "məzunu” bildirib ki, uşaq evlərində, məktəblərdə dövlətin qayğısını yaxşı, ya da pis
formada hiss edə bilib. Ancaq məktəbi bitirəndən sonra bir çox məhrumiyyətlərlə üzləşib: "Yerliicra hakimiyyətləri bizim kimi gənclərlə maraqlanmırdı. Qanuna əsasən, məktəb rəhbərliyi məzun
olmağımıza 3 ay qalmış icra hakimiyyətinə hesabat verməliydi ki, bəs bu qədər gənc internat, yaxud
uşaq evini bitirəcək. Yerli icra orqanları da verilən hesabata görə, sahibsiz gənclər üçün bir şərait
qurmalı idi. Amma heç bir dövlət qurumu bu məsuliyyəti öz üzərinə götürmədi. Mən özüm internatı
bitirdikdən sonra sözün əsl mənasında bir il küçələrdə qalmalı oldum. Çünki nə qalmağa evim, nə də
ki anam-atam vardı.
Hara gedim, necə edim, kimi suallarla başımı işlətməyə çalışırdım. Nəhayət, internat məktəbinin
yanında sovet dövründən qalmış köhnə bir vaqon tapdım. Eləməyib tənbəllik, oranın içini, çölünü
necə lazımdırsa, təmizlədim. Mənim ilk azad həyatım yay ayına təsadüf etdiyinə görə, yaşamağım
üçün o qədər çox şey tələb olunmurdu. Bircə mənə lazım olan o idi ki, nə olursa-olsun, qarnımı
doydura bilim...
 

 
"Qaldığım yeri görəndə göz yaşlarını saxlaya bilmədi”

Yaşamını sürdürməyə çalışan kimsəsiz Əli fərqində idi ki, qarnını doydurmaq üçün hardasa işləyib
pul qazanmalıdır. Ona görə də əlindən gələn hər işi görməyə çalışırdı: "Hər gün dükanların
zibillərini atırdım, bağ evlərinə gedib ot biçirdim. Bu minvalla özümü birtəhər dolandırırdım. Artıq
küçələr mənim evim və işim idi, çox rahat idim. Heç kim başımın üstündə durmurdu, məni narahat
etmirdi.. Bir gün internatda dərs deyən müəlliməm məni çöldə görüb, nə işlə məşğul olduğumu
soruşdu. Söhbətləşdikdən sonra qaldığım yeri görmək istədi. Mən çox çalışdım ki, qaldığım "evi”
ona göstərməyim, amma israrı qarşısında məcbur oldum. Qaldığım yeri görəndə müəlliməm göz
yaşlarını saxlaya bilmədi. Əşyalarımı götürüb onların evinə köçməyim üçün məni dilə tutdu.
Müəlliməm xasiyyətimə bələd idi, yaxşı bilirdi ki, xoşluqla onlara gedəsi deyiləm. Ona görə də
getməyim üçün çox israr edirdi. Uzun çək-çevirdən sonra razı oldum və 7 il onların evində qaldım.
Mən ailə nə olan şeydir, o zaman öyrəndim. İnternatı qutarandan sonra Allah mənə bu cür xeyirli
qapı açdı. Çox aktiv gənc olduğum üçün insanların qəlbinə tez yol tapa bilirdim. İşlə bağlı ciddi
problemlərim olmasa da, müəyyən axsamalar olurdu. Məncə, bu, hər insanda olur. Hazırda təhsil
şirkətində çalışıram. Vəzifə öhdəliyim isə təşkilat və təchizat icraçısıdır. Normal bildiyimiz savadlı
adamların belə işlərində çətinlik olur”. Müsahibimiz hələlik subay olduğunu söyləyib. Təbii ki, o da
hər gənc kimi ailə sahibi olmağı düşünür: "Bir deyim var, deyirlər tez duranla, tez evlənən uduzmaz.
Amma mən hesab edirəm ki, ailə məsələsi olduqca ciddi mövzudur. Ona görə də ailə qurmağa
tələsmirəm. Bu məsələdə əsas prinsipim - qarşı tərəflə ortaq fikrə sahib olmaqdır”.

"Öz valideynimiz bizi atıbsa, cəmiyyətdən nə gözləyək?!”

