Aktual / Xəbəriniz olsun!

Tanınmış pediatrdan SENSASİON AÇIQLAMA: “Uşaq ölümlərinin 80 faizində valideyn günahsız ola bilməz”- MÜSAHİBƏ

Banu. | 11-03-2020, 11:42
171 0

Həkim-pediatr, reanimatoloq, neonatoloq, tibb elmləri üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan üzrə regional tibbi kuratoru, Səhiyyə Nazirliyinin “Uşaq və yeniyetmələrin inkişafı və ölüm hadisələrinin araşdırılması” üzrə komissiyasının üzvü, “Referans Medical Group” daxili fəaliyyət göstərən “Leyla Medical Center”in tibbi direktoru Sevda Cəfərova işlədiyi klinikanın son bir ildə keçdiyi inkişaf yolu haqqında danışıb.
Müsahibə verən mütəxəssis uşaq ölümlərinin səbəbləri barədə ətraflı məlumat verib.
Sevda xanım, bir il əvvələ qədər direktoru olduğunuz klinika bağlanmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Lakin son bir ildə “Leyla Medical Center” gördüyü işlərlə mətbuatın gündəmindədir. Klinika nəinki itirilmiş mövqeyini geri qaytarıb, eyni zamanda çox böyük işlərə imza atıb. Gəlin bu il ərzində klinikanın keçdiyi yolun detallarını sizin dilinizdən eşidək.
- Ötən ilin bu vaxtlarından etibarən keçmiş Leyla Şıxlinskaya klinikası “Referans Medical Group”a daxil oldu və yeni rəhbərlik təyin olundu. Yeni rəhbərliyin apardığı siyasət və hədəflərə çatmaq üçün qarşıya qoyulan məqsədləri var idi. “Referans Medical Group” bu klinikanı almaq üçün danışıqlar aparanda böhran (maliyyə) vəziyyətində idi, eyni zamanda çox ciddi şəkildə xəstə qıtlığı yaşanırdı. Nə qədər mübaliğəli səslənsə də, həqiqətən tarixi hadisə idi. Çünki biznes nöqteyi nəzərindən klinikanın məhv olmasına artıq bir addım qalmışdı. Odur ki, rəhbərliyin dəyişməsi ilə son bir il ərzində çox böyük böhran menecmenti işləri apardıq. Klinikanın adından, strukturundan tutmuş, məramları və hədəflərini dəyişdik. Bunların fonunda əziyyətli də olsa, böyük bir yol keçdik. Bu yolun tərkibində addım-addım yeni ideyalar, imkanlar və xidmət növləri gətirməklə klinikanı Azərbaycana yenidən və yeni kredo ilə tanıtdıq. Klinikanı ana və uşaq mərkəzi kimi tanıdaraq, onunla paralel başqa xidmət növlərini və nəyə qadir olduğumuzu göstərə bildik. Hazırda əvvəl işləməyən cərrahiyyə şöbəsi aktiv şəkildə, günün 24 saatı fəaliyyətdədir. Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəmizi qurduq, klinikanı böyütmək məcburiyyətində qaldıq, çoxprofilli poliklinikamızı və peyvəndləşmə işini yaratdıq.
Stasionarda yatan xəstələrin ehtiyacı olduğu mütəxəssislərin hamısını ştat vahidi kimi qəbul edərək burada yerləşdirdik ki, kənar həkimlərə müraciət edilməsin. Əlavə funksional diaqnostik və laborator müayinələr qurduq. “Referans Klinik Laboratoriya Mərkəzinin” laboratoriyasının imkanlarından istifadə edərək klinikanın əvvəl olmayan imkanlarını genişləndirdik. Perinatal dövrdə patologiyaların təyini, uşaqların daha sağlam doğulması, ilkin hamiləliyin və sağlam gələcəyin planlaşdırılması nöqteyindən Referans Laboratoriyanın bizə çox köməyi dəydi.
Ayrıca Lor Hospitalın “Referans Medical Group” a daxil olması da bizə dəstəkdir.
