Həyat tərzi / Maraqlıdır

"Kömək edin, arvadım məni döyür"

Aynur_Qurbanqizi | 27-10-2011, 21:00
3 280 67


Kişi sığınma evləri - XXI əsrin yeni bəlası, yoxsa lətifəsi?

 


“Erkəklər ağlamaz...” deyə bir türk mahnısı var. Təbii ki, bu mahnıda söhbət sevgi iztirabı çəkib göz yaşı axıdan kişilərdən gedir. Amma “zəmanənin üzü qara olsun” deyib böyüklərimiz. İndi dünyada qadın kötəyindən hönkür-hönkür ağlayan erkəklərin sayı da get-gedə artır. Özü də onlar ağlamaqla kifayətlənmirlər. Evdən qovulan, xanımından qorxub qaçanlar məxsusi onlar üçün yaradılmış kişi sığınma evlərinin daimi sakinlərinə çevrilirlər.

Bəri başdan deyim ki, kişi oxucularımız həyəcanlanmasın - bu mənzərə Azərbaycan üçün yaddır. Hələ ki... Üç nöqtələrin yerini yazının sonrakı hissələrində ekspert rəyi ilə tamamlayacağıq. Amma çox uzağa getmədən, adət-ənənəsi, yaşam tərzi ilə bizlərə yad olmayan Türkiyə təcrübəsindən başlayaq.


Qardaş ölkədə kişi sığınma evlərinin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyətini həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. Bir qeyri-hökumət təşkilatı tərəfindən açılan  ev “zərərçəkənin cinsi olmaz” şüarını deviz seçib. Evdə eyni vaxtda 40-50 kişi sığınacaq tapa bilir. İldə isə ən azı 400-500 nəfər yardım məqsədilə bura müraciət edir, bəziləri oranın uzunmüddətli qonağına çevrilirlər.
Bura müraciət edənlər arasında kimlər yoxdur ki? Keçmiş milyonçular, iş adamları, müəllimlər... Bir sözlə, uğurlu həyatlarını keçmişdə, tarixin tozlu qatlarında qoyanlar. Xanımının xəyanətinə uğrayan, borc bataqlığında üzən, övladları tərəfindən atılan, pulsuz-parasız erkəklər ordusu. Konya sığınma evinin yaradıcısı Hayreddin Bulan deyir ki, 2001-ci ildə - bu evi yaratdıqları vaxt bir çox kişilər ora müraciət etməkdən çəkinirmiş. Amma zaman keçdikcə həyat şərtləri kişiləri bu kompleksdən azad edib və indi onlar bu evdə yaşaya bilmək üçün növbəyə dayanıblar.  Bu günə qədər evin 12 minə yaxın sakini olub. Zərərçəkən kişilər bura üz tutub, bir müddət burda reabilitasiya dövrü keçəndən sonra onları incidən qadınlarından uzaqda, yeni bir həyata başlayıblar.


“Arvadım hər gün başıma qazan vururdu...”

 

İlk baxışda bizlərə qəribə görünən, amma qonşu ölkədə adiləşmiş bu tendensiyanı yaradan səbəblərə keçək. Daha doğrusu, “qəhrəmanlar” danışsın, dinləyək.
4 ildir sığınma evində yaşayan Əhməd Ağırdıcın Türkiyə mətbuatına açıqlamasına diqqət yetirək:  “Bizlər ağlamışıq, qadınlarımız tərəfindən döyülüb-söyülmüşük. Amma cəmiyyət içində gülüş hədəfi ola biləcəyimizdən qorxub bunu açıb-ağartmamışıq. Şəxsən mən başıma gələnləri 7 il boyunca gizli saxlamışdım. Təsəvvür edin ki, arvadım illərlə başıma qazan çırpdığı üçün beyin  silkələnməsi keçirmişdim. Amma bunu kiməsə danışanda qəhqəhə çəkib gülürdülər. Necə olur ki, qadınlar döyüləndə hamı ah-vay edir, amma qadınlar bizi döyəndə gülürlər? Bu, böyük haqsızlıqdır”.
Evin yaradıcısı isə bildirib ki, qurbanlar arasında həmçinin bəzi bölgələrdə hakim olan adət-ənənə(törə) cinayətlərinə görə qaçıb burda sığınanlar da az deyil: “Elə olub ki, qadın ərini sevgilisinə öldürtmək istəyib. Ər də bundan xəbər tutanda canını qurtarmaq üçün bu evə üz tutub. Təcrübəmizdə ən çox bu hallarla rastlaşırıq”.


