Gözəllik / Bədənə qulluğun qaydaları

Çox ətirdən istifadə ciyərlərinizi məhv edə bilər

Lale Mehrali | 4-12-2011, 15:00
8 322 60

Ətirlərin orjinalı da, saxtası da həm insana, həm də təbiətə ciddi zərər verir

 

Bu yazımıza ilk olaraq sorğu ilə başlamaq qərarına gəldik. “Ətirlərdən zərərini bilirsinizmi və onlardan istifadə edirsinizmi?” deyə sual ünvanladığımız 12 respondentdən 7-si “zərərini bilirəm, amma yenə də istifadə edirəm” cavabını verdi. “Təbii bitkilərdən hazırlanmış ətirli yağlardan istifadə edirəm” deyənlər cəmi 3 nəfər oldu. Bir nəfər “brend markalardan istifadə edirəm, zərərini hələ görməmişəm” dedi. Bir nəfər isə nəyə görə zərərli olduğunu soruşdu. Biz də həm bu suala cavab olsun deyə, həm də başqa bilməyənləri bilgiləndirmək üçün bu araşdırmamızı hazırladıq.


5 min il yaşı olan ətir

 

Dilimizdəki “ətir” sözü latıncadan tərcümədə “yaxşı qoxulu tüstü” mənasını verən "perfumum" sözündən yaranıb. Ətirin yaranma tarixi olduqca qədim dövrlərə gedib çıxır. Hələ 5 min il əvvəl misirlilər Günəş Tanrısı Ra üçün xüsusi mərasimlər təşkil ediblər. Eyni vaxtlarda Hindistanda da ətirli çubuqlardan və gül-çiçəkdən düzəldilən ətirli yağlardan istifadə olunub. Hər iki qədim sivilizasiyanın mərasimlərində gözəl rahiyəsi olan güllər və xüsusi qoxusu olan ağaclar yandırılaraq Tanrıya təklif edilirdi.

 

Eynilə ölmüş yaxınları üçün də bu ətirli ağaclardan və otlardan istifadə edirdilər. Ölən insanın bədəni bu güllərdən hazırlanmış yağlarla yuyular və məzarlarına qoxulu ağaclar və otlar qoyulardı. Qədim misirlilərin ən cox sevdiyi ətirin adı isə “kyphi” olub, bu ətir bal, şərab, düyü, mersin çiçəyi, zəfəran, qatırdırnağı və ardıcdan hazırlanırdı.

 

Müasir ətirlərin əcdadı bu gül yağları hesab edilsə də indiki ətirlərlə onların arasında demək olar ki, heç bir bağ yoxdur. Öncəliklə, qədim insanlar bu ətirləri təbii yollarla- müxtəlif güllərin, çiçəklərin yağından, ətirli ağacların kömüründən, yeyilən bitkilərin meyvəsindən əldə edirdilər. Müasir ətirlər isə demək olar ki, yüzdə yüz süni kimyəvi qarışıqdır.


Üfunəti ört-basdır edən ətirlər

 

Müasir ətirlərin istehsalına ilk dəfə XIV əsrdə, 1370-ci ildə başlandı. İlk ətirin sahibi isə gözəlliyi ilə dillərə dastan olmuş Macar kraliçası oldu. İlk ətirin adı da “macar suyu” adlandırıldı. XVI ətirlərin istehsalı sürətləndi, o illərdə ən çox ətir istehsal və istehlak edən ölkə də Fransa idi. Amma ətirdən sadəcə insanların gözəl qoxuması üçün istifadə etmirdilər. Çünki onlar bədənə vurulan ətirin xəstəlik yaradacağından qorxurdular və buna görə ətiri yalnız üfunət qoxuyan yerlərə çiləyirdilər. Yeni istehsaldan çıxmış paltarlar, dəri geyimlər və ayaqqabıların qəribə iyini də məhz bu vasitə ilə yox edirdilər.

 

Şərq mədəniyyətində ətirlər xüsusi önəmə malik olub. Amma bu ətirlər tamamilə təbii yağlardan ibarət olmaqla yanaşı tərkibində spirtli maddələr olmayıb. Misir, Hindistan kimi ölkələrin istehsal etdiyi ətirlər müşk, ənbər, kəhraba kimi qoxular verirdi. Qərbdə ətir hazırlanmağa başlandığı zaman isə heyvanlara zərər verdilər. Belə ki, bəzi ətirlərin hazırlanmasında heyvanların iç yağından istifadə edirdilər.


