İslam / Xüsusi

Arınma, durulma mövsümü-Ramazan ayı

Gülçin | 30-06-2016, 16:30
1 301 2


 

Ola bilsin ki, ilk günlərin orucu bəzilərinizi bir qədər qorxutdu. Təbiidir, çünki Ramazanın əvvəlində orqanizm oruca uyğunlaşana qədər adam müəyyən narahatlıqlar hiss edir. Amma inanın ki, əgər orqanizminizdə ciddi bir narahatçılıq yoxdursa, bir neçə gündən sonra oruca elə alışacaqsınız ki, günorta yemək görsəniz belə könlünüz istəməyəcək.

Bəlkə də bəzi mövzulara təkrar dönməyimiz kimlərinsə xoşuna gəlməyəcək. Amma yenə təkrarlamaq istəyirik ki, Ramazan ayının öz ritmi, gündəlik rejimi var. Əsas məsələ bu ritmə, rejimə girə bilməkdir. Gərək gecənin bir vaxtında oyanasan, sübh namazının girmə vaxtına qədər yeyib yığışasan, ağzını yaxşıca yaxalayasan və oruca başlayasan. Yəni bu ayda istər-istəməz insanın yuxu və yemək rejimi ciddi şəkildə dəyişir. Bir məqamı heç unutmayın: istər sahurda, istərsə də iftarda heç vaxt artıq yeməyin. Çox yemək Ramazanın rejimini pozacaq və sizin o rejimə uymanızı çətinləşdirəcək. Yuxudan öncə heç vaxt çətin həzm olunan yeməklər yeməyin. Duru xörəklərə üstünlük verin. Əgər diqqətli olsanız, düzgün qidalansanız, ən başlıcası isə bu ibadətə səmimi olaraq niyyətlənsəniz, inanın ki, bu ay sizin üçün bayrama çevriləcək. Hər dəfə iftar süfrəsinə əyləşəndə istər-istəməz könlünüzdə bir rahatlıq duyacaqsınız, ruhunuz xoş bir atmosferə girəcək. Təsəvvür edirsinizmi, bu gün siz Allah-Təalanın əmrini yerinə yetirmisiniz, indi də onun verdiyi nemətlərlə orucunuzu açırsınız.

İnsanın mənəvi tərbiyəsində orucun misilsiz xidmətləri var. Hansı yöndən baxırsansa-bax, Ramazan mənəvi tərbiyə və yüksəliş ayı kimi görünəcək. Bu ayda könül rahatlıq tapır.

Bir fikri də demədən sözümü tamamlaya bilmirəm. Ramazanın hər günü bir ömrə bərabərdir. Bu ayın hər saatının, hər anının qədrini bilmək lazımdır. Mənə elə gəlir ki, əgər insan bütün iradəsini, gücünü səfərbər edib özünü pis adətlərdən, vərdişlərdən, xasiyyətlərdən uzaq tuta bilsə, onun dəyişməsi, gözəlləşməsi üçün Ramazan ayı kifayət qədər yetərli bir müddətdir. Yəni bu ayda gözəlləşə bilən qalan on bir aylarda da bu gözəlliyin hamısını olmasa da, bir hissəsini canında, ruhunda saxlayacaq. Bir söz də var, deyirlər ki:

"Hər gələni Xızr bil, hər gecəni Qədr bil”.

Ramazana məhz bu duyğu, bu düşüncə ilə davam etsək, heç şübhəsiz, qazancımız da daha çox olacaq.