10 ildir sözügedən evin sakini olan, eks-məmur Adnan Özdil isə deyib ki, həyatı 12 il əvvəl qaralıb. Həyat yoldaşı tərəfindən daim döyülüb-söyülən Adnan bəy bu basqılarla əlaqədar 10 gün işə gedə bilməyib və avtomatik olaraq işdən çıxarılıb. Bundan xəbər tutan həyat yoldaşı isə “ya 2 gün içində özünə iş tap, ya da ölümlərdən ölüm bəyən” deyərək onu təhdid edib. Özdil isə düşdüyü depressiyadan və qorxudan qurtula bilmədiyi üçün bir müddət ruhi xəstəxanada müalicə olunub. Sonra isə həyat yoldaşından ayrılıb. O gündən bəri nə evə gedir, nə də utandığından dost-tanış, qohum-əqrəba arasına çıxa bilmir: “Bu yaxınlarda təsadüfən köhnə məhəlləmizin yanından keçdim. Gördüm, keçmiş qonşularımız məhəllədə nərd oynayır. Məni uzaqdan görən kimi gülə-gülə dedilər ki, ”bu arvaddan qorxan Adnan deyilmi?" Aradan 10 il keçib, amma insanlar belə şeyi unutmur, lətifə kimi dildən-dilə yayırlar."


Sığınma evinin Halil Özbildin adlı sakininə gəlincə, onun hekayəsi də  ilgincdir. Uğur qazanmış bir makler olan Halil bəy həyat yoldaşı ilə iş ortağı olub. Amma evliliklərində problem yaşandığı üçün boşanmaq istəyincə bütün həyatı qaralıb. Danışdığına görə, keçmiş xanımı boşanma qərarına görə ondan intiqam alıb - bütün sənədləşmələri, borc sənədlərini onun ayağına yazaraq, müflisləşməsinə səbəb olub: “Maşınımı, evlərimi, şirkətlərimi itirdim. 9 ay İzmir küçələrində səfil həyatı yaşadım. Sonra buranı tapdım, indi dincliyim var”.


“Arvadı döyən kişiyə heç kim iş vermir”


Keçmiş bank işçisi Müzəffər Aydının hekayəsi isə bir az  fərqlidir. Düzdür, o da xanımının kötəyini dadıb, dəfələrlə gözünün altı göyərmiş  işə gedib: “İş yoldaşlarım məni belə görüb səbəbini soruşanda yalandan deyirdim ki, gecə bardan çıxanda yolda sərxoşlarla dalaşdıq. Halbuki evdə arvadım döyürdü. Amma təqaüdə çıxandan sonra vəziyyət lap dözülməz oldu. Mən hər gün bu təzyiqlərdən şikayətləndiyim üçün o qadın məndən qurtulmağa qərar verdi. Mən xəstəxanada müalicə olunarkən saxta yolla adıma dəli sənədi aldı, təqaüdümü ələ keçirdi. Dəli olduğumu əsas gətirib məni məhkəməyə də çıxarmadılar. İndi hüquqi yollarla mübarizəmi davam etdirirəm”.
Amma sakinlər arasında əzizlərinin itkisinə görə ciddi psixoloji sarsıntı keçirənlər də var. Fikrət Şölən həyat yoldaşı və anasını itirəndən sonra depressiyaya girdiyini, iki-üç il çayxanada çalışandan sonra bura üz tutduğunu dedi: “Bu evdə biz ancaq yatmaq və minimum yemək tələbatımızı ödəyirik. Bu evin sakinlərinə normal iş verən yoxdur. Çünki imicimiz çox pisdir. Deyirlər ki, arvadı döyən kişi bir işçi kimi də əfəl və aciz olacaq. Bir sözlə, bizə güvənmirlər. Çox nadir hallarda  xırda məvacibi olan iş tapırıq özümüzə”.
Bu arada onu da deyək ki, sığınacaq evini tez-tez ölkə xəstəxanalarının həkimləri könüllü olaraq ziyarət edir. Ev sakinlərində daha çox depressiya müşahidə edilir. Amma bununla yanaşı,  xroniki ağciyər və yüksək təzyiqdən əziyyət çəkənlər də az deyil.
Sığınacaq evinin 60-a yaxın sakini qısa müddət bundan öncə mətbuat konfransı keçirərək Türkiyə toplumuna müraciət etmiş və ildə bir günün “Dünya Kişilər Günü” kimi qeyd edilməsini istəmişdi. “Niyə Dünya Qadınlar Günü var, amma Dünya Kişilər Günü yoxdur” deyə, şikayətlənən kişilər ən azından pozulan hüquqlarının bərpası üçün belə bir günün vacibliyini istəmişdi.