Ətirlərin saxtası da, orijinalı da təhlükəlidir

 

Son əsrdə texnologiya olduqca cox inkişaf etdi, indi insanlar istədiyi hər şeyə onun vasitəsi ilə nail ola bilirlər. Ətirlərin hazırlanmasında yeni tətbiqetmələr hazırlandı, böyük lobaratoriyalarda gizli halda reseptlər yaradıldı, o reseptlərin köməyi ilə tərkibi məlum olmayan ətirlər istehsal edildi. Hər gün yeni bir marka adı yaradıldı, o marka adının altında olduqca çox çeşidli ətirlər təqdim edildi.

 

Christian Dior, Clarins, Drakkar Noir, Fahrenheit, Lancome, Lavendar Harvest, Polo, Raiph Lauren, L,Oreal, Biotherm, Maybelline, Vichy, Decleor, Bourjois  kimi “fransız” ətirləri indi hamının dilində əzbərdir. Metro çıxışlarında, özəlliklə də “Vosmoy” yarmarkasında bu ətirlər qramla təklif edilir. Bir qramının qiyməti 1 manatdan 4 manata qədər dəyişən bu ətirlər insandan uzun müddət “uzaqlaşmır”. Hətta paltar yuyulduqdan sonra belə ətirin qoxusu gəlir. Təsəvvür edin, bu qədər üstümüzdə qala bilən qoxular ciyərlərimizdə nə qədər qalır və hansı fəsadları yaradır.

Mütəxəssislər, özəlliklə də zirzəmilərdə qablaşdırılan, “orijinal”ından heç nə ilə fərqlənməyən ətir qutularını və şüşələrini birmənalı şəkildə baykot etməyə çağırır. Ətirlərin orijinalı belə zərərli olduğu halda, qeyri-steril şəraitdə, laborotor analizlər olmadan hazırlanan saxta ətirləri olduqca təhlükəli olduğunu deyən ekspertlər onların qarşısı alınmaz xəstəliklər yarada biləcəyini deyirlər. 

 

Orijinalına nisbətən ucuz olduğu üçün daha çox üstünlük verilən saxta ətirlərin içərisindəki kimyəvi qatqıların nələrdən əmələ gəldiyi bilinmir, ətirlərin üzərində bu barədə heç bir məlumat yazılmır (yazılsa belə nə dərəcədə doğru yazıldığını bilmirik), bir çoxumuzun dərisində bu ətirlərlə təmasdan sonra  qızartı, qaşınma və şiş əmələ gəlir


“Paraben”dən uzaq olun

 

Türkiyənin Adnan Menderes Universiteti ötən ay çox maraqlı bir araşdırmasının nəticəsini açıqlamışdı, alimlər araşdırmanı bir cümə ilə ifadə etdilər: “Ətirlər ağciyər xəstəliklərinə zəmin hazırlayır və təkan verir”.

Həkimlər yeni doğulan körpə ilə təmasda olanlara ətirdən istiadə etməyi qadağan edir, çünki qoxu körpənin ciyərlərinə pis təsir edir. İnsan çiyəri həssas orqandır, adı tozdan belə reaksiya verir. Tərkibində yüzlərlə kimyəvi komponentin qarışığı olan ətirlər isə daha çox zərərlidir. Ətirlərin bir çoxu dəriyə vurulduqdan sonra yerində qəhvəyi ləkələr yaranır. Bu ani reaksiyadır. Əsl fəsad orqanizmin daxilində gedəndir.

 

Tərkibində “paraben” olan bütün növ kosmetoloji vasitələr zərərlidir, bu maddə daha çox ətirlərin hazırlanmasında istifadə edilir. Kansorogen maddə olduğu üçün ətirlərin daha çox istehsalı ilə məşğul olan Fransada böyük mübahisələrə səbəb oldu. Məlumat üçün qeyd edim ki, bəzi Avropa ölkələrində tərkibində “paraben” olan kosmetik vasitələr qadağan edildi. Tərkibində “paraben”in olduğu məhsullar arasında körpələr üçün istifadə edilən kremlər də var.