Ümumiyyətlə konstruksiya işləri də gedir, klinikamızın ərazisini genişləndirmək məcburiyyətindəyik, çünki bu günə olan iş əmsalımız 100 faiz üzərindədir. Odur ki, daha böyük məkanlara ehtiyacımız var.
Klinikanın həyata keçirdiyi aksiyalar böyük marağa səbəb olur.
- Bir il ərzində çoxlu sayda aksiyalarla çıxış edərək, pasientlərin diqqətini cəlb etmişik. Bu aksiyaların əsas məqsədi klinikanı yeni imkanları ilə həm ölkədə tanıtmaq, həm də imkanları məhdud olan insanların kampaniyalardan yararlanmasına kömək etməkdir.
Böhran vəziyyətindən çıxmaq yollarını axtaranda müraciət edən xəstələrin sayı çox az idi. Daha sonra könüllü şəkildə sığorta şirkətləri ilə işləməyə başladıq və bunun müqabilində bu gün böyük insan axını sağlamlıq məkanı kimi klinikamızı seçir. Bu da bizə imkan yaratdı ki, beynəlxalq arenada sığorta şirkətləri ilə əlaqə yaradaq, dolayısı ilə xarici vətəndaşların bizə müraciətlərini artıraq. Yeri gəlmişkən, tibbi turizmlə məşğul olmağa başlamışıq.

Klinikaya hansı xəstəliklərlə bağlı müraciətlər daha çoxdur və onların müalicəsində irəliləyiş əldə olunurmu?
- 20 ildir “Leyla Medical Center” ən ağır mamalıq anemnizi olan xəstələrin şəfa tapdığı məkana çevrilib və bu ənənəni hazırda da davam etdiririk. Uzunmüddətli sonsuzluqların diaqnostikası və müalicəsi bizim klinikada həyata keçirilir. Sonsuzluq problemi ilə bağlı müraciətlərin sayını nəzərə alaraq qarşıya qoyulan əsas hədəflərimizdən biri də süni mayalanma mərkəzinin yaradılmasıdır. Onları burada diaqnostika və müalicə edib süni mayalanma üçün sonradan başqa klinikalara yönləndirmək özü bir riskdir. Çünki yönləndirdiyimiz klinikanın nə dərəcədə yaxşı işləyəcəyinə və körpənin sağlam dünyaya gələcəyinə zəmanət verə bilmirik. Odur ki, bu ilin sonuna qədər süni mayalanma mərkəzinin yaradılmasına start verməyi planlaşdırmışıq.
Azərbaycanda hansı istiqamətdə xəstəliklər olduğundan xəbərimiz var. Ən çox yayılan aktual xəstəlikləri ilin əvvəlində analiz edərək belə qərara gəldik ki, allerqologiya və qastroenterologiyanı inkişaf etdirə bilərik. 21-ci əsrdə yaşamağımıza baxmayaraq, belə bir tendensiya var ki, keçən əsrin ölüm və fiziki məhdudiyyətlərə səbəb olan ağır və prioritet xəstəlikləri son 20 ildə dəyişib. Ən çox qastroenterologiya, o cümlədən onkoloji xəstəliklər, mədə-bağırsaq sisteminin başqa patologiyaları ön sıraya çıxıb. Bu da daha həssas diaqnostikanın olması ilə bağlıdır. Belə nəticəyə gəldik ki, qastroenterologiyanı inkişaf etdirsək, daha çox uğur qazanarıq. Həqiqətən də gözləntilər özünü doğruldur.
Multi-profil klinika isə özəl tərəflərimizdən biridir. Bu istiqamətə köklənməyimizin səbəbi ondan ibarətdir ki, profillər üzrə müraciət edən pasientləri həkimlərlə təmin edə bilək. Yəni bu, pasientin bir müraciəti ilə ehtiyaclarını ödəmək iqtidarında olmaq deməkdir. Xəstə üçün bir gəlişdə bütün mütəxəssislər əlçatan olur. Hər kəsin iş qrafiki gərgin və sıxdır, odur ki, hər bir şəxs multi-profil xidməti görmək istəyir. Bunu nəzərə alaraq klinikamızda tətbiq etməyə başladıq və böyük müvəffəqiyyət qazanmış olduq. Keçən illə müqayisə etsək, builki müraciətlərin sayı kifayət qədər artıb. Bu da onu göstərir ki, düzgün istiqamət və hədəflər seçmişik.