Niderlandda kişilər “məni sevirsənmi” sualından qurtulmaq üçün sığınma evinə gəlir


Amma düşünməyin ki, bu duruma yalnız türk erkəkləri düşür. Niderlandda, Amerikada da kişi sığınacaq evləri çoxluq təşkil edir. Baxmayaraq ki, oranın sakinləri tamam fərqli səbəbdən bura üz tuturlar. Məsələn, Niderlandda aparılan araşdırma sübut edib ki, ölkədə hər 5 təzyiq faktından biri kişilərin payına düşür. Bu təzyiqlər daha çox psixoloji xarakter daşıyır. Kişilərin bu təzyiqi etiraf edib, sığınma evlərinə üz tutması isə bir az zaman alır.
Niderlanddakı kişi sığınma evində isə daha çox qeyri-ənənəvi oriyentasiyalı kişilər üstünlük təşkil edir. Onlar yaxın çevrəsi, qohum-əqrəbası tərəfindən psixoloji təzyiqlə üzləşdiyi üçün bura müraciət edir. Sözügedən layihənin rəhbəri Patrisiya Qo bildirib ki, Niderlandda hər il 63 min ailədaxili zorakılıq hadisəsi qeydə alınır ki, onun 20 faizində də kişilər zərərçəkən olur.
Sığınma evlərindən birinin rəhbəri Karin Gerts də Niderlandda da kişilərin təzyiq faktları barədə danışmaqdan çəkindiyini söylədi. Onun sözlərinə görə, qadınının tez-tez “məni sevirsənmi” sualına və ya “evlilik ildönümümüzü unutma” kimi “təzyiqləri”nə davam gətirməyib, bura üz tutanlar da az deyil: “Kişilər bütün çıxış yolları tükənəndə sığınacaq evinə gəlir”.
Kanadanın bir çox bölgələrində mövcud olan bu tipli evlərinin sakinləri isə daha çox işsizlikdən, təbii fəlakətlərdən əziyyət çəkənlərdir. Sözügedən ölkədə ilk belə ev 1931-ci ildə yaradılıb və sayı dayanmadan artır.


Mehriban Zeynalova: “Azərbaycan qadını kişisi üçün hələ ki təhlükə törətmir”

 

Və qayıdaq yazının əvvəlində qoyduğumuz üç nöqtələrə. Yəni “Azərbaycanda da belə evlər yaradıla bilərmi” sualının cavabına. Bilirsiniz ki, ölkədə qadın sığınma evləri məhdud sayda da olsa var. Necə deyərlər, təcrübə mövcuddur. Ölkə kişilərinin də belə bir evə ehtiyacı olub-olmaması haqda sualımıza cavabında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, ümumiyyətlə, Azərbaycanda qadın sığınma evlərinin mövcudluğu belə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Belə ki, ərlərinin təzyiqindən bura üz tutan qadınların addımı yanlış adlandırılır, bu sığınmanın onların ailəsini dağıda biləcəyi barədə fikir formalaşır: “Bir çox ölkələrdə təcavüzkarlar, narkomanlar və sair pis vərdişləri olan kişilər üçün belə evlər var. Hesab edirəm ki, şiddəti sevən, qadınını döyən kişilər üçün də Azərbaycanda belə evlər yaradılmalıdır. Ən azı orda qalıb aqressiyalarından qurtulmaları üçün”.
O ki qaldı təzyiqə, şiddətə məruz qalan kişilərə, M.Zeynalova hesab edir ki, Azərbaycan qadını Azərbaycan kişisi üçün təhlükə törətmir: “Apardığımız monitorinqlər göstərir ki, ailədaxili şiddətin qurbanları qadınlar olur. Daha çox qadınlar döyülür, öldürülür”.

