Aktual / Xəbəriniz olsun!

İtaliyadan dünyaya ibrət hekayəsi -Bizim səhvlərə yol verməyin

Banu. | 16-03-2020, 09:34
1 824 0

Bir çoxumuz davranışlarımızı dəyişdirmək üçün irəli sürülən təkliflərə əməl etməkdə çox eqoist yanaşdıq. İndi təcrid olunmuş vəziyyətdəyik və insanlar heç nədən ölürlər. ROMA - "Hər hansı bir müharibədə olduğu kimi, kimə kömək edib-etməyəcəyimizi seçməliyik." Martın 9-da İtaliyanın “Corriere della Sera” qəzeti koronavirus xəstəliyinin episentri olan ölkənin şimalındakı xəstəxanaların imkanlarının tükəndiyini və səhiyyə sisteminin çökmək üzrə olduğu xəbəri bu başlıqla verib.


AzadQadin.Az" bu barədə “Report”a istinadən xəbər verir.
Yeni koronavirus xəstəliyinin səbəb olduğu Covid-19 virusunun ən çox qeydə alındığı şəhərlərdən biri olan Bergamo xəstəxanasında da bir anestezioloq qəzetə reanimasiyanın işləmək gücündə olduğunu, lakin həkimlərin insanların yaşı, gözlənilən yaşam müddəti və digər amillərə əsasən mexaniki havalandırmaya ehtiyacları olduğunu nəzərə alaraq, seçici qərarlar verməyə məcbur olduqlarını açıqlayıb. Eynən müharibə vaxtı olduğu kimi.
Məqalə qəzetin 15-ci səhifəsində aydın olmayacaq şəkildə yerləşdirilib və mətbu orqanın ön səhifəsindəki əsas başlıq isə yoluxmanın qarşısını almaq üçün görülən tədbirlərlə bağlı siyasi mübahisələri özündə əks etdirir.
Bergamodaki xəstəxana, personal və tibbi resursların çatışmazlığı müşahidə olunan yeganə xəstəxana deyildi: “Elə həmin gün Avropadakı ən inkişaf etmiş və yaxşı maliyyələşdirilən Lombardiya səhiyyə sistemindəki bir menecerdən eşitdim ki, o xəstəxana koridorlarında etməyə məcbur qaldıqları seçimlər səbəbi ilə ağlayan anestezioloqların şahidi olub.
Sonrakı günlərdə, xəstələrlə dolub-daşan xəstəxanalar, müvəqqəti fəaliyyət üçün təcili tibbi yardım çadırı qurdular və sürətlə çoxalan xəstələrin seçib ayrılması üçün tibb mərkəzlərinin girişlərinə yük konteynerləri qoyuldu. Tibbi yardım ala bilməyən insanların bəziləri evlərində ölürlər”.
Tibb mütəxəssisləri sosial mediada və reportajlarda oxşar vəziyyətləri təsvir etməyə başlayanda, italyan anestezioloqlar cəmiyyəti etik dilemma qarşısında qalan həkimlərə kömək məqsədilə xüsusi yeni təlimatlar dərc edib. Bu təlimatlarda adi iş rejimində eyni xəstəliyə və risk qrupuna aid olan xəstələr arasında "ilk gələn xəstəyə birinci xidmət olunmalıdır" kriteryasının mövcud fövqəladə hallara şamil olmadığı qeyd edilirdi.
Ötən həftəyə qədər İtaliyanın ictimai səhiyyə sistemi hər kəsə qayğı göstərmək imkanına sahib idi: “Ölkəmizdə universal bir tibbi xidmət var, buna görə xəstələr buradakı xəstəxanalardan imtina etmirdilər. Ancaq bir neçə gün sonra sistem mən və bir çox italiyalılar tərəfindən ciddi qəbul olunmayan bir virus tərəfindən məhv edildi.
Tibbi sistemin kritik vəziyyətdə olan xəstə axını ilə mübarizədə aciz olması mürəkkəb tibbi təcili yardım problemlərinə daxil deyil. Bu özü bir problemdir. Təəccüblənməli deyildim. Bir jurnalist olaraq, COVİD-19 virusunun ən təhlükəli tərəfinin xəstəxana sisteminin alt-üst etməsi barədə bir neçə mütəxəssisdən eşitmişdim və özüm də bu barədə oxumuşdum. Buna görə həmin məsələdə ən vacib amil mənbələr məhdud olduğundan çox sayda insanın birdən xəstələnməməsi idi. (Bu “əyrini düzəltmək" adlanır.)
