Həyat tərzi / Maraqlıdır

"Bətnimdəki 4 aylıq körpəm şəhid atasının adını daşıyacaq..."

Banu. | 12-04-2016, 21:30
3 468 11

 

3 şəhid ailəsinin tək bir istəyi. Qanları yerdə qalmasın. İşğal altında olan bütün torpaqlarımız azad olunsun. 

(Qəhrəman şəhidlərimizi daha yaxından tanıyaq)

Füzuli rayonun Əhmədalılar kəndinə alatoranlıqda çatdıq. İri yas çadırının girişində Azərbaycan bayrağı və şəhidimizin şəkli asılmışdı. 

Axşam saatları olsa da, hələ də şəhidin ailəsinə ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. İçərində aram-aram şəhidin ruhuna oxunan Quran ayələri qaranlıqda əks-səda verirdi: "Ya rəbbim, şəhidimiz Orxan Həmidovun ruhuna oxunan dualarımızı qəbul elə...”. "Amin !!!” sədaları toplumdan qopur. Hamı qəhrəman şəhidimiz Orxan Həmidovun göstərdiyi qəhrəmanlıqlardan, düşmənə verdiyi layiqli cavablardan danışırdılar.

Lələ Təpədə hərbçi dostlarının şəhidimizlə bağlı, onun qəhrəmanlıqları ilə bağlı söylədiklərini danışırıq qəhrəman qardaşımızın ailəsinə və ziyarətə gələnlərə. Qadınların olduğu evə doğru addımıayırıq. Şüşəbəndin girəcəyində bizi qəhrəman şəhidimiz Orxan Həmidovun elə qapının yanındaca yatan balaca oğluyla qarşılaşırıq. Aglamaqdan qızarmış gözləri və yanaqları səyriyir. 

Yanıüstə, dizlərini qarnına büküb, yuxuya gedib. Təəccüblə "Soyuq olar, niyə burada yatır”-, deyə narahatlığımızı bildiririk. Dərddən büzüşən anası dedi ki, atasının şəhid xəbəri gələndən ailə üzvlərinin heç biriylə danışmır. Göz qapaqları öz-özünə yumulanadək oturduğu yerdən tərpənmir.

Onu bu inadından heç kim döndərə bilmir. Deyir ki, bilirəm, atam gələcək , onu gözləyirəm. Atam gələcək yenə məni qucağına alıb yatağıma aparacaq... Artıq 10 gündür ki, şəhid oğlu inadla, ölumün açığına atasının yoxluğunu qəbul edə bilmir. Anası deyir ki, hər gün belədir: "Gözləyirik tam yuxuya keçsin, sonra yatağına aparırıq”.

Orxanın anası çox çətinliklərlə böyüdüb qəhrəman oğlunu. Haqqında danışdıqca, xatirələri çözələnir, gözləri dolur. Amma ağlamır şəhidimizin anası. Deyir ki, oğlu ona və ailəsinə layiqli övlad olub. Hələ erkən yaşlarından çalışaraq anasına, ailəsinə dəstək olub. Anası Orxanın son döyüşündən də danışır.

O, Lələ Təpə uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Sanki, geri qayıtmayacağını bilirmiş. Aprelin 1- i axşam saat 21.23-də yaxınlarına bir mesaj gəlir: 

"Hamınız bizdə qalın...”. Bundan sonra telefonuna zəng çatmır. Bir neçə saat sonra nədən bu mesajı yazdığının səbəbi ailəyə tam aydın olur. Az keçmir ki, ətrafı uzaqvuran top səsləri bürüyür. Kənd sakinləri döyüş gedən ərazi tərəfə boylanıb nə baş verdiyini anlamağa çalışır. Qarşıdakı saatlarda nəyin baş verəcəyini bilən Orxan isə torpaqlarımızı azad etmək uğrunda vuruşarkən hər an şəhid ola biləcəyinin fərqindəydi. Məhz, buna görə də ala biləcəkləri ağır xəbərdən ailəsinin sarsılmasını istəmirdi.

Orxan Həmidov işğal altında olan torpaqlarımız uğrunda qəhrəmanlıqla döyüşür, düşmənə layiqli cavab verir və şəhidlik zirvəsinə ucalır. "Vətən sağ olsun!”-, deyir anası, xanımı və bütün ailəsi... Övladını min bir çətinliklə böyüdən ananın, onun mərdliyi və mətanəti qarşısında baş əyirik. Şəhid ailəsinin yalnız bir istəyi var. Şəhidlərimizin qanı yerdə qalmasın...
Gözləri qapıda hələ də atasının yolunu gözləyən şəhid oğlu isə hərbiçi olacağını, düşməni mənzilinədək qovacağını, işğal altındakı torpaqlarımızda özünə yurd yeri seçəcəyini deyir... Şəhid oğlu anlayır ki, atası artıq təkcə onun deyil, millətin də qəhrəmanıdır və o atası ilə qürur duyur, fəxr edir. Hamımız fəxr edirik. Nur içində yat qəhrəman qardaşımız.

... Qəhrəman şəhidimizin ailəsindən ayrılıb digər bir şəhidimizin ailəsini ziyarətə yollanırıq. Çoxlu adamlar var. Tanıyanlar, tanımayanlar. Hamı qəhrəman övladının ailəsinin yanında olmağı özünə borc bilir. Anasız böyüyüb qəhrəman şəhidimiz Əlvan Hüseynov... Nənəsinin yanında böyümüşdü. Nə qədər ağır olsa da, "Vətən sağ olsun!” -, deyən bu yaşlı nənənin mərd, mətamətli duruşu qarşısında baş əyirik.

