Günün xəbəri / Qadın və problemlər

«10 yaşlı Nuray ağır stress keçirib»

Banu. | 10-01-2017, 09:14
1 777 0

 
Quba rayonunda 2006-cı il təvəllüdlü Nuray Əvəz qızı Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə məhkəmə qətnaməsinin icrası ilə bağlı sosial şəbəkələrdə yayımlanmış video-süjet ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Məsələ artıq Ədliyyə Nazirliyinin nəzarətinə götürlüb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən işçi qrup yaradılıb.  

Qeyd edək ki, N. Bayramzadə 2010-cu ildə anasının vəfatından sonra Quba rayon İcra Hakimiyyətinin sərəncamı  ilə xalası M.Eldarovanın qəyyumluğuna verilib. Atası Əvəz Bayramovun iddiası əsasında 2012-ci ildə Quba rayon Məhkəməsi uşağın atasına verilməsi haqqında qətnamə qəbul edib. Sumqayıt Apelyasiya Məhkəməsinin və  28 avqust 2012-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 10 aprel 2013-cü il tarixli qərarı ilə Quba rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. 

Komitə hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin Nuray Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir: "Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Qərarların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məsələ ilə bağlı Komitə tərəfindən Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlik baş vermiş insidentlə bağlı hazırda xidməti araşdırma aparıldığını və nəticə üzrə qanunamüvafiq tədbirlər görüləcəyini bildirib”.

7 dekabr 2016-cı il tarixində Quba rayon icra şöbəsində icra prosesi zamanı N. Bayramzadə baş verənlərdən ağır stress keçirib: "Təqdim edilmiş sənəddə Quba rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı azyaşlının icra prosesində kəskin psixoemosional və fiziki təzyiqlərə məruz qaldığının şahidi olduğunu bildirib və yaşayış mühitinin dəyişdirilməsinin  ona mənfi təsir edəcəyi barədə rəy verib"- deyə Komitənin məlumatında bildirilir. 


Vəkil Aqil Layıc: "Məhkəmə qərarı icra olunmadan geri qaytarılmalıydı”
 
Məsələni Bizimyol.info saytına şərh edən vəkil Aqil Layıc bildirib ki, bu kimi məsələlərdə əsas fundamental problem icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanının öz funksiyasını lazımlı səviyyədə yerinə yetirməməsidir. "Onlar kabinetlərindən çıxaraq uşağın yaşadığı evə getmədən, vəziyyəti yerində araşdırmadan rəy verirlər. İstər məhkəməyə qədərki, istər məhkəmə,  istərsə də məhkəmədən sonrakı dövrdə uşaqların vəziyyətini araşdırmalı, onların hüquqlarını mənafelərini qorumalı olan qurumlar öz vəzifələrini yerinə yetirmək iqtidarında deyillər. Konkret bu məsələyə gəlincə, işin faktiki halları tam olaarq bizə məlum deyil, sadəcə mətbuatda yazılanlara əsasən məlumat əldə edirik ki, anası xəstə olduğu üçün uşaq lap kiçik yaşlarından xalasının yanında qalıb. Çox ehtimal, uşaq xalasını anası kimi qəbul edir. İşin kökündə bir-birinə zidd olan məsələlər durur. Bir yanda məhkəmə qərarının mütləq icra olunması prinsipi və dövlətin bu yöndə yükü var, o biri yanda isə uşaq hüquqlarının üstün mənafeyi. Bu iki prinsipin ziddiyyətinə qalınca, BMT-nin Uşaq Hüquqları Konvensiyasına, həmin konvensiyaya uyğun hazırlanmış "Uşaq hüquqları haqında” AR Qanununda da nəzərdə tutulub ki, istənilən məsələdə uşaq hüquqları üstün tutulmalıdır. Hesab edirəm ki, bu ziddiyətli halda məhkəmə qərarı icra olunmadan qaytarılsaydı, legitim məqsədə xidmət edəcəkdi. Burada legitim məqsəd isə uşaq hüquqlarının stun mühafizəsidir. İcra məmuru bunu etməlidi, nəinki qeyri-peşəkarlıq göstərək, uşağa şiddət göstərmək və s. Əmin edirəm ki, o uşağın aldığı travmanı heç kim bərpa edə bilməyəcək” - deyə A.Layıc bildirir. 