Lakin bu məlumatlar yaşlıların ölüm nisbəti, siyasi idarəetmə, sınaqlar və testlər arasındakı çəkişmələr, bazar çöküşləri, epidemiyanın iqtisadi təsiri barədə təxminlər və s. haqqında parçalar, sxemlər şəklində ağlımın bir küncünə yazıldı.
Bütün bunlar, əlbəttə ki, bir-biri ilə əlaqədar məsələlərdir, lakin eyni zamanda insan həyatlarının qarşısıalınmaz bir vəziyyətdə belə məhv olması baxımından bəzən tam dəxlisiz görünür. Cümə gecəsinə qədər İtaliyada koronavirusdan 1 266 adam ölüb.
Əlbəttə əvvəllər məlum olmayan və ölümcül bir virusun yaranmasını dayandıra bilmirdik. Lakin biz vəziyyəti yüngülləşdirməklə hazırda ölən insanları xilas edə bilərdik. Mən və bir çox başqaları adi, lakin mənəvi cəhətdən düzgün bir addım ata bilərdik: evdə qalıb çölə çıxmamaq kimi”.
İtaliyada baş verənlər sübut edir ki, hökumət tərəfindən sosial münasibətlər ilə əlaqəli vərdişlərdə edilməli olan yüngül dəyişikliklərlə bağlı xalqa edilən çox da ciddi olmayan müraciətlər, dəhşətli nəticələr ortaya çıxmayana qədər yetərsizdir. Belə nəticələrlə qarşılaşdıqda isə artıq çox gec olur: “Mən və bir çox italyan dostlarım bilmədiyimiz bir təhlükəyə qarşı gündəlik həyatımızda dəyişiklik etmək ehtiyacı görmürdük”.
İtaliya artıq martın 9-dan təcrid olunmuş vəziyyətdədir. Virusun ilk aşkar olunduğu vaxtdan etibarən çox ciddi tədbirlərin görülməsi mütləq olduğunu anlamaq üçün həftələr lazım gəldi.
Statistik məlumatlara əsasən İtaliya epidemiyaya görə İspaniya, Almaniya və Fransadan 10 gün, İngiltərə və ABŞ-dan isə 13-16 gün irəlidədir. Bu da o deməkdir ki, həmin ölkələrin indi həddən artıq və qeyri-mütənasib kimi görünən tədbirləri görmək imkanları var:
“Halbuki indi olduğum vəziyyətdə belə tədbirlər səhiyyə sisteminin çökməsinin qarşısını almaq üçün çox da məntiqli hesab edilir. ABŞ reanimasiya şöbələri üçün 45 000 yataq ayırıb, halbuki epidemiyanın yüngül halında belə, təxminən 200 000 amerikalı reanimasiya müalicəsinə ehtiyac duyacaq.
Virus ölkəmdə aşkar olunmazdan əvvəl düşünürdüm ki, epidemiya haqqında bir çox məlumatı araşdırıb toplamaqla vəziyyəti şişirdirəm. Halbuki bu qədər məlumatlı olmağım belə, məni daha da rasional davranmağıma səbəb olmadı.
Bu problem haqqında daha çox məlumat sahibi olmadım. Virus haqqında az-çox məlumatlı idim, ancaq məsələ mənə şəxsi yöndən elə də təsir etmirdi. Məni oyadan Lombard şəhərində həkimlərin üzləşdiyi dəhşətli çıxılmaz vəziyyət oldu.
Özümü onların yerinə qoydum və dərk etdim ki, əxlaqən dəhşətli seçimlər etməmək üçün əlimizdən gələn hər şeyi etməliyik: Axı reanimasiyaya kimi yerləşdirəcəyinə necə qərar verəsən? Yaşına görəmi? Yoxsa neçə uşaq sahibi olduqlarına görə? Ya xüsusi bacarıqlarına görə? Bəlkə xəstənin hansı peşəyə sahib olduğu da önəm daşıyır?
