Gözəllik / Arıqlama - pəhrizlər

Bunu edin və hər gün dəyişikliyin şahidi olacaqsınız!

Banu. | 4-06-2018, 15:30
3 706 0

Yazın gəlişinə az qalıb. Demək, bir çox xanımlar, eləcə də kişilər üçün əlavə çəki və pəhriz məsələsi yenidən aktuallıq qazanır. Bu, heç də təsadüf deyil. Qışda orqanizm yağ "toplamağa", ehtiyat formalaşdırmağa meyilli olur. Çünki bu dövrdə bədənin isinməsi üçün yayla müqayisədə daha çox enerjiyə ehtiyac olur. Amma bu "isinmə"nin fəsadları bir çox hallarda lazımi həddi aşır. Bunun səbəbləri hər kəsə məlumdur: hərəkətsizlik, stress, ayaqüstü qidalanma adəti, fastfudlar, alkoqol, şirniyyata sevgi...
Bütün bunlardan sonra böyürlərdə asılan piy qatları nəinki insanı sevindirmir, hətta sağlamlıq üçün ciddi problemlər də yarada bilir.
Çəkinin yaratdığı stress
 
Artıq çəkidən xilas olmaq üçün əksər qadınlar, həmçinin kişilər ən müxtəlif vasitələrə əl atırlar. Xoşbəxtlikdən, İnternet əsrində informasiya çatışmazlığı yoxdur. Virtual aləmdə isə tez arıqlamağa kömək edən supervasitələr və fiziki hərəkətlər haqqında saysız-hesabsız reklamlara rast gəlinir. Bütün insanlar üçün birmənalı cavab və resept yoxdur. Amma çoxları panaseya axtarışında tez-tez fanatizmə varır, ümidsizlikdən məyusluğa və ya əksinə keçir, nəticədə, bir arıqlama üsulu digərini əvəzləyir. Üstəlik, cəmiyyətimizin bir çox üzvünün "sağlamlıq" cəhdləri vicdansız insanlar üçün manipulyasiyalara yol açır. 

Nəzərə alsaq ki, orta statistik istehlakçı nadir hallarda öz üzərində ciddi şəkildə çalışır, müasir farmakologiya sürətli arıqlamağa hesablanmış bir çox vasitələr təklif edir. Buraya istər bioloji fəal əlavələr (BFƏ), istər geniş reklam olunan "arıqladan", "şlak əridən" çaylar daxildir. Əksər şirkətlərdə marketin, əlçatmaz yüksəklikdədir, nailiyyətlərin nümayişi isə çox effektlidir. Məsələn, BFƏ ilə arıqlatmaqla məşğul olan məşhur şirkətlərdən biri öz fəaliyyətiini diyetologiya məktəbi vasitəsilə "maskalayır". O, sizin bədəninizin piy-əzələ kütləsinin nisbətinə dair xüsusi analizator-tərəzilərdə analizdən keçirilməsini təklif edir. Bu bir anlıq test detallı nəticələri ortaya çıxarmır və müştərinin orqanizmi ilə bağlı təxmini mənzərə yaranır. Bundan sonra son dərəcə az məbləğ qarşılığında üçgünlük "doğru qidalanma" kursu təklif olunur. Yalnız bundan sonra müştəri komanda halında BFƏ-lərin qəbuluna başlayır. Bu, şübhəsiz ki, müəyyən məbləğ qarşılığında olur. Məbləğ o qədər böyük olmasa da, müalicənin uzunmüddətliliyi sonda arıqlamaq istəyində olanlara ciddi məbləğ bahasına başa gəlir.
Bədən quruluşuna uyğun arıqlama
 
İlk növbədə, ortaya, əlbəttə ki, bir sual çıxır: arıqlamaq nəyə gərəkdir? Həkim, kosmetoloq-diyetoloq Rəna Barnesin sözlərinə görə, artıq çəki gec və ya tez sağlamlıqla bağlı problemlərə yol açır. "Bu, estetik baxımdan da xoş deyil və insanı yaşlı göstərir. Üstəlik, kök adamda zaman keçdikcə ürəklə bağlı problemlər, təngnəfəslik yarana bilər", - deyə Rəna xanım "R+"a açıqlamasında bildirib: "Təsəvvür edin ki, daim özünüzlə ağır bir çamadan sürüyüsünüz".
 
