Aktual / Xəbəriniz olsun!

Deputat pensiya yaşı ilə bağlı məsələ qaldırdı

Aynur_Qurbanqizi | 11-06-2021, 13:20
853 0

“Azərbaycanda əhalinin 7 faizi 65 yaşdan yuxarıdır. Deməli, 7 faiz əhali pensiya ala bilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, deməli Azərbaycanda orta yaş aşağıdır: “Buna görə də Azərbaycanda pensiya yaşını aşağı salmaq lazımdır. İnsanlar DSMF-yə pul ödəyir. Bir çox insan bu qanun layihəsini mütərəqqi adlandırır. Bu o zaman mütərəqqi olardı ki, faiz dərəcələrinə uyğun pensiya verilərdi. Yəni 31 %-lə 60% eyni pensiya alacaq?! Burada 100% sağlamlığın itirilməsi ölüm deməkdir. Ona görə də burada sağlamlığın itirilməsi nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə pensiya təyin edilsin. İndi vətəndaş 3-cü qrup əlillik almaq üçün orqanizmin neçə faizi funksiyasını itirməlidir?

İkincisi, nazirlik bu dəyişikliklərdən əvvəl bizə maliyyə əsaslanması təqdim etməliydi. Komitə sədri Musa Quliyev ötən iclasda dedi ki, bəlkə də bu qanunun qəbulundan sonra əlillərin sayı artacaq. Bu gün mən də deyirəm ki, ola bilsin əlilliyi olanların, əlilliyə görə pensiya alanların sayı azalacaq. Bu kimi hallar olmaması üçün nazirlik bizə maliyyə əsasnaməsi təqdim etməliydi. Biz bilməliydik ki, nə qədər vəsait artacaq, yaxud azalacaq.
İnsan əmək qabiliyyətini 100% itirilsə də, yaşaya bilər. Amma qanunda qeyd edildiyi kimi 81-100% orqanizmin funksiyası itirilməsi hissəsində 100% ölüm deməkdir. Nazirlikdən bu suallara cavab gəlmədikcə, mən bu qanun layihəsinin lehinə səs verməyəcəm”.