Həyat tərzi / Maraqlıdır

Dünyanın uşaq siyasəti…

Banu. | 10-12-2015, 09:32
2 144 8

İnkişaf etmiş ölkələr uşaqlara maaş verir, Azərbaycanda isə körpələrə “hesab” qoyurlar Yopnlar 5 uşaq dünyaya gətirib, dövlətdən hər il 36,500 manat alırlar
Müxtəlif ölkələrdə dövlət valideynlərə uşaqlarını tərbiyə etmək üçün müəyyən imtiyazlar və ya maddi yardım edir. Ehtiyaclar müxtəlif cür anlaşılır: bəzi ölkələrdə dövlət dəstəyi tənha valideynlər, digərində çoxuşaqlı ailələr, üçüncülərdə aşağı gəlirli ailələrə hədəflənir. Ölkələrin uşaqlarla bağlı siyasəti onlara göstərdikləri diqqətdən, ayırdıqları müavinətdən bəllidir. Yeni doğulan və 18 yaşına qədər olan uşaqlara dövlətlərin imtiyazları müxtəlifdir. "Bizim Yol" qəzetinin bu dəfəki araşdırma hədəfi uşaqlara olan münasibətdir.

Azərbaycanda anası işləyən uşağa 3 yaşa qədər 15 manat "mükafat"

Özümüzdən başlayaq. "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 72-ci maddəsində yazılır ki, hamiləliyə və doğuma görə müavinət bütün hallarda bu Əsasnamənin 28-ci bəndində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə hamiləliyə və doğuma görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir. Buna aydınlıq gətirək. İstinad olunan 28-ci maddədə isə qeyd olunur ki, əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə məzuniyyət üçün verilən müavinət sığortaolunanın faktiki qazancından hesablanır. Bu zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında əmək şikəstliyinə, peşə xəstəliyinə, hamiləliyə və doğuma görə məzuniyyətdən başqa qalan bütün hallarda iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əmək haqqı alanlar üçün vaxtamuzd, işəmuzd əmək haqqı alanlar üçün isə işəmuzd əmək haqqı) məbləğindən artıq olmamaq şərtilə faktiki qazanc nəzərə alınır və müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz. Vəzifə maaşı və ya tarif dərəcəsi almayan işçilərə, bu Əsasnamədə nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əmək haqqı, səlahiyyətli orqanların göstərişi üzrə (Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və həmkarlar təşkilatları orqanları) müvafiq peşə və ixtisasa malik işçinin əmək haqqına uyğun olaraq nəzərə alınır. Göründüyü kimi anlaşılmır. Ona görə xalq dilində izah edəcəm. Bizdə faktiki işləyən ana analıq məzuniyyəti dövründə hər ay üçün 20 manat müavinət alır. Əgər uşağı 1,5 yaşa çatanadək ana evdə oturarsa, yenə də eyni müavinət, 3 yaşadək isə 15 manat ödənilir. Bu yardım işləməyən analara şamil olunmur. Ananın işləyib-işləməməsindən asılı olmayaraq doğulan uşağa görə birdəfəlik müavinət 75 manatdır. Bizdə nə qədər ki, özünə maaş tələb edən deputatlar var və hər il onların tərkibi olduğu kimi qalacaq, uşaqlarımızın da qiyməti 15-20 manat olacaq. Hələ mən onların uşaqlar haqqında "100 manat ver, dərsə gəlmə", qərarından danışmıram. Bununla da bizim uşaqlarımıza olan diqqətimiz bəlli olur. Azərbaycanda ehtiyaclar əksərən müəyyən analitik hesablamalara əsaslanmır, büdcəyə görə müəyyənləşir desəm, yəqin iqtisadi səhv buraxmaram. Hər halda mənim müşahidəm belədir ki, müavinətlər ehtiyacları qarşılayacaq həddə deyil.

