Günün xəbəri / Xəbəriniz olsun!

Novruz bayramınız mübarək!

SEVDA | 20-03-2021, 04:30
672 0
 


 

 
Novruz bayramınız mübarək olsun... 

 
 Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır. 
 



Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı,və s. bayram süfrəsinin bəzəyi olur.


 
 Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
 


 
Novruz axşamı axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Eşidilən ilk söz niyyətin baş tutub-tutmayacağını aşkar edir. 
 



Bu qədim adət illərin sınağından çıxaraq özünü doğruldub. Papaqatma da Novruzun qədim adətlərindədir. Ev yiyəsi papağa bayram şirnilərindən yığaraq onu qapıya qoyur. Papağın yiyəsi öz sovqatını götürüb gedir.
 

 


 


Novruz bayramını kosasız təsəvvür etmək mümkün deyil. Sevindirici haldır ki, kosa oyunu hər bayram xatırlanır, rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geyindirərək, üzünə kağızdan hazırlanmış üzlük (maska) taxıb, başına da kəllə qənd kağızından uzun şiş papaq qoyardılar. Belinə zəncirovlu bir kəmər bağlanardı. Boynuna da zınqırovlar asardılar. Bu şəkildə hazırlanan kosanı məhəllə uşaqları araya alıb, həyətləri gəzdirərək bir hava ilə xor halında xüsusi bir nəğmə oxuyar, kosa isə oynayardı. Kosanın xurcununa bayram sovqatı qoyardılar. Kosanı adətən keçəl müşayiət edərdi. 
 



Beləcə əsrlərin yaşıdı olan Novruz bayramı adət-ənənələrlə zəngindir. Bu adət-ənənələri xalqımız unutmur və hər il qeyd edir.
 


 
BÜTÜN XALQIMIZI BU ƏZİZ BAYRAM MÜNASİBƏTİLƏ TƏBRİK EDİRƏM.YENİ HƏYAT GƏTİRƏN, QƏLBLƏRİ SEVİNDİRƏN, ƏTRAFI GÖZƏLLƏŞDİRƏN, TƏBİƏTİ OYADAN, BAYRAMLARIN ƏN SEVİLƏNİ OLAN NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN!!!