Aktual / Xəbəriniz olsun!

TOY ETİRAZI: “Camaatın ailəsi dağılır”, “Rəhmətə gedən oldu, toy qaldı”, “100 ofisiant işsiz qalıb” - BİZİM SORĞU

Banu. | 18-05-2020, 16:57
12 047 0
Dünya 3 aydan çoxdur ki, koronavirusla savaşır.
Hər gün yoluxma və ölüm sayının artmasıyla bağlı yaranmış vəziyyət insanların həyat və fəaliyyətinə ciddi təsir göstərir. Mart ayından etibarən pandemiya ilə əlaqədar toy, nişan, ad günü və yas mərasimlərinin təşkili təxirə salınıb. Zaman-zaman karantin tədbirləri yumşaldılsa da, bəzi qadağalar götürülsə də toy, nişan və yas mərasimlərlə bağlı qadağa hələ də qüvvədədir.
Bu isə bir neçə ay əvvəl şadlıq saraylarına toy və nişanla bağlı sifariş verən, beh ödəyən, amma virusa görə mərasimi təxirə salınan vətəndaşları da, işsiz qalan məkan sahiblərini də ciddi narahat edir. Artıq restoranlara verilən behi geri götürənlər var. Toyların sentyabr ayına qədər təxirə salınacağı ilə bağlı xəbərlər isə toy sahiblərini tamamilə ümidsiz qoyub.
Son vəziyətlə bağlı restoran və şadlıq sarayları arasında sorğu keçirib.
Cavabları təqdim edirik:
“Arena Hall: “Bu məsələdə bir irəliləyiş yoxdu. Sifarişlərini geri götürənlər olmasa da, insanlar çox narahatdır. Sadəcə, zəng edib soruşurlar ki, toy gününü istədikləri zaman dəyişə bilərlərmi? Biz də əlbəttə, etiraz etmirik. Hamı ümid edir ki, iyun ayında toy və nişan mərasimlərinin keçirilməsinə icazə veriləcək”.
“Gilavar” Saray: “Vallah, çox bərbad vəziyyətdir. Özümüz də belə qalmışıq. Camaatın ailəsi boşanır. Zəng vurub şikayət edirlər ki, biz də toylara getmişik, nə edək? Məgər koronavirusa yalnız toy problem yaradır? Elələri var idi ki, çoxdan sifariş yazdırmışdı, rəhmətə gedəni oldu, toy bir neçə ilə qaldı. Heç kim sifarişini geri götürməyib. Sadəcə, tarixi təzələməklə gözləyirik. İnsanlar 20 gün qabaqcadan bilməlidir ki, toylara icazə verilsə, dəvətnamələrini paylasınlar. Biz şadlıq evlərinin yiyələri də bilmirik ki, insanlara nə cavab verək. Elələri var ki, nişanı pozulub. Toy mövsümü iyun və iyul aylarıdır. Avqust ayından Məhərrəmlik ayı girir. Bizim şadlıq sarayında 100 ofisiant, xadimələr işləyir. Gündəlik işləyən bu şəxslərin durumu həddindən artıq pisdir. Restoranları, kafeləri saat 18:00-a qədər açıblar. Orucluq ayında saat 6-ya qədər ora kim gedəcək? Camaat ya iftar açanda, ya da ondan sonra belə yerlərə gedir. Metroda məgər insanlar sıxlıq içində deyil? Karantini yumşaldırlar, amma toy məsələsinə baxılmır. Toy mərasimlərində də insanlar məsafə ilə əyləşib, şadyanalıq keçirə bilərlər. Fürsətdən istifadə edib sizin vasitənizlə müraciət edirəm. Bu məsələni işıqlandırın ki, rəsmi qurumlardan cavab gəlsin. Biz də insanlara cavab verə bilək”.
“Nazlı” Saray: “Bu gün sifarişləri geri götürmək gündəmdə deyil. Sadəcə, toy günlərinin vaxtı oktyabr, hətta dekabr ayına qədər uzadılır. Amma bəzilərinin toy etməsi vacibdir. Qız toyunu edib, oğlan toyunu gözləyənlər var. Gün ərzində 100-ə yaxın zəng gəlir ki, məsələ nə yerdə qaldı? Biz də bu məsələdə gözləmə mövqeyindəyik və 99 faizində yalnız tarixi uzatmışıq. Mart ayındakı toylar aprelə, apreldəkilər isə iyuna keçirilib”.
“Neptun” Saray: “Düzü, toyların sentyabr ayına qədər təxirə salınacağını eşitməmişəm. Düzdür, toy sahibləri arasında təşvişə düşənlər var. Amma toy sifarişlərini geri götürənlər yoxdur. Hətta onların arasında mart ayından yazılanlar var idi ki, iyun və iyul aylarına keçirilib. Ard-arda zəng edirlər”. Gözləyirik ki, bizim üzümüzə nə vaxt günəş doğacaq.
Alçina Amilqızı
Cebhe.info