İslam / Xüsusi

Cənnət cavanlarının ağası və cahiliyyət insanı kimi ölmək

Gülçin | 12-10-2016, 13:30
1 158 1
 Cənnət cavanlarının ağası və cahiliyyət insanı kimi ölmək
 
İmam Əlinin (ə) övladları olan İmam Həsən (ə) və İmam Hüseyn (ə) da qiyamçılara qarşı cihad etmiş, zalım hakimiyyətə qarşı qiyam qaldırmışdır.
İslam Peyğəmbəri (s) hədislərinin birində buyurub ki, kim zəmanəsinin imamını tanımadığı halda ölsə cahiliyyə dövrünün ölüsü kimi ölmüşdür. Mübarək hədisdən aldığımız nəticə budur ki, zəmanə imamını tanımayan şəxs bu halda ölsə İslamdan öncəki cahillik və küfr dövrünün insanı kimi ölmüşdür. 
Bu hədisi-şərif demək olar ki, bütün İslam məzhəbləri tərəfindən yekdilliklə qəbul edilib. 
Həzrət Peyğəmbərin (s) vəfatından sonra bu hədisi hər dövrdə axtarmaq olar. Məsələn, İmam Əlinin (ə) ilk dövrlərdə hakimiyyətə beyət etməməsi, Xanım Zəhranın (s.ə) tutduğu barışmaz mövqey, daha sonra cənnət cavanlarının ağaları hesab edilən Həsəneyn (ə) və onlardan sonrakı imamlarımız.

Bu barədə üç məsələni diqqətdə saxlamaq lazımdır:

1. İslam Peyğəmbərinin (s) dilindən Əhli-beyt (ə) fəzilətləri haqda çox hədislər qeyd edilib. Bundan əlavə bir çox ayələr də vardır ki, Əhli-beytin (ə) fəzilətlərindən söz açmaqdadır. Məsələn mübarək "təthir" (Əhzab 33) ayəsi. Bu ayədəki Əhli-beyt (ə) məfhumuna hətta bütün səhabə və xanımları belə şamil etsək, bu misdaqlardan birinin də İmam Əli (ə), Xanım (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) olması gün kimi aydındır. Quran onların bütün çirkinliklərdən pak olduğunu bildirir. 

2. Nə İmam Əli (ə), Nə Xanım Zəhra (s.ə), nə İmam Həsən (ə), nə də İmam Hüseyn (ə) dövrünün qəsbkarları ilə barışmamışlar və öz haqlarını daim tələb etmişlər. Əli (ə) xanım Zəhranın (s.ə) şəhadətinə qədər beyət etməmiş, ondan sonra bir nəzərə görə beyət yox, sadəcə İslam ümmətinin mənafeyini nəzərə alıb bir kənara çəkilmişdir. İmam Əlinin (ə) övladları olan İmam Həsən (ə) və İmam Hüseyn (ə) da qiyamçılara qarşı cihad etmiş, zalım hakimiyyətə qarşı qiyam qaldırmışdır. Yəni, bu insanların heç biri zəmanələrində imamlıq (rəhbərlik) iddiası edən insanlara beyət əli uzatmamışlar. Məsələn ən zəif bir rəvayət belə mövcud deyil ki, xanım Zəhranın (s.ə) dövrünün qəsbkarlarından küsülü dünyadan köçməsi məsələsinə kölgə salsın. 

3.İslam Peyğəmbərinin (s) hədisi isə buyurur ki, hər kim zəmanəsinin imamını tanımadığı halda ölsə cahiliyyə ölüsü kimi ölmüşdür.

Nəticə: Əhli-beyt (ə) "təthir" ayəsinin buyuruşuna görə məsumdur, onların heç biri zəmanə qəsbkarlarına beyət etməmişlər və zəmanə imamını tanımadan dünyadan gedən cahiliyyə ölüsüdür. Quranın məsum kimi təqdim etdiyi şəxslər olan Əhli-beyt (ə) zəmanlərinin imamı olduqlarını iddia edənlərə beyət etməmişlər, Quranın məsum adlandırdığı şəxslər heç zaman cahiliyyə ölüsü kimi dünyadan gedə bilməzlər. Amma bir tərəfdən zəmanələrinin qəsbkarlarına beyət etməyiblər və digər yandan Peyğəmbər (s) buyurur ki, kim zəmanə imamını tanımadan ölsə cahiliyyə ölüsü kimi ölmüşdür. Deməli, əsil zəmanə imamları elə bu şəxslər olublar ki, Peyğəmbər (s) onların haqqında "Həsən (ə) və Hüseyn (ə) cənnət cavanlarının ağasıdır, ataları onlardan daha xeyirlidir" buyurmuşdur.