"Qəyyumluq və himayəçilik komissiyası”nın rəyləri ziddiyyətlidir

Vəkil əlavə edir ki, məsələd digər ziddiyyətli məqam "qəyyumluq və himayəçilik komissiyası”nın ayrı-ayrı vaxtlarda verdiyi rəydir. "Himayəçiliyə vermək o deməkdir ki, uşaqla bağlı valideynlik hüquqlarının faktiki olaraq himayəçi həyata keçirir. "Qəyyumluq və himayəçilik komissiyası” faktiki olaraq 2011-ci ildə uşağın himayəçiliyini xalasına verib. Üstündən bir müddət keçdikdən sonra isə məhkəmə müraciətinə əsasən həmin qurum başqa bir rəy verir ki, uşaq atada qalmalıdır. Yəni eyni qurum bir-birinə zidd qərarlar verir. Çünki uşağın xalada qalması birbaşa "qəyyumluq və himayəçilik komissiyası”nın razılığı ilə olub. İki aydan sonra ata komissiyanın qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edəndə məhkəməyə tamam əks rəy veriblər. Çox güman ki, birinci dəfə uşaqla görüşərək xalasının yanında qalmasına razılıq veriblər, ikinci dəfə isə ümumiyyətlə görmədən rəy verilib ki, uşaq ataya verilməlidir. 

Qanunvericiliyə görə valideynlər uşağın himayəçiləri sayılır. Uşaq o halda uşaq evinə və ya digər qohumun himayəsinə verilir ki, valideynlər sağ olmur, yaxud sağdırsa da, valideynlik hüquqlarını həyata keçirməsin. Maraqlıdır, birinci dəfə ata harada idi ki, uşaq xalaya verilib? Çünki atanın razılığı olamadan uşağı xalanın himayəsinə vermək mümkün olmamalı idi. Yenə də deyirəm, işin halları ilə bağlı dəqiq məlumat olmasığına görə bəzi məsələlər qaranlıq qalır” - deyə A.Layıc bildirir.

Hüquqşünas Yeganə Məmmədova:  "10 yaşlı uşağın fikri məhkəmədə nəzərə alınmalıdır”

"İM Hüquq Xidmətləri” MMC-nin rəhbəri Yeganə Məmmədova bildirir ki, Ədliyyə Nazirliyi Quba rayon icra şöbəsinin icra məmurlarının vəzifə səlahiyyətlərini zor tətbiq etməklə  icra etmələri qanunla nəzərdə tutulmayıb. Ailə Məcəlləsində uşaqların tərbiyəsi ilə bağlı iş üzrə məhkəmə qətnaməsinin icrası barədə olan 74-cü maddəyə əsasən, uşağın verilməsi haqqında məhkəmə qətnaməsinin uşağın mənafeyinə ziyan vurmadan icra olunması mümkün olmadıqda, uşağın mənafeyinə ziyan vurmadan uşaq, məhkəmənin qərardadı ilə müvəqqəti olaraq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilir. Yəni hazırki hal üçün göründüyü kimi, məhkəmə qətnaməsinin bu formada icra edilməsi tamamilə qanuna ziddir. İcra məmurları öz vəzifə səlahiyyətlərini aşmışdır və buna görə müvafiq məsuliyyət daşıyırlar”. 
Y.Məmmədovanın sözlərinə görə, bu kimi məsələlərdə uşağın da fikri məhkəmədə əsas kimi götürülməlidir. Ailə Məcəlləsinin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər”.

Hansı halda şəxs valideynlik hüququndan məhrum edilir?

Qeyd edək ki, sözügedən hadisə il bağlı sosial şəbəklərdə gedən müzakirələrdə atanı günahlandıranlar arasında hətta onun valideynlik hüququndan məhrum edilməsini təklif edənlər də var. Bəs qanunvericilk hansı hallarda valideynlik hüquqlarından məhrumetməyə icazə verir. 
Y.Məmmədova bildirir ki, Ailə Məcəlləsinə əsasən, öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə və uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə şəxs valideynlik hünququndan məhrum edilə bilər”. 

Rəşad VAQİFOĞLU