Almaniya üç uşağa 558 avro aylıq müavinət, 300 avro "konfetpulu" verir

Gələk başqa ölkələrin təcrübələrinə. Qonşu Türkiyədən başlayaq. Türkiyədə yeni doğulan uşağa görə 300 TRY (108,27 AZN), ikinci uşağa 400 TRY (144,36 AZN), üçüncü və sonrakılara 600 TRY (216,54) birdəfəlik yardım edilir. Qız uşaqlarına 18 yaşına qədər 55 lirə, oğlanlara 50 lirə verilir. Digər qonşumuz Rusiyada anadan olan 1-ci uşağa görə 1,5 yaşına qədər minimum 2718,35 rubla bərabər müavinət düşür. Mərkəzi Bankın bugünkü məzənnəsində 1 rus rublu 0,0152 AZN-ə bərabər olduğunu nəzərə alsaq, müavinətin həcmi 178,83 manatdır. 1,5-dən 3 yaşa qədər aylıq kompensasiya 50 rubldur, yəni 3,28 manat, 2-ci uşaq üçün doğumdan 1,5 yaşa qədər minimum 5436,67 rubl (357,67 AZN), 1,5-3 yaş arası yenə 50 rubl aylıq müavinət ödənir. Bu zaman 453026 rubl (6,885 AZN) da analıq kapitalı deyilən birdəfəlik yardım verilir. Üçüncü və sonrakı uşaqlar dünyaya gələrkən 1,5 yaşa qədər 5436,67 rubl, 1,5-3 yaş arası 50 rubl aylıq müavinət və 3 yaşına qədər yaşayış minimumu şəklində regional aylıq ödəniş edilir. Əvvəlki uşaq üçün analıq kapitalı ala bilməyənlər, üçüncü övladlarında bunu gerçəkləşdirə bilərlər. Bəzi bölgələrdə üçüncü uşağa görə analıq kapitalı ilə bərabər ev tikintisi üçün torpaq ayrılır. Ölkədə minimum əməkhaqqı məbləği 5965 rubldır.

İnkişaf etmiş ölkələrin təyin etdikləri müavinətlər büdcənin həcminə görə deyil, yaşayış minimumu nəzərə alınaraq ailələrin ehtiyaclarına uyğun müəyyən olunur. Almaniyada uşaqlara nəzərdə tutulan aylıq müavinət 184 avrodur. İkinci uşağa da bu qədərdir. Üçüncüyə 190 avro, sonrakılara aylıq 215 avro verilir. Məsələn, üç uşağı olan dövlətdən aylıq 558 avro, dörd uşağı olan 773 avro müavinət alır. Uşağın ölkə vətəndaşlığı olub-olmadığı nəzərə alınmır, valideynlərin oturma icazəsi varsa müavinət alma haqqına sahibdir. Böhran zamanı uşaqlara əlavə 100 avro "konfetpulu" da ödənir, dövlət özünü kiçikyaşlı vətəndaşları qarşısında məsuliyyətli hiss edir. Ölkədə minimum əməkhaqqı məbləği sektordan asılı olaraq saatı 7,5-8,5 avro arasındadır. Fransada 1 uşaq üçün müavinət ödənmir. Hökumətdə hesab edirlər ki, bir uşağa baxmaq ailə üçün problem olmaz. İkinci uşaq dünyaya gələndə ona aylıq 120 avro verilir. Üçüncü uşağa 274 avro, dördüncüyə 428 avro, beşinciyə 582 avro müavinət düşür. Yəni 5 uşağınız varsa hökumət sizə aylıq 1404 avro verir. Altıncı uşaqdan etibarən müavinət azalır, 154 avroya düşür. Bu isə Fransa hökumətinin əhali sayının artımında maraqlı olmadığının göstəricisidir. Fransızlar çoxuşaqlı ailə modelinə üstünlük vermirlər, görünür bu yanaşma mühacirlərin daha çox uşaq dünyaya gətirmək həvəsini lap da stimullaşdırmamaq məqsədi güdür. Ölkədə minimum əməkhaqqı 1343 avrodur.

