Aktual / Xəbəriniz olsun!

Azərbaycanda yenidən sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA

Banu. | 15-09-2020, 09:11
4 520 0

Son bir həftədə Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayında artma müşahidə olunurdu.  Məsələn, 13 sentyabrda yoluxma sayı 155 olub. Halbuki ondan bir gün əvvəl, yəni 12 sentybarda bu rəqəm 135 olub. Sentyabrın 7-də isə ölkəmizdə cəmi 89 nəfərdə yoluxma faktı aşkar edilmişdi.
 
Sentyabrın 14-də isə Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 38403 nəfər koronavirus infeksiyasına yoluxub.
 
Onlardan 35860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1979 nəfərdir.
 
Ölkədə son sutka ərzində 3630, hazırkı dövrədək isə 1013108 test aparılıb.
 
Mövcud vəziyyətə görə sərt karantin rejimi yenidən tətbiq oluna bilərmi?
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı danışıb. Professor qeyd edib ki, ötən bir neçə gündə yoluxma sayının artmasının əsas səbəblərindən biri vətəndaşların qaydalara məsuliyyətsiz yanaşması ilə bağlıdır:
 
“Son günlər diqqət edirik ki, ictimaiyyətdə tibbi maska ilə gəzənlərin sayı xeyli azalıb, hətta bəzən sayları barmaq sayı qədər olur. Digərlərində isə maska çənənin altında, ağız-burun açıq olur.
 
İndi təsəvvür edin ki, bir azdan böyük ticarət mərkəzləri də açılacaq, ictimai nəqliyyata olan tələbat daha da artacaq. Lakin qeyd etdiyim kimi, vətəndaşlar məsələyə ciddi yanaşmaq istəmirlər. İctimai nəqliyyatdakı səhlənkarlıq da göz qabağındadır. Ümumiyyətlə, qeyd edim ki, karantin dövründə ən zəif fəaliyyət ictimai nəqliyyatla bağlı oldu. İctimai nəqliyyata nəzarət qənaətbəxş deyil.
 
Əlbəttə ki, sosial həyat fəallaşdıqca insanların təması artır və yoluxmaların da artma şansı çox olur. Ona görə də qapalı məkanlarda karantin qaydalarına ciddi əməl olunması çox vacibdir. Həmçinin açıq havada olsa belə insanların sıx olduğu yerlərdə də qaydalara riayət etmək lazımdır.
 
Getdikcə koronvirus zəifləməyə başlayıb. Bir qədər də dözüb, məsuliyyətli yanaşmaq lazımdır.
 
Beləliklə, artma sayı daha da artsa, sərt karantin rejimi yenidən geri qayıda bilər. Bunun da baş verməməsi üçün vətəndaş məsuliyyəti tələb olunur".
 
Qeyd edək ki, artıq bir çox dünya ölkələrində sərt karantin qaydaları yenidən geri dönməkdədir. Məsələn, son olaraq İsraildə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminin üç həftə müddətinə bərpasına qərar verilib.  Məlumata görə, məhdudiyyətlər 18 sentyabr saat 14:00-dan qüvvəyə minəcək və sakinlərin evlərindən 500 metrdən çox uzaqlaşmasına icazə verilməyəcək. Bundan başqa, restoran, hotel, idman salonları və hovuzlar bağlanacaq.
 
Həmçinin Avropanın bir çox ölkələrində, o cümlədən qonşu Türkiyədə bir sıra məhdudiyyətlər yenidən tətbiq edilməyə başlayıb.“Yeni Müsavat”