Həkimin sözlərinə görə, ideal çəki meyarı insanın bədən quruluşundan asılıdır.
Məlum olduğu kimi, 3 əsas tip var: astenik (əsasən arıq, qamətli, piylənməsi az, maddələr mübadiləsi sürətli), normostenik (dolğun bədənlə, inkişaf etmiş əzələlərlə xarakterizə olunur, zirəkdir, lakin az hərəkətdə olması üzündən zaman keçdikcə piylənmə baş verir) və hiperstenik (ən şişman, maddələr mübadiləsinin ləng getdiyi, sürətlə artıq çəki yığan şəxslər). Bir qayda olaraq, insanın bu tiplərdən yalnız birinə məxsus olması nadir haldır. Diyetoloqun işi, ilk növbədə, insanın bədən quruluşu tipini müəyyənləşdirmək və fiqurun "güclü" tərəflərini korrektə etmək və gücləndirmək üçün doğru yükləmələr seçməkdir.
 
İdeal çəki isə BÇİ (bədən çəkisi indeksi) adlanan sadə tənliklə müəyyənləşdirilir. O, bədən çəkisinin onun boyuna müvafiq olduğunu qiymətləndirən göstəricidir. BÇİ bədən çəkisinin boyua nisbətini müəyyənləşdirir. ÜST-nin tövsiyəsinə əsasən, bölgü belə müəyyənləşdirilib: 16-dək - bədən çəkisinin defisiti; 16-18,5 - çəki çatışmazlığı; 18,5-24,99 - normal çəki; 25-30 - çəki artığı (piylənmə ərəfəsi); 30-35 - 1-ci dərəcəli piylənmə; 35-40 - 2-ci dərəcəli piylənmə; 40 və artıq - 3-cü dərəcəli piylənmə.
 
Rəna xanımın sözlərinə görə, doğru pəhrizin əsas meyarı düzgün qidalanmadır. Bu, bütün sintetik məhsulların, çipslərin, qazlı suların birmənalı şəkildə istisna olunması deməkdir. Bundan başqa, ət, xüsusilə toyuq əti kənd əti olmalıdır: "Mağazalarda satılan toyuqlar əksər hallarda tez böyüməsi üçün hormonlar vasitəsilə bəslənirlər. Bu, orqanizmə ziyandır".
Daha bir vacib məqam artıq çəkinin səbəbini müəyyənləşdirilərək aradan qaldırılmasıdır.
Balanslı qidalanma
 
"Bu, əksər hallarda maddələr mübadiləsinin pozulması ilə bağlı olur. Səbəb endokrinoloji problemlər, streslər, şəhər şəraitində hərəkətsizlik ola bilər. Kənddə yaşayan insanlara baxın: onlar qidalanmalarına heç bir məhdudiyyət qoymurlar - yağlı da yeyirlər, un məmulatları da, ət də. Lakin daim hərəkətdədirlər. Həyatlarını sükan arxasında keçirmir, təmiz məhsullarla qidalarınlar və nəticədə normal çəkidə qalırlar", deyə dietoloq bildirir.
Həkimin sözlərinə görə, istənilən pəhriz insanın özünə hansısa məhdudiyyəti tətbiq etməsidir. Məhdudiyyətləri daimi həyat tərzinə çevirmək üçün isə güclü iradə tələb olunur. İnsanın hansısa mərhələdə bezəcəyi və istədiyini yeməyə başlayacağı istisna deyil. Bundan başqa, insan orqanizmi hər gün zülal, yağ, karbohidrat tələb edir. Yəni, qidalanma balanslı olmalıdır. Odur ki, istənilən monopəhriz (yalnız hər hansı növdə olan qidanın qəbulu; məsələn, karbohidratlardan tam imtinanı və onların zülalla əvəzlənməsini nəzərdə tutan Kreml pəhrizi) əvvəlcə yaxşı nəticə verirsə belə, ona daimi nəzarət lazımdır. Bu "əyrilik" isə artıq qeyd olunduğu kimi, orqanizm üçün o qədər də faydalı deyil. Çünki insan orqanizmi qəliz bir sistemidir. O, balansa, bütün lazımi maddələri qəbul etməyə çalışır. Odur ki, aclıq zamanı bədən "ehtiyat toplamağa" çalışır və qəbul olunan qidaların hamısı daha sürətlə piy şəkilində qorunub-saxlanır.
 
Sağlam qidalanma mövzusunda mikrodalğalı soba məsələsi ayrıca toxunulası məqamdır. Bu, çox rahat məişət cihazı yalnız qidanın tez bir zamanda qızdırılmasında deyil, həm də bir sıra xörəklərin hazırlanmasında işə yarayır. "Fikir verin, uşaq yeməklərinin qutularının üzərində hər zaman bir qeyd olur: "Mikrodalğalı sobada qızdırmaq qəti qadağandır". Çünki mikrodalğalar yeməyin strukturunu dəyişir, onu pozur" - deyə həkim bildirir.
 