 

Amma müsahibimiz Türkiyədə, dünyada geniş yayılmış bu təhlükənin Azərbaycanda da təkrarlanacağını istisna etmir. Onun sözlərinə görə, qadınların maddi azadlığı artdıqca ailə daxilində söz sahibinin kimliyi də dəyişir: “Feminizm dalğası artıq ölkəmizə də çatır. Maddi durumu artan qadın hegemonlaşır. Buna qarşı isə heç bir mübarizə yoxdur. Halbuki hər iki cins müqəddəsdir və onların bir-birinə fiziki, mənəvi təzyiqi yolverilməzdir”.
 

 

Son söz: Kimlərsə bu məlumatları qəhqəhə ilə oxuya, lətifə kimi başqalarına danışmaq istəyə bilər. Baxmayaraq ki, təzyiq, dava-dalaş  heç zaman gülüş doğurmamalıdır. Fərqi yoxdur - ya qadına, ya da kişiyə.
Və.... Sığınmaq gözəldir. Amma hansısa soyuq divarlı evə yox, sevdiyinə...

 

Sevinc TELMANQIZI,

"Yeni Müsavat" qəzeti


tehmin | 9 sentyabr 2013 15:32 | Status: Şərhçi | Şərh: 311
aaaaaaa kişi də döyülərmiş
A.Sebine | 17 may 2013 19:29 | Status: Şərhçi | Şərh: 235
kisinin qazanla doyulduyunu tesevvur edende gulmeyim geldi.qoy birazda onlar doyulsun. tongue
Nara88 | 29 aprel 2013 17:15 | Status: Professional user | Şərh: 4 253
gulmeyim geldi kiside doyulermis))
PAYIZ | 4 aprel 2013 19:57 | Status: Gümüş user | Şərh: 1 078

n4

Gozel Melek | 26 mart 2013 10:33 | Status: Gümüş user | Şərh: 1 531
hemiwe kiwiler doyesi deyilki birazda qadin doysun kaw bunlarin hec biri olmayaydi eyyyy
sevgi haqinda | 23 yanvar 2013 21:43 | Status: Qonaq | Şərh: 0
yaxsi edib ele hemise qadinlarmi doyulecek ox olsun butun arvat doyanlara bele etmek lazimdi cunki min nesihatdan bir felaket yaxsidi
Z K S | 15 yanvar 2013 14:35 | Status: Qonaq | Şərh: 0
Azərbaycanda kişilər üçün sığınacaq evlərinin olmamasına görə elə qadınlara minnətdar olmaq lazımdır.Bizim qadınlar sözün mütləq mənasinda fədakardırlar.Ömürlərinin sonuna qədər yanlarındakı kişilərin var ikən yox olmalarına dözə bilirlər.Yanlarındaki kisini həinki döymək,öldürmək lazım oldugu halda dözürlər.Bəlkə bu məlumatı oxuyan,illərlə qadınına mənəvi və fiziki təcavüz edən hansısa bir kişi səhvini anlayar,qadınını gec də olsa qiymətləndirər. İNŞALLAH
Gulnare81 | 20 dekabr 2012 22:09 | Status: Şərhçi | Şərh: 117
hemiwe kiwiler doyesi deyilki? biraz onlar doyulsun :n43:
azeri_oglu | 30 sentyabr 2012 21:26 | Status: Gümüş user | Şərh: 2 243
wekillilerin sozu olmasin, BOYAAA QAMIW OLCUM HAAAA
P.S | 30 avqust 2012 23:57 | Status: VİP user | Şərh: 995
biyyyy basima xeyir)))