Aktual / Xəbəriniz olsun!

Tanınmış həkim xəbərdarlıq edir - Yoxsa fəlakət olar

Banu. | 2-07-2020, 17:45
1 685 0
Yaxşı başlamışdıq, bəs sonra nə etməli?

Ölkəmiz yeni tip COVID-19 adlı virusla mübarizəyə qəti radikal addımlar atmaqla cavab verdi. Dərhal Nazirlər Kabineti yanında Operativ Qərəgah yaradıldı. Bütün dövlət qurumları bir araya gətirildi. Hamı virusla mübarizə üçün səfərbər olundu. Bu da, əlbəttə öz bəhrəsini verdi. Azərbaycanda vəziyyət xeyli ürəkaçan idi.

BƏS İNDİ?

Yeri gəlmişkən, bu tip infeksiyalarda real rəqəm statistik rəqəmdən 3-4 dəfə çox olur. Yəni elan olunan rəqəm aşkar olunan xəstələrin sayıdır. Əslində isə qat-qat çoxdur. Hazırda ətrafımızda COVID 19 virusuna yoluxmuş xəstəlr dolaşır, bizimlə birlikdə nəqliyyatda, marketlərdə, apteklərdə ətrafdakıları yoluxdurmaqda davam edirlər.

NƏ ETMƏLİ?

1. Azərbaycanda bütün peşəkarlar, virusoloqlar, farmakoloqlar, səhiyyə təşkilatçıları, sözün hər mənasında bu işin biliciləri virusla mübarizəyə cəlb olunmalıdır. Bu, bizim ümumi işimizdir.

2. Ölkəyə, cavabları bir neçə dəqiqə ərzində hazır olan ekspress testlər gətirilməlidir. Bütün risk qrupları (sürücülər, market, aptek, səhiyyə işçiləri), sonra isə hər kəs bu testdən keçirilməli və populyasiyada bu virusun nə dərəcədə yayılması araşdırılmalıdır. Hazırda istifadə olunan PZR testlərinin cavabı bir neçə gündən sonra hazır olur. Bu bir neçə gündə COVID -19 virusuna yoluxmuş xəstə ətrafdakıları yoluxdurmaqda davam edir. Həm də bəzən xəstədə klinik əlamətlər olduğu halda testin cavabı neqativ olur. Bu halda o, təcrid olunmur və deyim ki, müalicəsiz qalır.

3. Testlər pulsuz aparılmalıdır. Nədən yalnız 3 özəl klinikaya icazə verilib bu müayinələri aparmağı? Hətta pullu olsa belə, qiymət hamı üçün əlçatan olmalıdır. Axı hər kəsin imkanı yoxdur özünü, ailəsini yoxlatdırmağa. Hazırda aparılan test müayinələrin qiyməti, düşünürəm ki, çox yüksəkdir. Test yoxlamaların dövlət poliklinikalarında aparılmasını məqsədəuyğun hesab edirəm.

4. TƏBİB müalicə protokolunu bir daha nəzərdən keçirməlidir. Hazırda bu protokolda, dünyanın heç bir yerində istifadə olunmayan Arbidol qeyd olunub. Bütün dünyada isə Remsedevir, Favipiravirin daha effektiv olması müəyyən olunub. Bu dərmanlar apteklərdə də olmalıdır. Evdə müalicə alan xəstə bu dərmanları hardan alsın? Bu gün apteklərdə vitamin belə defisitdir. Apteklər bu dərmanlarla, xüsusi N95 maskaları ilə təhciz olunmalıdır.

5. Kütləvi İnformasiya Vasitələrində viruslar haqqında ekstrasens, müğənni yox, bu işin biliciləri danışmalı, vəziyyəti izah etməlidirlər. Canlı yayımlarda birbaşa insanların suallarına cavab verməlidirlər.

6. Təcili Yardım Xidmətinin işinin keyfiyyətini artırmaq üçün bütün resurslar işə salınmalıdır. Hazırda 103 xidməti bütün çağırışları çatdıra bilmir. Ciddi narazılıqlar əmələ gəlməyə başlayıb.

7. Təcrübə göstərir ki, qayda-qanunlara hörmətlə yanaşan cəmiyyətlərdə (Almaniya, Çin, Yaponiya) tezliklə bu bəlanin qarşısı minimum itkilərlə alınıb. Cəza yolları vasitəsilə yox, başqa yollarla hər kəsə mövcud vəziyyəti izah etmək və qanunlara riayət etməsini xahiş etmək lazımdır.

YOXSA FƏLAKƏT OLAR....

Qalib Əsədov, həkim-nevroloq