Xəstələrin güvənini qoruyub saxlamaq üçün hansı addımlar atılır?
- Sözsüz ki, böhran dönəmində pasient loyallığı ən çətin və ən ümdə işdir. O mənada ki, cəmiyyətdə Leyla Şıxlinskaya xəstəxanasına olan inam və etibar zədələnmişdi. Xəstələrin yenidən bizə inanması və qayıtması, ümumiyyətlə onlarda yaxşı fikir formalaşdırmaq üçün çox çalışdıq. Çox stress keçirdik, komanda olaraq uzun müddət işlədik, planlar cızdıq. Bir sözlə, pasient loyallığı yaratmaq üçün çox səy göstərdik.
Klinikaya həddən artıq pasient cəlb etmək hədəflərimizə daxil deyildi. İlk növbədə hansı sahələrdə boşluqların olduğunu araşdırdıq. Daha sonra o böhranın sıfırlanması və sıfırlanmadan sonra keyfiyyəti artıraraq klinikanın addım-addım irəliləməyini təmin etdik. Pasient güvənini qazandıq, beləlikdə də “Leyla Medical Center”in Azərbaycanda ilk beş topluğa daxil olmasına nail olduq. Biznesin qanunları var, onun alətlərindən istifadə etmək şərtilə xidmətlərin keyfiyyətini yaxşılaşdırdıq və insanlara diqqəti elə göstərdik ki, bizi özlərinə ümid və dayaq yeri seçdilər.
Biznesin qanunları ilə hər şey aydındır, amma etiraf edək ki, sizin də müstəsna rolunuz var, məsuliyyətli yükün altına girməklə risk etmisiniz. Klinikanın tibbi direktoru təyin olunduğunuz zaman bu işin öhdəsindən gələ biləcəyinizi düşünürdünüz? Sizcə, Azərbaycanda qadın, ya kişi üçün karyerada uğura aparan yol daha rəvandır?
- Gender bərabərsizliyinə yönəlmək lazım deyil. İnsan qarşısına arzu yox, məqsəd qoyursa və ona doğru inadla irəliləyirsə, mütləq istəyinə nail olur. Fors-major halları nəzərə almasaq, nə qədər çətin olsa da, iddialı hədəflər gec-tez səni uğura aparacaq. Odur ki, biznesdə uğuru qadın və kişiyə ayırmağın tərəfdarı deyiləm. Maneələr həmişə var, seçdiyin məqsəd aktual və lazımdırsa, uğurun qapıları bütün hallarda üzünə açıq olacaq.
İnsan resursu çox maraqlı və qiymətli vahiddir, bazarda rəqabət sağlam getmədikdə, sözsüz ki, çətinliklə rastlaşırıq. Qeyri-sağlam rəqabət tək Azərbaycanda deyil, dünyanın hər yerində var. Sağlam rəqabətdə inkişafa doğru gediriksə, qeyri-sağlam rəqabətdə reqress başlayır, iqtisadi durum pisləşir və s. Belə problemlər hər bir iş adamının qarşısına çıxır,biz də öz növbəmizdə riskləri hesablayırıq ki, tədbirli olaq və onları azaltmağa doğru addımlar ataq.
Digər ölkələrdən peşəkar mütəxəssislərin cəlb olunması haqqında nə deyə bilərsiniz?
- Bu da bir ənənə halındadır. Ənənələrimizə sadiq qalaraq xarici ölkələrdə olan həmkarlarımızın və oradakı tibb müəssisələrinin imkanlarından istifadə etmək üçün tez-tez əməkdaşlıq qururuq. Türkiyənin Memorial Xəstəxanası ilə keçən il memorandum imzalamışıq və bu razılaşma çərçivəsində həkim mübadiləsi, orta tibb işçilərinin mübadiləsini apararaq onların xidmətlərindən yararlanırıq. Bir il ərzində 15-ə yaxın dünya səviyyəli türk professorlar Azərbaycana gəlib. Onlar yerli həkimləri təkmilləşdirmək məqsədilə müxtəlif treninqlərdə və elmi konfranslarda iştirak ediblər. Türkiyəli mütəxəssislər perinatologiyanın aktual məsələləri konfransında da bizə yardım etdilər. Bu təcrübəni davam etdirmək niyyətindəyik.