Qabarlı əllərini öpüb "Allah sizi kimi ana-nənələri bol etsin, bu Vətəndə "-, deyirəm.Ailə üzvləri ilə söhbət edirik. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək olub Əlvanın. Hər zaman bundan danışarmış. Bu ailədə döyüşən çox insan var. Qardaşı, yaxın qorumlarının bir neçəsi də həyatını hərb sahəsinə bağlayıb. Yaşlı nənə Vətən sağ olsun deyir. 

Müəllimləri və kənd camaatı oxuduğu məktəbin onun adını daşımasını istəyir . Əlvanın qəhrəmanlıqlarından danışır hər kəs. Onun Vətən sevgisindən... Biz də doyüş yoldaşlarından Əlvan haqqında, onun necə mərd, qorxmaz, Vətənini dəlicəsinə sevən bir insan olması barədə eşitdiklərimizi danışırıq ailəsinə və ziyarətə gələnlərə. Vətən sağ olsun deyən bu qəhrəman şəhidimizin ailəsinin də yalnız bir istəyi olur. Şəhidlərimizin qanı yerdə qalmasın...

Bu rayondan olan şəhidlərimiz bir-birinə yaxın kəndlərdə yaşayıblar. Ona görə də qəhrəman şəhidlərimizdən Səyyar Quliyevin ailəsinə yollanırıq. 

Yenicə evləndiyi həyat yoldaşı isə sanki donub, heykəlləşib. Nə dinir, nə danışır, hələ də xəbərin şokunu yaşayır. Bətnində sevdiyi həyat yoldaşının 4 aylıq körpəsini daşıyır. Yaxın zamanlarda doğulacaq ilk övladı atasını görmədən dünyaya gələcək. Atalı-analı körpələr kimi dünyaya gəlməsə də, şəhid övladı tituluna artıq sahiblənib. O, bu dünyaya qəhrəman şəhidin övladı olaraq gələcək, bir ömür bundan qürur duyacaq... 

Şəhidimiz Səyyar Quliyevin anası artıq nəvəsinin adını yəqinləşdirib. 5 ay sonra dünyaya gələcək körpə şəhid atasının adını daşıyacaq - Səyyar! Bir Səyyarı Vətən üçün şəhid verən ana gənc gəlninə ikinci Səyyarı böyütməyə kömək etmək üçün Allahdan möhlət istəyir. "Balamın balasını özünə, Vətənə layiq övlad kimi yetişdirəcəm”-, deyir. Ziyarətə gələnlər Səyyarın necə qəhəman oğul olduğundan danışırlar. Həmkəndliləri, qohumları, yaxınları onun Vətənə sevgisindən, torpaqlarımızı işğaldan azad etmək istəyindən, ailəsinə göstərdiyi diqqət və qayğıdan danışırlar....

Şəhid alələrinə baş çəkib onlardan ayrldıqdan sonra aldığım təəssüratı sözlə ifadə edə bilmirəm. Şəhid ailələrinin hamısı "Vətən sağ Olsun!” -, deyirlər və yalnız bir istəkləri olur. Şəhidlərimizin qanı yerdə qalmasın.

Torpaqlarımızın hamısı düşmən işğalından azad olunsun. O gün balalarımızın ruhu şad olacaq, sakitlik tapacaq deyirlər. Biz isə inşallah o gün uzaqda olmayacaq deyirik. Nur içində yatsın bütün şəhidlərimiz!


Nergiz love | 14 aprel 2016 16:31 | Status: Professional user | Şərh: 7 871
Allah sebr versin ailerne ermenilerinde kokleri kesilsin tezlikle amin
SEVDA | 13 aprel 2016 14:24 | Status: Nəzarətçi | Şərh: 17 437
Oxuduqca adamìn úreyi param-parça olur...
Allah rehmet elesin...
ESMERRi | 13 aprel 2016 12:47 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: ɢüмüş
Allah sehidlerimize rehmet elesin. Balaca Seyyar bala insAllah sag salamat dunyaya gelsin. Atasina layiq ovlad olsun. O hemise yadinda saxlayacaqki Azerbaycan xalqinin qehramanin ovladidir.
guel | 13 aprel 2016 08:44 | Status: VİP user | Şərh: 475
Allah sehidlerimize rehmet elesin. Balaca Seyyar bala insAllah sag salamat dunyaya gelsin. Atasina layiq ovlad olsun. O hemise yadinda saxlayacaqki Azerbaycan xalqinin qehramanin ovladidir.
nurane nurane | 13 aprel 2016 07:46 | Status: VİP user | Şərh: 1 014
Sitat: boris arxan
wehid xeberlerin oxuduqca nefesim daralir
boris arxan | 12 aprel 2016 23:44 | Status: Professional user | Şərh: 4 783
wehid xeberlerin oxuduqca nefesim daralir
Hali | 12 aprel 2016 23:29 | Status: VİP user | Şərh: 484
Allah sebr versin ailesine.çox çetindi.
GULYA-N | 12 aprel 2016 23:22 | Status: VİP user | Şərh: 758
Off bele xeberleri eşidende adam az qala deli ola.
Gulus. | 12 aprel 2016 22:48 | Status: Professional user | Şərh: 2 436
Sitat: B.Fereh
Allah rehmet elesin:(((
dılay | 12 aprel 2016 22:19 | Status: Brilliant user | Şərh: 8 182
Her burinin heyati urey parcalayandir..Allah rehmet etsin.
B.Fereh | 12 aprel 2016 22:05 | Status: Nəzarətçi | Şərh: 6 971
Allah rehmet elesin:(((