İslam / Xüsusi

Kərbəlada dini dirildən qan verildi

Gülçin | 17-10-2016, 15:00
838 1
 kerbala müsibeti ile ilgili görsel sonucu
 
Məhərrəm ayının onuncu günü Aşura günüdür. Haqla batilin qarşılaşdığı bir gün. Əlbəttə tarix boyu din alimləri, şairlər, məddahlar, mərsiyəxanlar bu günü özlərinə xas olan bir şəkildə mədh etmişlər. Simvolik olaraq isə Kərbəla gününə haqla batilin üz-üzə gəldiyi gün deyilir.

Tanınmış mütəfəkkirlərdən birinin sözünə istinad edərək deyə bilərik ki, Kərbəladan üzü bəri hər zaman zülm-ədalətsizlik gördükdə mübarizə aparıb şəhid olsaq, hüseynçilik etmiş olarıq, bu şəhadəti, mübarizə və müqaviməti davam etdirib, elbəel ölkəbəölkə camaata çatdırsaq Xanım Zeynəb (s.ə) məktəbinin yetirməsi hesab olunarıq. Bu ikisindən heç biri etməyən isə yəziddir. Çünki hər gün aşuradır, hər yer Kərbəla. 

Doğrudur, bu gün dünya müsəlmanlarının əksəriyyəti İmam Hüseynə (ə) yas saxlamaq, ehsan vermək, mövzu ətrafında müxtəlif bəhslər etməklə bu iki ayı yaşadır. Və üstəgəl son zamanlarda davamlı olan qanvermə kompaniyası. Bəziləri deyir ki, həqiqətən də bir faciəni ən azından hiss etmək üçün başqa bir faciənin qarşısını almaq lazımdır ki, həmin hadisənin faciə olduğu daha qabarıq sürətdə nəzərə çatsın. Məsələn, Kərbəla günü qanlı faciə yaşanıb, yaxşı olar qana ehtiyacı olan xəstələrə qan verib gələcəkdə başlarına gəlməsi real olan bir faciədən onları sığortalayaq. Bəli, zahirən yaxşı səslənir. Amma bu faciəni əngəlləmək elə olmalıdır ki, Kərbəlanın həqiqi mahiyyətinə kölgə salmasın. Məsələn, nə üçün ilin 355 günündə yox, məhz Aşura günündə? 

Qeyd edilən məşhur fikri elə həqiqətdə zülmə qarşı çıxmaqla da gerçəkləşdirmək olar. Məsələn, biz bilirik ki, Aşura günündə bu gün bizim etdiklərimizin heç biri baş verməyib. Düzdür, Əhli-beytin (ə) xanımları öz doğmalarının ölüm xəbərini eşitdikdə göz yaşı töküb, sinə dağlayıblar. Amma, Aşura günü zülmə qarşı çıxılan gün kimi tarixə qızıl hərflərlə yazılıb. Üstəlik, hər gün aşura hər yer kərbəla olandan sonra həmin "hər gün" və "hər yerdə" Yəzidin də olduğunu bilirik. Bəs qarşıya sual çıxır? Yəzidin bulunduğu "hər gün" və "hər yer" faciə deyilmi? 

Nəticə budur ki, deməli biz içində bulunduğumuz zamanda və məkanda (gün və yer mənasında) İmam Hüseyn (ə) faciəsini canlı saxlamaq, həmişəyaşarlığını göstərmək və özümüzün həqiqi İmam Hüseyn (ə) aşiqi olduğumuzu sübuta yetirmək (ən azından test etmək) üçün gərək qarşımıza çıxan başqa bir faciənin qarşısını alaq, yəni başqa sözlə "hər gün" və "hər yerdə" olan yəzidlərlə mübarizə aparaq. Elə olmasın ki, şəhadət və kişilik məktəbini ört-basdır etmək istəyənlər bizə ağıllarınca müəyyən kompaniyaların başladılması təklifini versin və bu təkliflərin arxasında çirkin məqsədlərini gizlətsinlər. 

İmam Hüseyn (ə) məktəbindən güc alıb zalımların zülmünü dəf etmək mümkündür. Məgər görmürsünüz ki, dünya zalımları nəinki həqiqi hüseynçidən, hətta İmam Hüseyn (ə) ağanın adı üzərinə yazılmış bayraqdan belə qorxub çəkinirlər? Bu sizcə nəyi ifadə edir? Baxın, deyək ki, Kərbəladan sonra baş verən qiyamların İmam Hüseynin (ə) adı və şüarıyla həyata keçməsi bu günün bəzi insanına çatmayan məsələdir. Bəs axı, 20-ci əsrdə İmam Hüseyn (ə) övladlarından olan mərhum İmam Xomeyni ağanın şanlı inqilabına şahidik. Rəhmətlik imam, ondan sonra hazırkı inqilab rəhbəri Ayətullah Xamenei ağa dəfələrlə İmam Hüseyn (ə) inqilabına toxunub, bu inqilabın onların qiyamına olan təsirindən və faydalarından danışıblar. Bu insanlar ki, canlı sübutdur. Özləri buyururlar ki, Kərbəla olmasaydı nəinki İranda İslam inqilabı olmayacaqdı, ümumiyyətlə İslam aradan gedərdi. 
Diqqət edin! Siyasət tarixində müvəffəqiyyət əldə etmiş hansısa siyasətçi, inqilabçı durub desə ki, bizim uğurumuz tarixdə uğur qazanmış filan sərkərdənin mübarizəsi əsasındadır, biz öz mübarizəmizdə onu özümüzə nümunə bilirik, bu zaman biz həmin inqilabçıya həm inanmalıyıq, həm də o sərkərdə bizim qiymət verdiyimiz dahi bir insan olacaq. Çünki həmin siyasətçi, inqilabçı uğur əldə etməzdən öncə adını çəkdiyi sərkərdəni yaxşı tanıyıb, araşdırıb, oxuyub və ətrafındakılara həmin şəxsi nümunə götürməyi təklif edib. Daha sonra əldə etdiyi uğur həmin sərkərdənin nümunəvi olmasına dəlildir. Məsələn, Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkü özünə örnək bilən Adolf Hitler dünya müharibəsini qazansaydı bütün Avropada Mustafa Kamal Atatürkə fövqəladə rəğbət bəsləniləcəkdi.

Sözümüzün canı budur ki, Həzrət İmam Xomeyni dünya qəhrəmanlarından biridir. Müasir dünyada heç bir inqilabçının etmədiyi bir inqilaba imza atan şəxsiyyətdir. Özü buyurardı ki, nəyimiz varsa İmam Hüseyndəndir (ə). Deməli, ən azından belə bir şəxsiyyətin istinad etdiyi nöqtəni həqiqətdə hər bir mübarizə və müqavimət əhli araşdırmalı, incələməli, öz ətrafındakı azadlıqsevər insanlara da çatdırmalıdır. Çünki İmam Xomeyni ağa bu inqilabın, yəni Kərbəla inqilabının həqiqətdə haqq əhli üçün uğur gətirə biləcək inqilab olmasının canlı şahididir. Sadəcə bundan ötrü həqiqi hüseynçi olub, dini dirildən qan vermək lazımdır. Çünki Kərbəlada dini dirildən qan verildi.(nuraz.com)
Kərbəlada dini dirildən qan verildi