İtaliyada illik gəliri 35 min manat olan vətəndaşın övladına dövlət yardım edir

Böyük Britaniyada uşağa 10 yaşına qədər aylıq 105 avro nəzərdə tutulur. İkinci və üçüncü uşağa bu məbləğ 70 avrodur. Müavinət ancaq ölkə vətəndaşlarınadır. Minimum əməkhaqqı 1005 funtsterlinqdir (1583 AZN). İsveçrədə müavinətin həcmi ailədə uşaq sayı nəzərə alınaraq individual və inzibati əraziyə görə müəyyənləşir. 16 yaşınadək uşağa müavinət 165-dən 330 avroya qədər təyin edilə bilər. 16 yaşdan 25 yaşa qədər isə aylıq 210-dan 440 avroya qədərdir. Hökumət hesab edir ki, gənclərə də dəstək lazımdır. 25 yaşına çatan biri artıq təhsilini tam bitirdikdən sonra özünə gün ağlaya bilər. Ölkədə minimum əməkhaqqı 2200 İsveçrə frankıdır (2326 AZN). İsveçdə bir uşağa 120 avro, iki uşağa 251 avro, üç uşağa 411 avro, dörd uşağa 629 avro aylıq müavinət verilir. Sonra gələnlərin hər birinə 218 avro hesablanır. Ölkədə minimum əməkhaqqı qanunla deyil, kollektiv müqavilə əsasında müəyyən edilir. Hollandiyada doğulan hər uşağa 6 yaşa qədər aylıq 58 avro, 6-dan 11 yaşa qədər 70,5 avro, 12-17 yaş arasında olanlara 82 avro müavinət müəyyənləşib. Minimum əməkhaqqı 1398 avro təşkil edir.

İtaliyada əgər valideynlərin illik gəliri 11,422 avrodan (13,081) aşağıdırsa, hər uşağa aylıq 250 avro ödənir. İtaliya hökuməti aylıq maaşı 1.090 manat olan vətəndaşı kasıb sayır. Əgər valideynlərin illik gəlirləri 27,263-30,403 avro arasındadırsa, hər uşağa 38 avro verilir. Hökumət yenə hesab edir ki, illik 31,224 və ya 34,820 manat gəliri olan ailəyə dəstək lazımdır. Əgər gəlir 43,489 avrodan yuxarıdırsa, uşaqlara müavinət verilmir. Deməli, İtaliyada illik gəliri yalnız 50 min manat olan ailənin köməyə ehtiyacı olmadığı düşünülür. Ölkədə minimum əməkhaqqı kollektiv müqaviləyə əsaslanır. Polşa hökuməti hər uşağın doğumuna görə 500 Polşa zlotası ödəyir (131.80 AZN). Sonrakı dövrlərdə aylıq müavinət 52 zlotadır, yəni 13,70 AZN. Minimum əməkhaqqı 1317 zlota (347,16AZN) təşkil edir. Latviyada hər uşaq doğulanda iri məbləğdə müavinət verilir, ilk uşaqda bu daha yüksəkdir. Bir yaşına qədər körpəyə ananın doğumdan əvvəlki maaşının 70%-ndən az olmamaq şərtilə müavinət düşür, sonrakı illərdə kiçik həcmdə aylıq pul verilir. Minimum əməkhaqqı 200 latdır (300 AZN civarında). ABŞ-da aztəminatlı ailələrin uşaqlarına müavinət individual təyin olunur. Körpə anadan olanda pul verilmir, amma ailə ildə 1000 dollarlıq vergi güzəşti qazanır ki, bu da bir uşaq üçün aylıq 83,33 dollar deməkdir. Ölkədə minimum əməkhaqqı 1305 dollardır.

