İslam / Xüsusi

Riza əhlinə əta olunmuş üç xasiyyət

Gülçin | 13-08-2016, 12:00
1 176 1
 
 "O məni sevdiyi vaxt mən də onu sevirəm, qəlb gözünü cəlalıma tamaşa üçün açıram. Öz seçilmiş bəndələrimi ondan gizləmirəm.”
Allah riza (Allahdan razılıq) məqamına yüksəlmiş bəndələrinə üç xasiyyət əta edər. 

Hədisdə oxuyuruq: "Hər kəs mənim razılığıma əməl etsə, ona üç xasiyyət əta edərəm: Ona şükr etməyi öyrədərəm ki, cəhalətdən kənar olar, ona elə bir diqqət və zikr əta edərəm ki, unutqanlıqdan uzaq olar; Ona elə bir məhəbbət verərəm ki, heç bir məhəbbəti mənim məhəbbətimdən üstün tutmaz.”

Demək, ilk xasiyyət Allaha şükr etməkdir. İnsan xarakter etibarı ilə naşükürdür. O, min bir nemət içində qərq olsa da, bu nemətlərin qədrini bilmir, yalnız nemət əlindən çıxdıqda fəryad qoparır. Qurani-kərimdə oxuyuruq: "Əgər bir insanı nemət və mərhəmətdən faydalandırıb, sonra həmin neməti ondan alsaq, qatı ümidsizliyə və küfrə uğrayar.”("Hud”, 9.) Digər bir ayədə oxuyuruq: "Ona bir şər toxunduqda ümidini itirər.” ("Fussilət”, 49.) Başqa bir ayədə isə belə buyurulur: "İnsan çox zalım və küfr edəndir.” ("İbrahim”, 34.) 

Allahdan razı insanlara əta olunmuş digər iki xüsusiyyət Allahın zikri və ilahi məhəbbətdir. Adi insanlar üçün Allahı daim xatırlamaq çətindir. Hətta bir neçə dəqiqəlik namazımızda da xəyalımız dağ-daşı gəzir. Amma Allahın lütfünü qazanmış mömin kəs Allahı unuda bilmir. Allah ona elə bir diqqət əta edir ki, unutqanlıqdan uzaq olur. Əlbəttə ki, aşiq öz məşuqunu heç vəchlə unuda bilməz. 

Riza əhlinə əta olunmuş üçüncü xüsusiyyət ilahi məhəbbətdir. Belə insanların qəlbində Allah məhəbbətindən başqa məhəbbətlərə yer yoxdur. Dünyada bir şeyə könül verən insan az sonra əvvəlki məhbubundan yorulub, başqa bir məhbub tapır. İnsan arzuladığı nemətləri əldə etdikcə bu nemətlər onun gözündə adiləşir və o, növbəti arzularının arxasınca qaçır. Dünya məhəbbəti beləcə hər an öz ünvanını dəyişir.

Hədisdə oxuyuruq: "O məni sevdiyi vaxt mən də onu sevirəm, qəlb gözünü cəlalıma tamaşa üçün açıram. Öz seçilmiş bəndələrimi ondan gizləmirəm.” 

Qurani-kərimdə buyurulur: "Ey iman gətirənlər, sizlərdən hansınız öz dinindən çıxsa, Allah tezliklə sevdiyi bir qövm göndərər və onlar da Allahı sevərlər.” ("Maidə”, 54.) 

Quranda buyurulur: "Allaha iman gətirib, saleh iş görənləri Allah sevimli edər.” ("Məryəm”, 96.) 

Merac hədisində buyurulur: "Gecənin qaranlığında, gündüzün işığında onunla münacat edərəm ki, başqaları ilə danışmaqdan və yoldaşlıqdan çəkinsin.” 

Oyaq vaxtı və yuxuda Allahın münacatını hissdən möminin sevincini təsəvvür etmək çətindir!
Riza əhlinə əta olunmuş üç xasiyyət