Kitab aləmi / Xüsusi

İdman ayaqqabısı (ibrətamiz hekayə)

Gülçin | 18-01-2016, 16:30
2 287 9

 

Satıcı yeni gətirdiyi ayaqqabıları vitrinə yerləşdirir, küçədə dayanan bir uşaq isə diqqətlə ona tamaşa edirdi.

 

 Havalar mülayimləşdiyi üçün idman ayaqqabısına tələb çox idi. Bu ayaqqabılar çox keyfiyyətli olmasalar da, kiçik bir dükan üçün pis sayılmazdı. Satıcı ayaqqabılardan birini vitrinə qoyanda uşaq vitrinə bir az da yaxınlaşdı. Ancaq əlində qoltuq ağacı olduğu üçün çox çətinliklə hərəkət edirdi. Satıcı uşağa bir az da diqqətlə baxdı. Əynindəki şalvarın sol hissəsi dizdən aşağı boş idi. Ona görə də, şalvarının ətəyi sağa-sola yellənirdi. Ayaqqabılar sanki onu başqa bir aləmə aparmışdı. Bir müddət beləcə dayandı. Xəyallarından ayrılıb yola düzələndə satıcı cəld dükandan çıxdi və:

- Ey, balaca, ayaqqabı almaq istəyirsən? Çox gözəl ayaqqabılarımız var, - deyə səsləndi.

Uşaq təbəssümlə:

- Doğrudan da, çox gözəl ayaqqabılarınız var, - deyə cavab verdi.

Sonra da əlavə etdi:

- Ancaq mənim bir ayağım yoxdur.

- Eyb etməz. Onsuz da bu dünyada hər birimizin nəyisə yoxdur. Kiminin ayağı, kiminin əli, kiminin ağlı, kiminin də vicdanı...

Balaca uşaq dinməzcə dayanmışdı. Satıcı isə hələ də danışmaqda davam edirdi:

- Kaş ki, vicdanımız yerinə ayaqlarımız olmayaydı.

Uşaq nə deyəcəyini bilmirdi. Odur ki, satıcıya bir az da yaxınlaşdı və yavaş səslə:

- Başa düşmürəm, niyə axı? - dedi.

- Çox sadə. Əgər vicdanımız yoxdursa, cənnəti qazana bilmərik. Ancaq ayaqlarımız olmasa da, eybi yoxdur. Onsuz da orada bütün əksiklərimiz tamamlanacaq. Hətta şikəst adamlar sağlamlarla müqayisədə daha çox mükafat alacaqlar.

Uşağın üzünə xoş bir təbəssüm yayıldı. O günə qədər çəkdiyi ağrı-acılar sanki bir göz qırpımında yüngülləşmişdi. Satıcı vitrinə işarə edərək:

- Baxdığın ayaqqabı sənə yaraşır. İstəyirsən, geyin bax! - dedi.

Uşaq başını yelləyərək:

- Yox, onun qiyməti 30 manatdır. Mənim o qədər pulum yoxdur, - deyə cavab verdi.

- Sənin üçün endirim mövsümünə bir az tez başlaya bilərik. Beləcə, ayaqqabının qiyməti olar 20 manat. Onsuz da, sənə bu ayaqqabıların biri lazımdır. Bu da edər 10 manat. Üstəlik, orta məktəb şagirdisən. Deməli, yerdə qalar 5 manat. Onu da ayaqqabının qiymətindən düşərəm. Beləcə, ayaqqabı oldu sənin. Buyurub apara bilərsən.

Satıcı sözünü qurtarmamış dükana girdi. İçəridəki rəflər onun bəyəndiyi ayaqqabılarla dolu idi. Ancaq satıcı vitrində olan ayaqqabını götürdü. Ayaqqabı sanki uşağın ayağına biçilmişdi. Satıcı köhnə ayaqqabıları göstərərək:

- Mənim işim qurtardı. İndi də sən mənə bu köhnə ayaqqabılarını satsan, çox razı qalaram, - dedi.

- Siz zarafat edirsiniz? Onun altı az qala deşiləcək. Axı, bu köhnə ayaqqabı kimə lazımdır? - deyə uşaq kəkələdi.

- Deyəsən, sənin əntiq əşyalardan xəbərin yoxdur! Əntiq əşya nə qədər köhnə olsa, qiyməti bir o qədər baha olar. Ona görə də, sənin bu ayaqqabının ən azı 30-40 manat qiyməti var, - satıcı dedi.

Uşaq yerindəcə donub qalmışdı. Sanki yuxuda idi. Həm də bu yuxu indiyə qədər gördüyü ən gözəl yuxu idi. Uşaq əvvəlcə satıcının onun ovcuna qoyduğu kağız pullara baxdı, sonra bu pullar arasından bir onluq götürüb satıcıya qaytardı:

- Məncə, 30 manat kifayətdir. Necə olsa, endirim mövsümüdür.

Satıcı onun qəlbini qırmaq istəmirdi. Odur ki, onluğu aldı və əyilib yavaşca uşağın yanağından öpdü. Nədənsə, satıcının ürəyi köksünə sığmırdı. Bəlkə də bu gün bütün mallarını satsa idi, bu qədər sevinməzdi. Uşaq astaca yerindən qalxdı. Sanki artıq qoltuq ağacına ehtiyacı yox idi. Və şirin bir təbəssümlə:

- Atam haqlı imiş. Şikəst olduğum üçün məyus olmağa ehtiyac yox imiş, - dedi.



Dəniz qızı | 20 yanvar 2016 14:15 | Status: Brilliant user | Şərh: 8 017
Ayy təşəkkür xalam bunu oxumuşdum mən ama yenə sevərək oxudum.
Ay_Sun | 19 yanvar 2016 20:00 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: GULYA-N
Esas odurki meneviyyatımız şikest olmasın.Bele tesirli yazıya göre teşekkürler
SEVDA | 19 yanvar 2016 14:56 | Status: Nəzarətçi | Şərh: 17 439
Çox maraqlı və ibrətamiz hekayə idi,təşəkkürlər...
GULYA-N | 18 yanvar 2016 21:01 | Status: VİP user | Şərh: 759
Esas odurki meneviyyatımız şikest olmasın.Bele tesirli yazıya göre teşekkürler
Real Madrid CF | 18 yanvar 2016 18:31 | Status: Qonaq | Şərh: 0
Bir defe bu hekayeni bir kitabdada oxumusdum.
dılay | 18 yanvar 2016 17:29 | Status: Brilliant user | Şərh: 8 183
Gozel ibretamiz hekaye ucun tewekkurler
B.Fereh | 18 yanvar 2016 17:08 | Status: Nəzarətçi | Şərh: 6 975
Bu qeder agir xeberlerden sonra,Gulcin xanim yene ureyimize su sepdi)))Derin tewekkurler size...Like...like...like... :)
ESMERRi | 18 yanvar 2016 16:39 | Status: Brilliant user | Şərh: 5 378
Necə ibrətamiz hekayədir.Əsas odurki insanın ürəyi gözəl olsun.Təşəkkürlər.
Azeri Fidashka | 18 yanvar 2016 16:35 | Status: Şərhçi | Şərh: 734
tesiredici hekayedi