Sevgi nədir? Kainatın bir məxluqda cəmləşməsi.Sevgi budur...Sevgi mələklərin ulduzlara göndərdiyi salamdır.
Qəlb eşqdən kədərlənəndə nə qədər həzin olur.Ey sevgi,ey məftunluq!Ey bir-birini anlayan iki ruhun,bir-birinə təslim olan iki qəlbin,bir-birinə nüfuz edən iki baxışın duyduğu zövq!Sən gələcəksən,elə deyilmi,ey xoşbəxtlik?Ey ikilikdə olan gəzintilər,ey xoşbəxt,fərəhli günlər!
Allah bir-birini sevən iki aşiqin xoşbəxtliyinə, bu xoşbəxtliyi hədsiz dərəcədə uzatmaqdan başqa heç bir şey əlavə edə bilməz.
Sevgi dolu həyatdan sonra sevgi dolu əbədiyyət gəlir. Bu doğurdan da sevginin uzadılmasıdır. Allah yer üzünün, sevgi insan qəlbinin fəzilətidir.
Biz ulduza iki səbəbə görə baxırıq. O həm işıq saçır, həm də əlçatmazdır. Lakin bizim yanımızda bundan da böyük bir halə, bundan da böyük bir sirr var.
O qadındır!
Biz kim olursaq olaq, elə bir şey var ki biz onunla yaşayırıq, onunla nəfəs alırıq. Ondan məhrum olduqda biz havadan məhrum oluruq,boğuluruq,ölürük. Sevgi yoxluğundan ölmək dəhşətdir. Bu havasızlıqdan boğulub ölməkdir.
Sevgi iki məxluqu ilahi və müqəddəs vəhdət şəklində birləşdirib bir-birinə bağlayanda ,onlar həyatın sirrini tapmış olur. İndi onlar ancaq bir taleyin iki cəhəti,bir ruhun iki qanadıdır.
Sevin,qanadlanıb uçun...
.
Bir gün sizə elə gəlsə ki, yanınızdan keçən qadın işıq
saçır, siz onda məhv oldunuz, deməli siz sevirsiniz.Onda sizinçün bircə yol
qalır. Siz onun haqqında elə inadla düşünməlisiniz ki,o da sizin haqqınızda
düşünməyə məcbur olsun.
Sevginin başladığını ancaq Allah bitirə bilər.
İntizar içində sevin, əzab çəkin, ümidinizi qırmayın, seyr
edin, düşünün. Vay o adamın halına ki, o ancaq bədəni, şəkli, surəti sevmişdir. Ölüm
bunların hamısını onun əlindən alacaqdır. Çalışın ruhu sevin, onda siz yenə də
onu taparsınız.
Sevilmək nə böyük şeydir! Lakin ondan daha böyük şey sevməkdir! Ürək ehtirasın gücüylə əzəmətli olur.O özündə ancaq təmiz şeyləri saxlayır. O ancaq yüksək və təmiz şeylərə arxalanır. Gicitikən buz üstə bitə bilmədiyi kimi nalayiq fikirlər də qəlbdə cücərə bilməz. Yüksək və aydın ruha,kobud hisslər, ehtiraslar yol tapa bilməz.
Dünyada bircə nəfər də olsa sevən adam tapılmasaydı,günəş sönərdi!
Viktor Hüqo "Səfillər"
@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.Redaktə etdi: Leyla Məhərrəmova