 

Ətirlərin 97%-i neftdən alınan maddələrdən hazırlanır, hazırlanma prosesində bu maddələrlə birlikdə benzin və aldehitlər yaranır ki, onlar da ətirlərin tərkibində olur. Ətirlər yalnız ondan istifadə edənlər üçün deyil, ətrafda həm sağlam, həm də miqrendən əziyyət çəkənlər üçün zərərlidir.


Ətirlər ozon təbəqəsinə belə zərər vurur

 

Ekoloji cəhətdən baxsaq, daha düşündürücü bir problemlə qarşı-qarşıya olduğumuzu görərik.  Ətirin insan orqanizmindən daha çox ozon təbəqəsinə zərər verdiyini bilirdinizmi? Bütün növ ətirlərdə istifadə edilən “koloroflorokarbon” qazları ozon təbəqəsinə böyük zərər verir. Təsəvvür edin ki, avtomobillərin qazının verdiyi zərər qədər ətirlər də təbiətə zərər verir. Bircə fərqi var, avtomobillərdən çıxan qazın qoxusu pis, ətirlərin qoxusu isə xoşagələndir, amma ikisinin də vurduğu zərər eynidir.

 

Bioloji baxımdan da vəziyyət ürəkaçan deyil, həm saxta, həm orijinal adlandırılan ətirlərin ciyərlərə vurduğu zərər çoxdur. Ətirlərdən olduqca çox istifadə edən insanlarda nəfəs darlığı, tövşümələr daha çox rast gəlinir. Bu əlamətlərin kökündə ağciyərlərin fəaliyyətinin normal olmaması dayanır. Kimyəvi maddələrin təsirindən funksiyası ləngiyən ciyərlər normal tənəffüs edə bilmir, bunun da nəticəsində nəfəs alış-verişi ləngiyir.

 

Amerikada ötən il aparılan bir araşdırma nəticəsində məlum oldu ki, parfumeriyalarda istifadə edilən “benzolin” adlı maddə insan orqanizmini “darmadağın” edir. Araşdırma zamanı siçanlardan istifadə edildi. Onların nəfəs aldıqları oksigeni ətirlədilər. Nəticə açıqlananda məlum oldu ki, ətirlər siçanların limfa düyümlərinin genişlənməsinə, dalaqlarının böyüməsinə və eyni zamanda qaraciyərlərinin böyük zərər görməsinə səbəb olub.

Rusiyada aparılan başqa bir araşdrıma nəticəsində isə aydın oldu ki, ətirlərin hazırlanmasında istifadə edilən maddələr bunlara səbəb olur: göz yaşarması, bəbəklərin quruması, ikili görmə, asqırma və öskürək, burunun tutulması, qulaqlarda küy və cingilti və ağrı, baş dönməsi, nəfəs darlığı, udqunmada problem, astma tutması, kəskin baş ağrıları, qısa müddətli yaddaş itkisi, diqqətsizlik, ürək bulanmaları, həyəcanlanma, tez-tez əsəbiləşmə, oynaq, damar və əzələ ağrıları, yüksək təyziq, limfa toxumalarında şişlik.


Azərbaycanda bu sahədə elmi araşdırmalar ehtiyac var

 

Dünyadakı araşdırmalar konkret olaraq vərəm xəstəliyinin yaranması səbəblərindən birinin ətir olduğunu söyləsə də, bizim ölkədə bu sahədə hər hansı bir araşdırma aparılmayıb. Cəmiyyətdə bu barədə çox söz-söhbət gəzsə də, hər hansı rəsmi bir xəbərdarlıq edilmədiyindən insanlar eşitdiklərini qulaqardına vurur. Düzdür, ayrı-ayrı QHT və ictimai birliklər bu sahədə kiçik araşdırmalar edib, amma Səhiyyə Nazirliyinin bu səhədə məlum araşdırma etməsinə və açıqlama yaymasına gerçəkdən ehtiyac var.

 

Həkim Arif Nuri bildirir ki, ayrı-ayrılıqda ətirlərin zərərləri və vərəm haqqında geniş bilgisi var, amma konkret olaraq ətirin vərəm xəstəliyi yaratması faktını doğru hesab etmir: “Tam sağlam adam heç vaxt ətir istifadə etməklə vərəm xəstəliyinə tutula bilməz”.

