Gözəllik / Saç tökülməsi və qulluq

Bunları etsəniz, saçlarınız TÖKÜLMƏYƏCƏK

Banu. | 29-11-2018, 21:30
767 0


Əgər saçlar seyrəlməyə başlayarsa, saçların möhkəmləndirilməsi üçün həftədə 2-3 dəfə xüsusi maskalar etmək yaxşı olar:
- 1 xörək qaşığı konyak, 1 yumurta sarısı və 1 desert qaşığı balı qarışdırın. Alınan maskanı saçları yumamışdan qabaq 30 dəqiqə müddətinə başın dərisinə çəkin. Sonra saçları içərisinə ½ limon şirəsi qatılmış yumşaq su ilə yaxalayın.
- 1 çay qaşığı bal, 1 yumurta sarısı, 1 çay qaşığı gənəgərçək yağı və 1 çay qaşığı ayıpəncəsi yağı götürərək onları qarışdırın. Bu qarışığı başın dərisinə sürtüb əvvəlcə sellofan ilə, sonra isti şərflə örtün. 1-2 saat keçdikdən sonra başınızı yuyun.
- Əgər saçlarınız seyrəkdirsə və pis uzanırsa, axşam başın dərisinə gənəgərçək yağı sürtüb yatın, səhər isə başınızı yuyun. Bu proseduranı, saçların vəziyyətində nəzərəçarpacaq yaxşılaşma qeyd edilənə qədər həftədə 2 dəfə olmaqla etmək lazımdır. Lazımı effekti aldıqdan sonra isə onu 2 həftədən bir və ya ayda 1 dəfə olmaqla yerinə yetirmək olar.
Saçları bərpa etmək və onları möhkəmləndirmək üçün maskalardan başqa, dərman bitkilərindən hazırlanan dəmləmələrdən və onların spirtdə hazırlanan məhlullarından da istifadə etmək olar. Maskalar kimi, onları da müntəzəm olaraq həftədə 2-3 dəfədən az olmayaraq heç olmasa, 1 ay müddətində tətbiq etmək lazımdır. Otlardan hazırlanan bu məhlulları başı yuduqdan sonra saçların sonuncu dəfə yaxalanması üçün hazırlanan yumşaq suya əlavə etmək və ya başı yumamışdan qabaq saçların köklərinə sürtərək 1 saat ərzində saxlamaq olar. Əgər saçlarınız yağlıdırsa onları dəmləmələrlə yaxalamaq daha yaxşıdır. Saçlarınız quru və ya normaldırsa, dəmləmələri masaj hərəkətləri ilə başın dərisinə sürtmək olar.
- 2 xörək qaşığı dazıotunun üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmlədikdən sonra onu süzmək lazımdır.
- Şam ağacının tumurcuğu, budağı və qabığından 5 xörək qaşığı götürərək üzərinə 2 litr qaynar su töküb 15 dəqiqə ərzində ağzı bağlı şəkildə qaynatmaq lazımdır.
- 2 xörək qaşığı gicitkənın üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmlədikdən sonra onu süzmək lazımdır (böyürtkən yarpaqlarından da eyni qayda ilə dəmləmə hazırlamaq olar).
- 2 nar meyvəsinin qabığını yaxşı yuyun və üzərinə 1 litr qaynar su töküb 10 dəqiqə ərzində vam odda ağzı bağlı şəkildə qaynatdıqdan sonra süzün. Saçları yuduqdan sonra onları sonuncu dəfə yaxalamaq üçün bu dəmləmədən istifadə etmək olar.
- 3 xörək qaşığı pıtraq və 3 xörək qaşığı gicitkən götürüb üzərinə 1 litr qaynar su əlavə edərək 20 dəqiqə ərzində dəmləmək lazımdır. Saçları yuduqdan sonra alınan dəmləmə ilə yaxalayın.
- 2 xörək qaşığı doğranmış pıtraq kökünün üzərinə ½ litr qaynar su töküb 15 dəqiqə ərzində ağzı bağlı şəkildə vam odda qaynatmaq lazımdır. Alınan dəmləmənin üzərinə 2 çay qaşığı şüyüd toxumu əlavə edin və 2-3 saat saxladıqdan sonra onu süzün. Bu dəmləməni saçları son dəfə yaxalamaq üçün hazırlanmış suya əlavə edin.
- 3 xörək qaşığı çaytikanı meyvələri və yarpaqlarının üzərinə 2 stəkan qaynar su töküb 30 dəqiqə ərzində dəmlədikdən sonra süzün.
- Saçlar güclü şəkildə töküldüyü halda, başın dərisinə sürtmək üçün uzunsov qırmızı bibərin spirtli məhlulundan istifadə etmək olar. 100 qram qırmızı bibərin üzərinə 1 litr 70 dərəcəli spirt əlavə edərək 6-7 gün ərzində saxladıqdan sonra onu süzürlər. Alınmış qarışıqdan 10 qram götürüb, onu 100 qram qaynanmış su ilə qarışdırdıqdan sonra, həftə ərzində 2-3 dəfə axşam saatlarında başın dərisinə sürtmək lazımdır.
Saçların tökülməsini gündəlik düzgün rejim ilə də dayandırmaq olar: vaxtında yatmaq və durmaq, daha çox hərəkət etmək və açıq havada olmaq, düzgün qidalanmaq, yazda və payızda vitamin kompleksləri qəbul etmək, stresli vəziyyətlərdən uzaq olmaq, bu, mümkün olmadıqda isə gərgin dövrlərdə sakitləşdirici dərmanlar (həkimlə məsləhətləşdikdən sonra-red) qəbul etmək lazımdır.




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.