Aktual / Xəbəriniz olsun!

Həkim: “Koronavirusa yoluxmuş xəstələrin müalicəsi ailə üzvlərinin ödənişi əsasında aparılmalıdır”

Banu. | 22-06-2020, 22:17
4 917 0
Son yarım ildə SARS-COV-2 (koronavirsun elmi adıdır-red.) infeksiyası dünyanı bürüdü, 213 ölkəni ağuşuna aldı. Dünyanın mədəni, inkişaf etmiş hissəsi bu prosesdə qalib durumdadır və ya qələbənin astanasındadır. Epidemiologiya adlı em var, yoluxucu xəstəliklərin yayılmasının qarşısını alma yollarını öyrənir. Son 150-200 ildə bu elm və bu elmin mütəxəssisləri - epidemioloqlar kütləvi yoluxmaların, epidemiyaların və pandemiyaların qarşısının alınmasında, məhdudlaşdırılmasında, ləğv edilməsində müstəsna uğurlara imza atıb. Kifayət qədər nümunələr var, o cümlədən Azərbaycanda.
 
Bunu Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.
 
O, təəssüflə bildirib ki, hazırda hətta infeksiya xəstəlikləri üzrə həkimlər arasında bu virusa və onun törətdiyi ağır xəstəliyin mövcudluğuna inanmayanlar var:
 
"Mən kənar ixtisaslardan olan həkimləri, hətta bir sıra tibb alimlərini demirəm. Siyahıya ziyalıları, ali təhsilli insanları, media nümayəndələrini də əlavə etmirəm. TƏBİB-in, Səhiyyə Nazirliyinin həkimləri arasında bu gün mənimlə mübahisə edərək koronavirusa "bu, bir siyasi oyundur" deyənlər var".
 
Ötən həftələrdə tətbiq olunan sərt karantin rejiminin effekt verməyəcəyini əvvəlcədən proqnozlaşdırdığını deyən Ədalət Rüstəm bu rəqəmlərin yenə artacağını iddia edir: "İyunun 19-da 438, 20-də 471 yoluxma faktı qeydə alındı. Ötən gün rəqəm 497-yə çatdı. Bu rəqəmlər koronavirus xəstəxanalarına qəbul edilmiş xəstələrin sayını ifadə edir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, xəstəxanalara qəbul edilməyən, özlərini evdə təcrid edərək müalicə olunan, diaqnostik testi müsbət çıxmış 2500-3000 yüngül və simptomsuz xəstələri də bura daxil etsək, reallığa yaxın epidemioloji mənzərə daha aydınlaşır".
 
Həkim hesab edir ki, SARS-COV-2 pandemiyasına qalıb gəlməyin birinci yolu, qızıl qaydası insanların inamından keçir: "İnsanları bu virusun varlığına və COVID-19 xəstəliyinin təhlükəli olmasına qısa müddətdə inandırmağın yollarını göstərməyi özümə bir həkim, bir vətəndaş kimi borc bilirəm. İlk olaraq karantin rejimini pozanları məhkəmə qərarları əsasında 50-200 saat ictimai işlərə cəlb edilməsi və xüsusi rejimli koronavirus xəstəxanalarında sanitar, xadimə, porter, texniki işçi və sair qismində polis nəzarətində işlədilməsi lazımdır. Bu proses mətbuatda, televiziyalarda geniş işıqlandırılmalıdır.
 
İkincisi, xəstələr haqqında xəstəxana şəraitində videoroliklər, fotosənədlər hazırlanmalı və bunlar reklam lövhələrində, monitorlarda, siqaret, konfet qutularında, avtobuslarda, metro qatarlarında yerləşdirilməlidir.
 
Üçüncüsü, infeksiyaya yoluxması karantin rejiminin pozulması səbəbindən - ad günlərində, əyləncəli tədbirlərdə, dəfn mərasimində iştirak, bilərəkdən COVİD-19 xəstəsi ilə təmas, maskadan istifadə etməmək, sosial məsafə saxlamamaq və digər hallarda bas vermiş xəstələrin müalicəsi dövlət tərəfindən yox, bilavasitə həmin xəstə və onun ailə üzvləri tərəfindən ödənişli əsaslarla aparılmalıdır.
 
Yoluxmanın karantin rejiminin pozulması səbəbindən baş verməsi poliklinika həkimi, sahə həkimi, təcili tibb yardımı həkimi və müalicə həkimi tərəfindən müəyyən edilməli və xəstəlik tarixinə yazılmalıdır. Müalicə-yataq xərcləri çıxıldıqdan sonra qalmış vəsait xəstəxana və müalicə prosesində iştirak etmiş tibb işçiləri arasında müvafiq qaydada bölünməlidir".Teleqraf