 

Fizioteralpevt Xatirə Səlimova isə deyir ki, ətirlərin tərkibindəki kimyəvi maddələr ağciyər xəstəliklərinə həssas olan insanlar üçün təhlükəlidir: “Biz sübut etməmişik hələ, ətirlərin zərəri barədə konkret bilgimiz yoxdur. Bu barədə xarici mətbuatdan oxuyuruq, onların həyata keçirdiyi analizlər belə nəticə ortaya qoyur. İnkar etmirik, bu mümkündür. Yaxşı olar ki, ətirdən istifadə edəndə onu bədənə yox, paltarın bədənə dəyməyən yerlərinə çiləyək. Mümkün qədər bədənimizin aşağı hissəsində istifadə edək ki, nəfəs alışı  zamanı qoxunu udmayaq”.

 

4 saylı vərəm dispanserindən  adını açıqlamaq istəməyən həkim bildirdi ki, bu barədə əllərində hər hansı bir fakt yoxdur: “Biz buna yalnız laborator analizlər aparılandan sonra əmin ola bilərik. Öncədən, araşdırmadan, analiz etmədən konkret fikir bildirmək istəməzdim. Amma mümkündür, çünki o ətirlərin tərkibində o qədər kimyəvi maddələrdən istifadə edilir ki, xəstəliyə takan verə bilər. Mövcud ətirlərin astma yaratdığına isə əminik” .

 

Hər bir halda ətrlərdən istifadə etmək məcburiyyətindəyiksə, çalışıb daha sadə tərkibli, yüngül iyi olan ətirlərə üstünlük vermək lazımdır. Sovet vaxtı məşhur ətir və odekalon markaları (Troynoy, Smorodina, Krasnaya Moskva, Qvazdika və s) var idi ki, onların istehsalı indi də Rusiyada davam etdirilir. Bunlar olduqca sadə tərkibə malikdir və ətirləri də tünd deyil. Hazırda da həmin odekalon və ətirlərdən istifadə edənlər çoxdur. Təbii ki onların qiymətləri də ucuzdur- 100 qramlıq şüşəsi təxminən 2 manatdan başlayır.

Hindistanda da tərkibi tam təbii olan ətirlər hazırlanır. Lakin bunların qiyməti o qədər ucuz deyil, təxminən 100 qramı 20 manatdan başlayır. Bu ətirlərin hazırlanmasında yalnız ətirli gül və çiçəklərdən istifadə olunur ki, belə məhsulların da sağlamlğa heç bir zərəri yoxdur. Təəssüf ki ölkəmizdə belə məhsullara nadir hallarda rast gəlinir.

 

Ümumiyyətlə, ciddi ehtiyac olmadıqca suni ətirlərdən uzaq durmaq ən yaxşısıdır. Hər bir halda bunların tərkibində insan sağlamlığına zərərli olan çoxsaylı kimyəvi komponentlər var. Ciyərlərimiz yalnız oksien tələb edir, onların təhlükəli kimyəvi qoxulara ehtiyacı yoxdur. Biz ciyərlərimizi belə ətirlərə qonaq etdikcə isə qorxulu xəstəliklər qonağımıza çevrilir. Arzolunmayan qonaq isə bizə lazım deyil.

 

Araşdırmanı etdi: Lalə Mehralı


ESMERRi | 25 mart 2016 20:00 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Akademik
twk maraqli xebere gore

Sitat: Akademik
twk maraqli xebere gore
Akademik | 25 fevral 2013 22:12 | Status: Professional user | Şərh: 4 580
twk maraqli xebere gore
B_R | 2 dekabr 2012 21:34 | Status: VİP user | Şərh: 971
MEN PARFUMLERI AMA COX SEVIREM. VE GUNDELIK HEYATIMDA COX AMA COX ISTIFADE EDIREM. :n50:
S24 | 4 oktyabr 2012 19:54 | Status: Gümüş user | Şərh: 797
əlbətdə hər seyin coxu ziyandi ətirdə təbi ki
Ayka21 | 25 avqust 2012 14:36 | Status: Yazar | Şərh: 2 770
Sitat: G-----16
amma etirlerden dehset cox istifade edirem

olmekmi istiyirsen?kiz :n2:
G-----16 | 22 iyul 2012 13:51 | Status: Gümüş user | Şərh: 2 227
tesekkurler faydali xebere gore amma etirlerden dehset cox istifade edirem :n28: