Aktual / Xəbəriniz olsun!

Zəlzələdə ölən və yaralıların sayı artır - YENİLƏNİB

Banu. | 25-01-2020, 09:37
87 0
Türkiyənin Fövqəladə Hallar üzrə Dövlət Komitəsi (AFAD) Elazığda baş verən zəlzələ nəticəsində ölən və yaralıların sayının artdığını açıqlayıb. 
Məlumata görə, 6.8 bal gücündəki zəlzələ nəticəsində 20 nəfər həlak olub, yaralıların sayı isə 1015-ə yüksəlib.
Rəsmi mənbələr, həmçinin, 30 nəfərin dağıntılar altında qaldığını qeyd edir.
Türkiyənin Elazığ və Malatya şəhərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, 772 nəfər xəsarət alıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.
06:31
Türkiyə Fövqəladə Hallar üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Elazığ və Malatya rayonlarında şiddətli hiss edilən zəlzələ zamanı ümumilikdə 18 nəfər ölüb, 651 nəfər yaralanıb. 
Türkiyə Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında zəlzələ zamanı xeyli sayda binanın çökdüyünü deyib. Bu səbəbdən ölən və xəsarət alanların sayının artdığı bildirilir. Nazir hazırda hərbi və tibbi briqadaların axtarışları davam etdirdiyini qeyd edib. 
Fövqəladə Hallar üzrə Dövlət Komitəsindən bildirilib ki, Türkiyənin 39 rayonundan axtarış-xilasetmə briqadası, 180-dən çox xüsusi texnika zəlzələ ərazilərinə göndərilib. 
Elazığ şəhərində yaşayan jurnalist Taner Gürman Baku TV-yə açıqlamasında ümumilikdə, 30-dan çox binanın çökdüyünü deyib. Jurnalistin sözlərinə görə, zəlzələdən zərər çəkən vətəndaşlar bölgədə olan məktəb və idman komplekslərinə yerləşdirilib. Ətraf bölgələrdə yaşayan əhali isə yük maşınları ilə zəlzələ ərazisinə xeyli ərzaq, 1700-ə yaxın yataq, 9 mindən çox yorğan göndərib. 
Türkiyə İnsani Yardım Vəqfindən verilən məlumata görə, kömək üçün 300-ə yaxın könüllü xüsusi texnika və axtarış avadanlıqları ilə zəlzələ bölgəsinə göndərilib. Zəlzələnin ətraf ərazilərdə də hiss edildiyi bildirilir. 
Türkiyənin Malatya və Elazığ vilayətlərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 553 nəfər xəsarət alıb.
RİA “Novosti”nin məlumatına əsasən, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib. 
“Elazığda 13 nəfər, Malatyada isə 5 nəfər həlak olub. 553 nəfər xəstəxanaya yerləşdirilib və ya tibbi yardım üçün müraciət edib”, - deyə nazir jurnalistlərə bildirib.
01:19
Türkiyənin Elazığ şəhərində baş vermiş zəlzələdə ölü və yaralıların sayı artıb.  
Məlumata görə, bu barədə Türkiyənin Fövqəladə Hallar üzrə Dövlət Komitəsi (AFAD) açıqlama verib. 
Bildirilib ki, zəlzələnin episentrinin olduğu Elazığda səkkiz nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb. 
Qonşu Malatyada isə altı nəfər ölüb, 45 nəfər yaralanıb. 
Dağıntılar çox olduğu üçün ölən və yaralananların sayının artacağı gözlənilir. 
 
00:04
Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər həyatını itirib, 84 nəfər yaralanıb. 
Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.  
O, bildirib ki, Elazığın Mədən rayonunda beşmərtəbəli yaşayış binası çöküb: 
“Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz”. 
22:50
Türkiyədə növbəti güclü zəlzələ olub 
Elazığda baş verən təkanların gücü 6,8 bal olub. 
Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınan zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub. 
Təkanlar ətraf rayonlarda da hiss olunub.  
İlkin məlumatlara görə, hadisə nəticəsində dağıntılar olsa da, ölən yoxdur. 
Avropa Aralıq Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ İsrail, İraq və Suriyada da hiss olunub. 
Qeyd edək ki, bir neçə gün əvvəl Manisada da zəlzələ olmuşdu.oxu.az