5 uşaq dünyaya gətirib, dövlətdən hər il 36,500 manat alan yaponlar

Şərqi və Cənubi Asiya ölkələrində də uşaqları uşaq hesab edirlər. Hindistan kimi əhalisi çox olan dövlətdə uşaq doğumunu stimullaşdırmaq aktual olmasa da hökumət azuqə çatışmazlığını nəzərə alıb hamilələr və südəmər körpələri olan qadınlara aylıq 99 dollar müavinət ayırmaq, eyni zamanda 14 yaşa qədər uşaqları büdcə hesabına isti yeməklə təmin etmək barədə qərar verib. Ölkədə minimum əməkhaqqı 150 dollardır. Çində doğum sayını azaltmağı təmin etmək üçün yalnız bir uşağı olan ailəyə müavinət verilir. Minimum əməkhaqqı 1500 Çin yuanıdır (245,1AZN). Yaponiyada ilk iki uşağa aylıq müavinət 400 dollar təşkil edir, üçüncü və sonra gələnlərin hər birinə bu məbləğ 700 dollardan çoxdur. Yəni sizin 3 uşağınız varsa dövlətdən aylıq qazancınız 1,500 dollar, 4 uşağınız varsa 2200 dollar hesablanır, 5 uşaq varsa müavinət 2900 dollar olacaq ki, bu da illik 36,526 manat deməkdir. Yazılanlar doğrudursa, 18 yaşına qədər uşaqlar çətinlik çəkmədən ev, maşınla təmin oluna bilər. Yaponiyada əhali sayı da çoxdur, 2011-ci ilin hesabatına görə 128 milyon olub. Minimum əməkhaqqı kollektiv müqaviləylə formalaşır.

Doğulan uşaqlara birdəfəlik və aylıq müavinətlərdən başqa yardım formaları da var. Məsələn, Almaniyada uşaq müavinətinə əlavə olaraq tənha valideyn, nəvəsini tərbiyə edən nənə və baba, övladlığa götürən valideynlər, qəyyumlar və himayəçilər, 25 yaşa qədər olan əlillərə pul verilir. Fransada dayə xidmətinə ödənişə görə vergi güzəştləri, ictimai nəqliyyatdan istifadə və istirahət yerlərində qalmağa endirimlər var. İngiltərədə qəyyumluq və ya himayəçiliyə görə, əlil uşaqlar üçün müavinət verilir. İsveç hökuməti adi müavinətdən başqa uşaqlı ailələrə mənzil müavinəti və əgər ailədə birdən artıq uşaq varsa, çoxuşaqlı olduğu səbəbindən əlavə ödəniş edilir. Çində yetim uşaqlara müavinət verilir. Yaponiyada çoxuşaqlı ailələrin mağazalarda endirim almaq hüququ var. Rusiya, Belorusiya, Ukraynada da bunlara bənzər güzəştlər mövcuddur.

H.HƏMİDOVA

Ay_Sun | 15 yanvar 2016 19:11 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: dılay
Oz eyiblerimize yaxwI bilirik
Qaracaqiz | 10 dekabr 2015 17:42 | Status: VİP user | Şərh: 1 882
Heç olmasa işleyeyen ferq etmir işlemeyen qadınlara uşağın 18 yaşına kimi müavinet vereler ela olardı.Amma olmayıb nede bundanda sonra çetinki bele möcüze baş vere.Uşağın 5 yaşıba kimi heç olmasa pul vereler her ay pampers yemek pulu çünki hamının maddi imkanı olmurki ala bilsin.Dövletimiz inkişaf edir deyişir amma kasıblar üçün deyil bezi varlı tebeqe üçün
SEVDA | 10 dekabr 2015 16:33 | Status: Nəzarətçi | Şərh: 17 439
Bizdə ancaq camaatı soyurlar.Bu cür qanunlardan qəbul etmək sərf etməz bunlara...imkanları olsa bələkdəki körpələrdən də vergi tutarlar...
Azeri Fidashka | 10 dekabr 2015 15:52 | Status: Şərhçi | Şərh: 734
usaqlari ccoooooooooooooooooooooooooooooooox sevirem
Əsmər1 | 10 dekabr 2015 12:52 | Status: VİP user | Şərh: 1 584
Elə danışırlar ki öz eyiblərimizi saysaq onda çoxdu

Elə danışırlar ki öz eyiblərimizi saysaq onda çoxdu
dılay | 10 dekabr 2015 11:58 | Status: Brilliant user | Şərh: 8 183
Oz eyiblerimize yaxwI bilirik
indra | 10 dekabr 2015 11:02 | Status: VİP user | Şərh: 908
Uşaqimin 4 yaşi olacaq helede 70 manati ala bilmemişem neyse halal xoşlari olsun
Yagis_Negmesi | 10 dekabr 2015 10:41 | Status: Gümüş user | Şərh: 1 614
Ele birce dene Bizde uwaq olanda 1defe 90manat pul verirler qutardi getdi bunnanda uwaq gin butun prablemleri hell olundu ele bil