Bununla yanaşı Rusiyadan da konsultantlarımız var ki, kvartalda bir dəfə olmaq şərtilə bizimlə əməkdaşlıq edərək bura gəlirlər. Həmçinin Avropadan dəvət olunan həkimlərimiz də var. Onların gəlməyinə ehtiyac olmur, çünki onlayn seminarlar keçiririk, beləliklə bu həkimlərimizə təcrübələrini artırmağa imkan yaradır. Eyni zamanda Avropa və Asiyadakı tibb müəssisələrində klinikamız barədə təsəvvür yaratmağa kömək edir.
Xəstəxana adını güclü markaya çevirdikcə təbii olaraq qiymətlər də qalxır. Qiymət siyasətiniz imkanları məhdud xəstə və ailələrə uyğundur?
- Bazar iqtisadiyyatının tələb və təklifləri var, tələb artdıqca, təklif də artır. Qiymət balansı təklif və tələblərə əsasən dəyişir. Özəl klinika olaraq sözsüz ki, qiymətləri balanslaşdırmağa məcburuq. Bununla bağlı çox böyük marketinq departamentimiz var. Çalışırıq ki, orta statistik qiymətlər qoyaq. Qeyri-sağlam rəqabətlə işləyən dempinq siyasətindən istifadə edən klinikaların siyahısında deyilik, olmamışıq, heç vaxt da olmayacağıq. Çünki biz keyfiyyətə önəm veririk. Məlum məsələdir ki, ucuz yerdə keyfiyyət axtarmaq mümkün deyil. Marketinqdə qiymətlər tez-tez dəyişir, öz keyfiyyətimizə uyğun qiymət və keyfiyyət balansını saxlamağa çalışırıq.

Təəssüflər olsun ki, son illərdə Azərbaycanda uşaq intiharları və onlara təcavüzlərin sayı artıb. Sevda xanım, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan üzrə regional tibbi kuratoru olaraq vurğulaya bilərsiniz beynəlxalq qurumdan bu hadisələrin qarşısının alınması üçün hökumətə hansı tövsiyələr, təkliflər verilir?
- Rəsmi statistik göstəricilər arta bilər. Lakin bu hadisələr əvvəllər də var idi, sadəcə heç yerdə açıqlanmırdı. Odur ki, elə görünür ki, artıb. Əslində belə deyil. İnternet və texniki inkişaf dövründə yaşayırıq, uşaqlar təkcə ailə və məktəb himayəsi altında olmur. İnternetdə daha çox vaxt keçirirlər, qacetlərin təsiri altına düşürlər. Bu təsirlər uşaqların baş-beyin inkişafına neqativ təsir edir, onlarda stress yaradır, “Mavi balina” sindromuna qədər gətirib çıxarır.
BMT-nin tövsiyələri ondan ibarətdir ki, böyüklərin nəzarəti ilə həm evdə, həm də kollektivdə uşaqların maksimal məşğulluğu təmin olunmalıdır. Onların daha konstruktiv və pozitiv işlərlə məşğul olaraq inkişafı mütləq sayılır. Bu olmadığı təqdirdə sosial deprevasiyaya düşən uşaq tənhalığının qarşısını almaq üçün sosial şəbəkələrdə vaxt keçirir və mənfi təsirə məruz qalır. Təsadüfi deyil ki, elmi-texniki inkişafın məbədi sayılan Asiya ölkələrində, məsələn, Yaponiyada riyaziyyat dərslərində uşaqlara hesab cihazlarından istifadə etməyə icazə verilmir. 7-8-ci sinfə kimi uşaqlara riyaziyyat dərslərində bütün hesab əməliyyatlarını baş-beyin gimnastikası şərti ilə öyrədirlər.
