Günün xəbəri / Xəbəriniz olsun!

İstanbul qəlbindən vuruldu - polislərə qarşı iki terror partlayışı - ölənlər var, yaralı sayı 70-ə çatdı (FOTO, VİDEO) - YENİLƏNİR

Banu. | 10-12-2016, 23:00
713 0

 
 
İstanbulun Beşikdaş bölgəsində, "Barbaros" caddəsində ikı şiddətli partlayış baş verib. Canlı yayın verən Türkiyə televiziyalarına istinadən xəbər verir ki, bu, terror hadisəsidir. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu da Məclisdəki çıxışında məlumat verib. O deyib ki, hədəfdə polislər olub. 20-yə yaxın polis yaralanıb. Həlak olanlarla bağlı məlumat hələlik yayılmayıb.

Partlayışdan (terrordan) sonra hadisə yerinə çox sayda xilasetmə və təcili yardım maşınları cəlb edilib. Bölgə İstanbulun qəlbi sayılan ərazidir; Taksim Meydanından Beşiktaşa enən prospektdə, çox hərəkətli bölgədir. 


Bildirilir ki, Dolmabahçədə baş verən partlayışdan sonra silah səsləri də eşidilib.

"Beşiktaş"-"Bursaspor" matçının sona çatmasından sonra tərəfdarların dağıldığı saatlarda meydana gələn partlayışın bomba yüklü iki  avtomobillə reallaşdırılmış ola biləcəyi bildirilir.

Hücumun stadionun təhlükəsizliyini təmin edən çevik polis qüvvələrinə qarşı yönəldiyi qeyd olunur.

Hadisə ilə bağlı xəbərlər verən media qurumları üçün yayın yasağı tətbiq olunub.


Son gələn məlumatlara görə, təəssüf ki, terrorda həlak olanlar da var. Yaralıların sayının 40-a çatdığı bildirilir.

Terror məsələləri üzrə mütəxəssis Abdulla Ağar CNN-ə bildirib ki, bu terror aktının İŞİD-in işi olması ehtimalı azdır, daha çox PKK-nın dəst-xəttinə oxşayır.

Xəbər verilir ki, bu hadisə ilə bağlı olaraq səhiyyə və daxili işlər nazirləri Ankaradan İstanbula gəliblər. Daxili işlər naziri Süleyman Soylu partlayışın canlı bomba tərəfindən törədildiyi ehtimalının güclü olduğunu bildirib.

Qəzetçi Cem Küçük Beyaz TV-yə açıqlamasında bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan partlayışdan cəmi 15 dəqiqə əvvəl həmin nahiyədən keçib. Bunu qəzetçiyə prezidentin yaxın ətrafından bildiriblər.

****

02:07

Son məlumatlara görə, terakt nəticəsində yaralananların sayı 40-a çatıb. Yaralı sayının artacağı istisna edilmir.

02:27

İstanbulda törədilmiş terror aktları nəticəsində yaralananların sayı 70-ə çatıb. Bundan başqa verilən məlumatlara görə, teraktı qadın qılığına girmiş iki nəfərin törətdiyi ehtimal edilir.