Kitab aləmi / Xüsusi

Silahlan!

B.Fereh | 25-02-2017, 09:00
1 650 1

 


Bu sərt,ağır günlərdə
Mən-Ali Baş Komandan olsam,olmasam belə
AZƏRBAYCAN adından
Əmr edirəm:-Silahlan!
 
Silahsız dayanmağa bir qırpım da haqqın yox.
Gözlərin-qoşalülə...Kirpiklərin güllə,ox
 
Bilirəm,düşmənlərin bərk durub keşiyində
Alınmışdır əlindən hətta ov tüfəngi də.
 
Nə qəm,kinlə silahlan!
Topdan,tüfəngdən üstün,
Tankdan,raketdən güclü qeyrətinlə silahlan!
 
Arxalı köpəklərə nifrətinlə silahlan!
Xiyabani ruhunu alışdır nəfəsinlə,
        curətinlə silahlan!
 
Bilirəm,Elbrusdan,Savalandan ağırdır
çiynində sənin yükün.
Telegüzgü,radio,mətbuat çoxdan ölgün.
 
Yox...sən ölməməlisən!
Hələ ki,gedib gələn nəfəsinlə silahlan!
Qəfəsdəsənmi?Qır,sök,qəfəsinlə silahlan!
 
Sən bizim şeirimizdən,nəsrimizdən güclüsən.
Əsrimiz qəhramandır,əsrimizdən güclüsən.
 
37-də batmış,46-da vurulmuş 
              nəslimizdən güclüsən.
 
Dodaqlarından qopan neçin amandır,ahdır?
Alçaqlara qəzəbli bir baxış da silahdır.
 
Baxışınla,qanınla,vücudunla silahlan!
Dön Səməndər quşuna...Yan...odunla silahlan!
 
Onlar səni silahsız,pənahsız görmək istər
Sən nəğməylə,marş ilə,nümayişlə silahlan!
              Bayraq elə özünsən,
              Qalx,döyüşlə silahlan!
 
Silahlan insanlığa sonsuz məhəbbətinlə,
Humanizm adlanan ən böyük sərvətinlə!
 
Hələ heç bir fitvaya,felə,məkrə uymayan,
Bircə qarışqanı da tapdamağa qıymayan,
            Qəlbi ümmandan dərin,
             bənovşədən də kövrək,
Hətta düşmənlərinə duz-çörək verən xalqım!
 
Çəkinmə,bu döyüşdə aləm sənə pənahdır,
Sənin gül təmizliyin,saflığın da silahdır.
 
Qanında saflıq adlı daşqın ilə silahlan!
Dünyaya məhəbbətin,eşqin ilə silahlan!
 
Vur-çatdasın içində elə bilmə ki,təksən:
Yer də göy də sənindir.Sən qalib gələcəksən!
 
 
                                                 XƏLİL RZA ULUTÜRK.
Silahlan!