Aparılan istintaqlar göstərdi ki, son illərdə qeydə alınan intihar hallarının əsas səbəbi sosial deprevasiyadır. Daha dəqiq desəm, valideyn tərəfindən yetərincə diqqət və qayğı görməyən uşaqlar arasında xüsusilə yayılıb. Qarşısının alınması üçün bir neçə istiqamətdə layihələr işlənib hazırlanır. Fərəhverici haldır ki, artıq ölkəmizdə yeniyetmələr üçün bir neçə psixoloji mərkəz yaradılıb. Yetər ki, valideynləri, məktəb və dostları bu deprevasiyanın başladığını hiss edəndə onları bu istiqamətdə mərkəzlərə yönəltsin. Problemlərdən çıxış yolu tapıb inkişaf etməliyik. Bu istiqamətdə ya başqa ölkələrin təcrübəsindən yararlanmalı, ya da öz səhvlərimizdən nəticə çıxarıb inkişaf etməliyik.
İxtisasca pediatrsınız, odur ki, koronavirusun dünyanı cənginə aldığı bir dövrdə bu mövzuya toxunmasaq olmaz. Xüsusilə valideynlərin böyük narahatlığı uşaqları ilə bağlıdır. Uşaqları bu virusdan necə qorumalıyıq?
- Koronavirus yeni yaranmış infeksiya deyil. Lakin bu il daha çox xəstəlik törətmək və ölüm halına səbəb olmaq formasına gəlib çıxıb. Azərbaycan izolyasiya olunmuş ərazi deyil. Səhiyyə Nazirliyi, eyni zamanda aidiyyəti qurumlar çalışır ki, koronavirusun ölkədə yayılmasının qarşısı alınsın.
Valideynlər haqlı olaraq narahatdır. Çünki qədərincə informasiyaları yoxdur, tibbi üstünlüklərdən yetərincə yararlanmırlar. Koronavirusla bağlı daxili prosedurlarımızı yaratmışıq. Həm böyük, həm də kiçik pasientlərimizi məlumatlandırırıq. Əks-epidemik imkanlardan istifadə etməyi, uşaqları kənar yerlərə aparmamağı, maskalardan istifadə etməyi, tez-tez əlləri yumağı tövsiyə edirik.
Xəstəxanaya bu şikayətlə müraciət edən olub?
- Azərbaycanda yanvar ayından - virus xəbərləri yayılandan bəri, hər bir xəstəyə məlum əlamətləri olduğu təqdirdə şübhəli yanaşırıq. Qızdırması olan xəstələr qəbul şöbəsinə müraciət etdiyi zaman onlara hazırladığımız sual anketi verilir. Hansısa şübhəmiz varsa, laborator müayinə təklifləri edirik. Amma bu günə qədər klinikamızda koronavirusa yoluxma halı qeydə alınmayıb.
Ölkəmiz üçün risk səviyyəsini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, virusun yayılmasının qarşısı nə zaman alına bilər?
- Bu suala cavab vermək səlahiyyətində deyiləm. Ümumdünya Səhiyyə Təşkilatı və çox səlahiyyətli qurumlar bu barədə proqnoz verə bilmirsə, biz də nəsə deyə bilmərik. Hər halda imkan daxilində sərhədlərdə və bölgələrdə əks-epidemik tədbirlər daha yüksək səviyyədə aparılarsa, yeni tip virusun yayılma və ölüm təhlükəsi azalmış olar. Nüfuzlu təşkilatlar artıq koronavirusun müalicə və ya profilaktik növlərini öyrənməyə çalışır. Hətta “bitcoin” nümayəndələri virusla bağlı “coin”lər buraxıb. Çox böyük tənqidə səbəb olsa da, şirkət açıqlayıb ki, qiymətlər artdığı təqdirdə alınan gəlirin 30 faizi koronavirusun diaqnostika və profilaktikasına yönələcək.
- Hökumətin apardığı sağlamlıq siyasətini necə dəyərləndirirsiniz və səhiyyənin inkişafı üçün nələr həyata keçirilməlidir?