Sağaldıqdan sonra bir çox həyatı xilasetmə potensialı olduğuna görə orta yaşlı bir həkimimi, yoxsa 12 aydır işsiz olan gəncimi xilas etmək doğrudur? Bu kimi nəzəri suallarla adətən məktəblərdə idarəçilik dərslərində qarşılaşırdıq. Ancaq bu şəxsiyyət sınağı deyil. Söhbət real həyatdan gedir.
Amerika və ya digər hər hansı bir ölkə bütün bunların qarşısını almaq və ya vəziyyəti yüngülləşdirmək üçün İtaliya, Danimarka və Finlandiyanın hazırda gördükləri tədbirləri görməlidir. Hətta virusun yayılmasının qarşısını almaq üçün yalnız bəzi yerlərin bağlanılması, ictimai tədbirlərin təsiri, ev şəraitində iş rejimi kimi tədbirlər görməklə zaman itirmək olmaz. İndi aydındır ki, sadəcə bu kimi tədbirlər kifayət etmir.
Ötən həftənin çərşənbə günü Baş nazir Cüzeppe Konte İtaliyanın tamamilə karantinə alma prosesindəki son addımı açıqladı. Apteklər, ərzaq mağazaları və informasiya əldə etməyin də önəmli ehtiyac olduğunu nəzərə alınaraq qəzet köşkləri istisna olmaqla, digər bütün mağazalar tamamilə bağlanılmalıdır. Çox da mühüm olmayan iş yerləri müvəqqəti olaraq işlərini dayandırıblar. Ofis şəraitində işləyən insanlar isə polisin təqdim etdiyi lazımi sənədi imzalamaqla işinin vacibliyini təsdiq etməlidir.
Bu qaydaları pozanlara üç ay müddətinə həbs cəzası və ya cərimə tətbiq edilir. Qısa və tək çıxmaq şərtilə idman etmək üçün evdən çölə çıxmağa icazə verilir. Martın 4-dən etibarən bağlanılan məktəb və universitetlərin açılma tarixi ən tezi 3 aprelə qədər uzadıldı və çox güman ki, bu müddət bir az da uzadılacaq.
Təcrid vəziyyətində yaşamaq çətin, eyni zamanda təvazökarlıq dərsidir. Birlikdə olmağımız, bizim kiçik fərdi istəklərimizi bir az da qəribə və dar çərçivəli edir. Həyat yoldaşım və mən evdən işləyirik, ya da ən azından buna cəhd edirik. Tələbələri ilə əlaqədə olmağa can atan və hər səhər onlara səsli və ya görüntülü mesajlarla ev tapşırıqları ilə bağlı təlimatlar göndərən müəllimlərin tapşırıqlarını hazırlamaqda uşaqlara kömək edirik.
İki azyaşlı oğlumun bizim düşündüyümüzdən daha az canları sıxılır. Şükür Allaha, evimizin kiçik bir damı var və ən azı 5-ci mərtəbədə qalan qadın yatmaq vaxtı gələndə səs-küydən şikayət edənə qədər uşaqlar günortalar orada qaçıb oynaraq vaxtlarını keçirirlər. Gündə bir dəfə ya mən ya da həyat yoldaşım qısa müddət çölə çıxır və ehtiyacımız olan ərzağı alırıq.
Bayırda insanları evlərindən çıxmamağa təşviq edən polis işçilərinin olmasına baxmayaraq, ikimiz də düşünürük ki, yenə də küçədə insanlar çoxluq təşkil edir. Biz mütaliə ilə məşğul olur, dualar edirik. Hərdən dəhlizdə futbol oynayırıq. Bəzən səssiz qaldığımız zaman bir çox suallar ortaya çıxır. Məsələn, niyə məhz televizor almamaq qərarına gəldik?
Qəribəsi odur ki, belə zamanlarda hər zaman özümüzü düşünən mənliyimiz acizləşir. Nəticə etibarilə hər kəsi, xüsusilə xəstə və yaşlıları qorumaq üçün sərbəstliyimizi qurban veririk. Söhbət insanların sağlamlığından gedirsə, elə əsl sərbəstlik təlimatlara əməl etməkdir.