İslam / Xüsusi

Dünya malına bağlılığın qüsurları

Gülçin | 3-10-2016, 12:00
614 1

nsan birdən-birə qula çevrilmir.
İnsanın dünya malına münasibəti bir neçə baxımdan araşdırıla bilər. Məsələn, əgər söhbət insanın dünya malına məhəbbətindən gedirsə, bu malın az və ya çox olmasının heç bir əhəmiyyəti yoxdur. Əgər dünya malına məhəbbət insanın ibadəti və ictimai vəzifələrinə zərər vurursa, bu çox təhlükəli haldır. Ona görə də insan belə bağlılıqlardan qorunmalıdır. İnsan bir şey əlindən çıxdıqda qəmlənməməli, bir şey qazandıqda da sevinməməlidir. «Hədid» surəsinin 23-cü ayəsində buyurulur: «Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinməməyiniz üçündür». Əlbəttə ki, bu sözləri demək çox asandır. 
İnsan özünü belə bir məqama çatdırmaq üçün müxtəlif üsullardan istifadə edə bilər. O öz nəfsini tərbiyələndirmək üçün ən çox sevdiyi bir şeyi başqasına bağışlaya bilər. «Ali-imran» surəsinin 92-ci ayəsində oxuyuruq: «Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyinizi biləndir».
İnsanlara əl tutmaq üçün çalışmağın bir şərti var. Aydındır ki, başqalarına əl tutmaq müstəhəb, bir çox vəzifələr isə vacibdir. Müstəhəb iş vacib işə mane olmamalıdır. Məsələn, təhsili buraxıb pul qazanmaq və onu başqalarına paylamaq düzgün sayılmır. Vacib işin tərk olunmasına gətirən müstəhəb işə icazə verilmir.
Mümkündür insan ixtiyarında olan var-dövlətdən istifadə etməsin. Burada müxtəlif məqsədlər ola bilər. İnsan paxıl olduğu üçün yığdığı var-dövlətdən istifadə etməyə qıymaz. Amma başqa bir səbəb də ola bilər. Mümkündür ki, insan dünya ləzzətlərinə adət etməmək üçün qazancına toxunmasın. İnsan birdən-birə qula çevrilmir. O, öz bütünə asta-asta vərdiş verir. İnsan dünya malından az istifadə etməklə onun məhəbbətindən amanda qala bilər. Ümumiyyətlə, qənaət və az xərclə dolanmaq övliya sifətidir. Sərvətli adam zahid də ola bilər. Misilsiz var-dövlətə malik olan həzrət Süleyman öz əlinin zəhməti ilə ərsəyə gətirdiyi arpa çörəyi yeyərdi.
İnsanı dünya malına bağlayan digər bir əlaqə zəif əxlaqi sifətlərdir. Yalnız zəif əxlaqlı insanlar dünya malını dəyərli bilib onun ardınca qaça bilərlər. Hər hansı itki səbəbindən qəm-qüssəyə batmağın da bir səbəbi zəif əxlaqdır.
Əgər insanın dünya malına məhəbbəti olmasa və yalnız vəzifələrinin icrası üçün dünyadan istifadə etsə heç zaman dünyaya könül verməz. İstər varlı insanın Allah yolunda infaqı, istərsə də imkansızlıq qarşısında insanın səbri böyük ibadətlərdən sayılır. Axirəti düşünən insan var-dövlət tapıb onu itirməkdən qorxmur. İmam Sadiq (ə) buyurur: «Böyük var-dövlət və güc səni məst etməsin». 
«Allah sevincdən özünü itirənləri xoşlamır» («Qəsəs» surəsi, ayə 76.). İnsan var-dövlətini əldən verdikdən sonra bədbin olarsa Allahın sevgisindən məhrum olar. «Məaric» surəsinin 19-22-ci ayələrində buyurulur: «Həqiqətən insan çox həris və tamahkar yaradılmışdır; ona bir pislik üz verdikdə fəryad qoparır, xeyir nəsib olduqda isə xəsislik göstərir. Namaz qılanlar istisnadır».

 



B.Fereh | 3 oktyabr 2016 16:26 | Status: Nəzarətçi | Şərh: 6 976
Dunya mali dunyada qalacaq,esas axiretimizi duwunmeliyik.Allah her birimize emelisaleh bende olmagi nesib etsin,inwALLAH.