- Azərbaycanda səhiyyənin inkişafı Birinci vitse-prezidentin nəzarətindədir. Bu illərdə Mehriban Əliyevanın israrla yeritdiyi siyasət var - səhiyyə təmənnasız, effektiv və əlçatan olmalıdır. Nə qədər klinika göstərmək olar ki, Mehriban xanımın kurasiyası ilə açılıb və ora çoxlu sayda tibbi avadanlıqlar gətirilib. Strategiyanın arxasında gözəl taktika dayanır və həqiqətən də düzgün inkişafla rastlaşırıq.
İcbari tibbi sığortanın tətbiqinə başlanılmalıdır. 5 ildir ki, pilot layihələr müvəffəqiyyətlə işləyir. Nazirliyin səlahiyyətli nümayəndəsi kimi bölgələrə gedirəm və görürəm ki, yetərincə avadanlıqlar və protokollar var. Sözsüz ki, icbari tibbi sığorta Bakı üçün də pilot layihə olacaq, yaxın gələcəkdə hansı effekt verəcəyini görəcəyik. Şübhəli yanaşırıq, çünki hər bir insan üçün qoyulan pul bizə kiçik məbləğ kimi görünür. Amma onun düzgün siyasəti yürüdülsə və insanların ehtiyaclarını ödəməyə kifayət qədər əməkdaş cəlb olunsa, bu ilin sonuna qədər imkanlarımız yaxşılaşa bilər.

Azərbaycanda rast gəlinən uşaq xəstəlikləri əsasən hansılardır? Valideyn məsuliyyətsizliyi üzündən yaranan fəsadların göstəriciləri nə qədərdir?
- Ölkəmizdə birinci yeri həmişə olduğu kimi, respirator xəstəliklər tutur. İkinci sırada mədə-bağırsaq, üçüncü pillədə isə kardio-sirkulyar xəstəliklər dayanır. Diaqnostikada bunların hamısı yetərincə inkişaf edib. Hərdən deyirlər ki, hepatit və ya onkoloji xəstəliklər çoxalıb. Halbuki, başqa prizmadan baxsaq, görərik ki, diaqnostika imkanları yaxşılaşıb. Risklərin diaqnozunu daha tez müəyyən edə və onun üçün preventiv imkanlarımızdan istifadə edə bilirik. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, xəstəliklərin profili dəyişməyib. Eyni xəstəliklərə Azərbaycanda pediatriyada da rast gəlinir. Onların müalicə və diaqnostika imkanları dəyişib. Odur ki, icbari dispanserizasiya düzgün aparılsa (xüsusilə bölgələrdə) uşaqların xəstəliklərdən sağalma ehtimalı da artar.
10 aprel 2013-cü ildə cənab Prezident “Uşaqların icbari dispanserizasiyası haqqında” fərman imzaladı. Bütün uşaqlar dispanser uçotuna alındı. Bu, tez-tez xəstələnən, xroniki xəstəlikləri olan uşaqların əvvəlcədən cari terapiyalarının aparılması və onların xəstələnmə tezliyinin azalmasına gətirib çıxarmalıdır və çıxarır. İcbari dispanserizasiya yaxşı aparıldığı halda sağlamlaşma əmsalı 100 faizə çatmalıdır.
