Aktual / Xəbəriniz olsun!

Küçəyə tərk edilən QUNDAQLILAR: Azərbaycanda analar uşaqlarından niyə vaz keçir?

Banu. | 21-10-2021, 22:36
386 0


Valideynləri tərəfindən atılan uşaqlar cəmiyyətin hər zaman qanayan yarası olub. Daha çox zibilxanalara, yarımtikili olan ərazilərə atılan körpələr təsadüfü şəxslər tərəfindən aşkarlanır.
Araşdırmalar göstərir ki, körpələrini küçəyə tərk edən qadınlar əsasən yasaq münasibət səbəbindən bu addımı atırlar və cinayəti ana olduqları gün törədirlər.
Mövzu ilə bağlı Metbuat.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, oktyabr ayının əvvəlində dörd qadın uşaqlarını evdə qoyaraq ailəsini tərk edib. Bu zaman uşaqlara baxa bilməyən ataların atdığı ilk addım isə körpəsini sığınacaqlara təhvil vermək olur. Dünyada hər il təxminən 2 min 500 ana yeni doğulmuş körpələrini atırlar. Azərbaycanda isə son 3 ilin statistikasına görə hər il 50-60 uşaq valideynləri tərəfindən tərk edilir və ya küçəyə atılır.
Kəmalə Ağazadənin sözlərinə görə hər bir halda küçəyə körpə atılması ilə bağlı hadisə ağrılıdır:

“Biz bu məsələdə günahkar qadını görürük. Son vaxtlar daha çox etdiyimiz bir müşahidəni bölüşmək istəyirəm. Biz uşağını atan qadından soruşanda ki, uşağa baxmayacaqdınsa, onu niyə dünyaya gətirmisən? Deyir hamiləlikdə imkanı və pulu olmayıb. Əgər bir parça çörək tapıb yemisənsə, arzuolunmaz hamiləliyi də dayandırmaq olar ki, atılmış uşaq olmasın. Hamiləliyin dayandırılmasının əleyhinə olsam da, uşağın atılmasına ikiqat etiraz edirəm”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə düşünür ki, ailələrin dağılmasında əsas səbəblərdən biri məhz qadınların öz uşaqlarından vasitə kimi istifadə etməsidir.
“Tez-tez sosial şəbəkələrdə görürük ki, şərhlərin içərisində çoxlu qınaq var. Yazırlar ki, qadın nəyə görə 4, ya 6 uşaq dünyaya gətirib. Bizdə qadın uşaq dünyaya gətirir ki, kişini özünə bağlasın. Uşaq olanda kişi evə daha çox bağlanır. Qadın düşünür ki, 6 uşağın məsuliyyətini hiss edərək kişi onu tək qoymayacaq. Ancaq təcrübə göstərir ki, hətta 5-6 uşağı olan qadınlar da həyat yoldaşları tərəfindən tərk edilirlər. Bütün hallarda məsuliyyətsiz icdivacın cəzasını valideynlərdən çox uşaqlar çəkir”.
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin metbuat katibi Teymur Mərdanoğlu bildirdi ki, övladını küçəyə atan insanlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılarsa, azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Övladını böyütmək istəməyən insanlar, qeyri rəsmi nikahdan dünyaya uşaq gətirənlər və s. düşünürlər ki küçəyə övladını atsa onun barəsində heç bir zaman tədbir görülməyəcək və anonim qalacaq. Lakin bu belə deyil. Anonimliyi qorumaq şərti ilə ən son vəziyyətdə yəni çıxılmaz vəziyyətdə qalan insan uşağını körpələr evinə, internat məktəblərinə, polis idarələrinə, xəstəxanaların birinə və s yaxın bir müəssisəyə təhvil vermələri mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 143-cü maddəsinə görə, təhlükədə qoyma, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə cərimə və ya islah işləri və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Dövlət Komitəsinin sözcüsü onu da bildirdi ki, konstitusiyamızda da vurğulanır ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər bir valideynin borcudur:
“Təəssüflər olsun ki, əhalinin, xüsusilə regionların ucqar kəndlərində yaşayan ailələrin reproduktiv davranış sahəsində bilik səviyyəsinin müasir dövrün tələblərinə cavab verməməsi və kifayət qədər yüksək olmaması müasir kontraseptiv üsullardan istifadə səviyyəsinin aşağı olmasına, arzuolunmaz hamiləliklərin artmasına, abortların sayının çoxalmasına, doğulan körpələrin cins nisbətinin pozulmasına, abortlar nəticəsində ana ölümü riskinin artmasına, nəsilvermə əmsalının aşağı düşməsinə, yaşlı nəslin artması və gənc nəslin azalmasına gətirib çıxara bilər, və bu da nəticədə ölkənin demoqrafik və sosial iqtisadi inkişafına mənfi təsir göstərə bilər. Bu əsasda reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi zəruridir”.
Gülbəniz Hüseynli 
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.
Mənbə: metbuat.az