"İnsan nə yeyirsə, elə odur" misalını nəzərə alsaq, qidanın insan həyatındakı rolunu qiymətləndirməmək çətindir. Və qidalanmaya gətirilən yeniliklər orqanizm üçün təsirsiz qalmır. Əhalinin müəyyən təbəqəsi arasında dəbdə olan vegetarianlıq da ənənəvi tibbə görə orqanizmə o qədər də faydalı deyil. Çünki orqanizm üçün heyvan yağı, zülal, amin turşusu ilə zəngin maddələr vacibdir. Bitkilərdə isə bunlar yoxdur.
Diyeta pərdəsi arxasında
 
Artıq çəkidən tezliklə xilas olmağa çalışan bir çox insan rekord müddətdə arzulanmaz çəkidən xilas etmək bacarığı reklam olunan bioloji əlavələrə üstünlük verirlər. "Bütün bu əlavələr reklamdan başqa bir şey deyil. Birincisi, uzunmüddətli effektin alınması üçün onlar daim qəbul edilməlidir. İkincisi, onların təsirinin nəyə əsaslandığını müəyyənləşdirək. Onlar əksər hallarda, sadəcə, işlətmə dərmanı kimi təsir göstərir. Bu, orqanizmin susuzlamasına, onun lazımi mikroelementlərdən - natrium, kalium və digər minerallardan məhrum olmasına aparıb çıxara bilər", - deyə diyetoloq bildirir: "Su ilə qəbul edilən digər preparatlar mədədə şişir, insan özünü doymuş hiss edir. Amma onlar orqanizmi tezliklə tərk edir və nəticədə, adam daha çox yemək istəyir".
 
Ümumiyyətlə, istənilən pəhriz düşünülmüz fiziki yüklənmə ilə uyğunlaşdırılmasa, onun effekti olmayacaq. Fitnes təlimçisi Gülnarə Kərimova deyir: "Fiziki yüklənmə orqanizmin fərdi xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməlidir. Məsələn, əksəriyyət yanlış olaraq düşünür ki, ağır atletika arıqlamaq işində effektivdir. Amma bu, belə deyil. Ağır atletika piyi əritmir, sadəcə, əzələ kütləsini artırır". G.Kərimovanın sözlərinə görə, ürək və ağ ciyər üçün ən effektiv fiziki yük qaçış, üzgüçülük, velosiped sürməkdir. Onlar qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir və bu, piyin əriməsi üçün ən yaxşı vasitədir. Hətta ağır atletika ilə məşğul olanlar belə, artıq çəkini "atmaq" üçün yüngül atletikaya - qaçışa, velosiped sürməyə üstünlük verirlər. Peşəkar jarqonda bu, "piyin əridilməsi" adlanır. Piylənmədən əziyyət çəkən insanlara məhz velotrenajorda məşq etmək tövsiyə olunur. Çünki o, oynaqları yükləmir. Çəkisi 90 kiloqramdan artıq olan insanlar üçün isə qaçmaq ziyandır. Bununla yanaşı, məşq zamanı bir sıra məqamlar nəzərə alınmalıdır: birincisi, məşqdən bir saat əvvəl və məşqdən sonrakı 1 saatda yemək olmaz. İkincisi, velotrenajora oturduqdan sonra dayanmaq olmaz - pedalları daim hərəkət etdirmək lazımdır. Kərimova bildirir ki, bu, əslində o qədər də çətin deyil. Çünki yüklənməni həddindən artıq etməyə, pedalları sürətlə fırlatmağa ehtiyac yoxdur.
 
Məşq zamanı nəbzə nəzarət vacibdir. 30-40 yaşda insanlar üçün məşq zamanı nəbz dəqiqədə n 120-140 dəfə vurmalıdır. Bundan başqa, məşq zamanı qazlı su içmək olmaz, nəfəs yalnız burundan alınmalıdır. Velosiped sürməkdən fərqli olaraq, bu zaman kürək düz tutulmalıdır. 1-2 həftədən sonra artıq ritmə girmisinizsə, özünüzü rahat hiss edirsinizsə, məşqin müddətini artıra bilərsiniz : ilk günlərdə məşqi 20 dəqiqədən artıq davam etdirmək olmazsa, indi siz 1 saatadək məşq edə bilərsiniz. Piylərin əriməsi yalnız yarım saatdan sonra başlayır. 2 həftə sonra effektivliyi artırmaq üçün məşqin ritmini növbəli hala salmaq olar - yarım dəqiqə sürətli, 5 dəqiqə ləng.



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.