İldə bir dəfə valideyn məsuliyyətsizliyi üzündən uşağın səhhətində ciddi problem meydana gələrsə, bu elə qabardılır, elə böyük əks-səda verir ki, digər valideynlər ondan dərs götürmək məcburiyyətində olur. Səhiyyə Nazirliyinin “Uşaq və yeniyetmələrin inkişafı və ölüm hadisələrinin araşdırılması” üzrə komissiyasının üzvü kimi deyə bilərəm ki, son 8 ildə araşdırdığım ölüm hadisələrinin 80 faizində valideyn günahsız ola bilməz. Valideynin cavabdehliyi həkimlərin məsuliyyətindən az deyil. Məsələ ondadır ki, uşaq xəstələnsə də, qızdırması olsa və xırıldasa da, valideyn buna ciddi reaksiya vermir. Bu hallar xüsusilə bölgələrə aiddir. Başları məişət işlərinə qarışır, uşaq ağırlaşıb ölümcül hala çatanda klinikaya gətirirlər. Sözsüz ki, həkimlərin də səhvləri var, savad səviyyələrinin aşağı olması ucbatından hansısa problemlər yarana bilər. Səlahiyyətli orqanlar mənimlə razılaşmaya bilər, lakin son illərdə şəxsi təcrübəmə söykənərək deyə bilərəm ki, valideyn məsuliyyətsizliyi uşaqların vəziyyətinin ağırlaşmasında az rol oynamır. 80 faiz hallarda valideynlər uşaq xəstəliklərinə etinasız yanaşır. Bu da ağlasığmaz ölüm və əlillik hallarına gətirib çıxarır.
“Leyla Medical Center”ə il ərzində yuxar tənəffüs yollarında və mədə-bağırsaq sistemində yad cisimlə gələn uşaqların sayı artmaqda davam edir. Sözsüz ki, bunlar valideyn diqqətsizliyi üzündən baş verir. Yaxud da ensefalit (baş beynin iltihabı, xəstəlik törədən mikroorqanizmlərin beyinə keçməsi nəticəsində baş verən infeksion xəstəlik qrupu) əlamətləri ilə uşaqları gecikmiş vəziyyətdə gətirirlər. Soruşursan ki, neçə gündür bu vəziyyətdədir, deyir 15 gündür. Hesab edirəm ki, ölkə səviyyəsində anaların maarifləndirmə işini düzgün qurmalıyıq. Bütün dünyada müvafiq strukturlar var, onlar uşaqları məktəbdən valideyn olmağa hazırlayır. İcmalar ana olandan sonra qadınlara xəstəliklərin ciddiliyi barədə məlumat verir. Bu, həkimlərin funksiyalarına daxil deyil. Sosial strukturların yerinə yetirməli olduğu işlərdir. Bizdə bu sahədə boşluqlar var.
Valideynlərin erkən nikahlara razılıq verməsi də tibbi və sosial savadsızlıqdan qaynaqlanır. Qarşısını almaq üçün sosial strukturlar böyük işlər görməlidir. Rayonlarda xanımlara dərslər keçilməli, yaxud da treninqlər aparılmalıdır. Bu, hökumət səviyyəsində olan və böyük maliyyə tələb edən işdir.
Erkən doğuşun əsas səbəbləri hansılardır?
- Erkən doğuşun səbəbləri arasında xanımların az maarifləndirilməsini görürəm. Doğuşların sayı artır, analiz edəndə görürük ki, ya yaşı az, ya da böyük patologiyaları olan problemli xanımlardır.
Hazırda perinatal diaqnostika dünyada çox yüksək inkişaf edib. Bunun müqabilində bu gün Azərbaycanda doğum anomaliyalarının sayı çox az olmalıdır. Çünki diaqnostika, lazımi texniki bazamız, infrastrukturumuz var.

Göstəricilər nə deyir?
- Azalıb, ancaq olmamalıdır, sıfıra enməlidir. Klinikaların şəraitinin yaxşılaşdırılmasına, həkimlərin bilik səviyyəsinin artmasına, xaricdə təhsil almaları üçün səhiyyəyə yetərincə pul ayrılır.
Hamilə xanım özünün və körpəsinin sağlamlığını qorumaq üçün nələrə diqqət etməlidir?
- İlk növbədə düzgün qərar qəbul edərək, peşəkar həkim seçməlidir və həkim 9 ay onun yanında olmalıdır, səhhətində baş verən hər dəyişikliyi bilməlidir. Sonuncu 7 aydan başlayaraq artıq neonatoloq da mama-ginekoloqla birlikdə xanımı düzgün yönəltməlidir ki, 9 aydan sonra dünyaya gələn uşaq sağlam olsun.
Müsahibə və dolğun məlumat üçün təşəkkür edirəm, Sevda xanım.
- Təşəkkür edirəm.
Aytən Məftun/Publika.az