İnternatı bitirmiş valideynsiz yeniyetmələr əsasən kənar insanların onlara qarşı olan biganəliyindən,
soyuq münasibətindən narazılıq edirlər. Ya da əksinə, internat uşaqlarının özlərini cəmiyyətdən
təcrid etdiklərini iddia edirlər. Amma Əli bu barədə digərlərindən fərqli düşüncə ortaya qoyub və
mövcud stereotipləri dağıdıb: "Əgər bir insan isti ailə yuvasından məhrum edilibsə, yəni öz
valideynləri belə onu tərk edibsə, o adam cəmiyyətdən nə gözləyə bilər axı? İnternatı bitirmiş
gənclərimiz, qarşı tərəfin nə qədər səmimi olub-olmadığını çox yaxşı bilirlər. Çünki həyat artıq
onlara tərs üzünü göstərib, öz şilləsini vurub. Məncə, diskriminasiyanı əslində cəmiyyət özü yaradıb.
Axı kim öz ayranına turş deyər? Təbii ki, heç kim. İnanın səmimiyyətimə, əgər siz onlara qarşı
mehriban olsanız, heç də aqressiv münasibət görməyəcəksiniz. Bu stereotip fikirlər dar düşüncəli
insanlara xas əlamətdir. Məhz bu cür fikirləri insanların beynindən çıxartmaq üçün 2009-cu ildə 5internat gənci tərəfindən bir şəbəkə yaradıldı. Şəbəkə "SOS” Uşaq Kəndlərinin nəzdində yarandı və
adını da "Gənclərin Güvənc Körpüsü” qoyduq. Bu şəbəkənin əsas iş prinsipi, internat və uşaq
evlərini tərk etmiş gəncləri bir araya yığmaq və onların problemini həll etmək idi. Şəbəkənin iş
fəaliyyəti o qədər aktivləşdi ki, yaxın 6 ay ərzində 300-ə yaxın üzvümüz oldu. Gənclərimizin azad
həyata adaptasiya olması üçün onların peşə bacarıqlarını üzə çıxardır, təhsillərini davam etdirmək
üçün pulsuz kurslar təşkil edirdik. Eyni zamanda şəbəkə tərəfindən səhiyyə ilə bağlı çekap
müayinələr təşkil olunurdu”.

Kimsəsizlər Allahın digər bəndələrinə əmanətidir

Həmsöhbətimiz son illərdə internatdan çıxan gənclərin dövlət tərəfindən evlə təmin olunmasını
təqdirəlayiq hal hesab edib və bu ənənənin davam etdirilməsini arzulayıb: "Allaha şükürlər olsun ki,
artıq bu məsələ öz həllini tapmaqdadır. Dövlətimiz bu vaxta kimi 190 internat məzununu evlə təmin
edib. Proses hələ də davam etməkdədir. Bu yaxınlarda internatı bitirən gənclər üçün əlavə 120
mənzil tikilib və artıq onlara təhvil verilib. İnşallah, dekabrın sonunda gənclərimiz o mənzillərə
köçəcək. Deyilənə görə, artıq üçüncü binanı tikməyə başlayıblar.

Əli kimi atasız-anasız böyümək məcburiyyətində qalanlar, ömürlərinin ən təmiz, ən parlaq dövrünü
uşaq evlərində, internat məktəblərində başa vuranlar çoxdur. Əli öz ağlı, əzmkarlığı, bir az da şansı
sayəsində həyata tutunmağı bacarıb, qarşısına məqsəd qoyub, peşə sahibi olub. Amma həyatın
ağuşuna atıldıqdan sonra özünə cəmiyyətdə yer tapa bilməyən, yaşam mübarizəsində uduzan, təslim
olan yüzlərlə internat məzunları da var. Əfsuslar olsun ki, biz onların fərqində deyilik. Anlamırıq ki,
ana qucağı, ata nəvazişi görməyən yeniyetmələr dövlətlə yanaşı, cəmiyyətin də diqqət və qayğısına,
hörmət və sevgisinə ehtiyac duyurlar. Dinimiz buyurur ki, kimsəsizlər, yetim böyüyənlər Allahın
digər bəndələrinə əmanətidir. Məhz ona görə də sahibsiz insanları himayə etmək, onların
ehtiyaclarını ödəmək, haqq və hüquqlarını qorumaq bütün insanların vəzifəsi, vicdan borcudur.
Unutmayaq ki, kimsəsizlərə yaxşılıq etmək nə qədər böyük savabdırsa, onları xor görmək, haqlarını
yemək də o dərəcədə təhlükəli və günah bir işdir.

İsmayıl Qocayev