Aktual / Xəbəriniz olsun!

"Qayınana sözünü qəbul etmirəm, qayınana elə ana deməkdir"-Nüşabə Ələsgərli ilə SƏMİMİ SÖHBƏT

Banu. | 16-01-2020, 18:57
132 0
İllər onun yaşına təsir etsə də, zahiri görünüşünə təsir etməyib. Həm işini, həm də sənətini uğurla davam etdirən, yenicə qayınana olan Əməkdar artist Nüşabə Ələsgərli  qonağ olub. Əməkdar artistin həyat və yaradıcılığında baş verən yenilikləri müsahibəmizdə təqdim edirik:

Nüşabə xanım, artıq yeni ilin ilk ayını yaşayırıq nə yenilikləriniz var?

Yeni il ərəfəsində üç mahnı yazdırdım. Biri musiqisi Fərid Kərimlinin sözləri Gülər Əliyevin “Səni sevirəm” mahnısıdır. İstəyirdim o mahnıma klip çəkdirim. Amma evdəki xeyir işləri ilə bağlı başım qarışıqdır. Ona görə hələ özümə vaxt tapa bilməmişəm. Efirlərə çıxıram, proqramlara dəvət alıram. Universitetdə dərslərimi keçirəm, indi də imtahan ərəfəsidir. Başımız işlərə qarışıb.

Bu yaxınlarda qızınız nişanlandı. Allah xoşbəxt eləsin...

Allah bütün övladları xoşbəxt etsin. Mənim arzum budur ki, bütün balalar, övlad sahibi olanların xoş gün görsünlər.
Qızınızla kürəkəninizin tanışlıqları necə oldu? Özü sevib seçdi?

Nigar Universiteti bitirdikdən sonra dövlət qurumuna imtahanlar verdi və qəbul oldu. Mən də dedim ki, Avropada tanışlarımız var, bərabər gedək gəzək. Oğlanla bu səfərdə tanış oldu, bir-birlərini bəyəndilər. Həmin vaxt qızım artıq işləməyə başlamışdı. Özləri tanış olub bir-birlərini bəyəndilər. Mənim də razılığım oldu. Gördüm ki, yaxşı ailədi, məsləhətlidir. Evləndikdən sonra harda yaşayacaqlar?

Belçikada yaşayacaqlar.

Sizin üçün qızınızdan ayrı yaşamaq çətin olmayacaq?

Əvvəllər insanların bir-biri ilə ünsiyyət saxlaması çətin idi. Məktub yazırdılar, on günə rayona gedirdi .On günə cavab gəlirdi. Bir-birlərinin üzlərini görə bilmirdilər. Gediş -gəliş çətin olurdu. Telefonla danışmaq üçün saatlarla telefon qovşağında gözləyirdilər. Bu çətinlikləri mən uşaqlıq illərimdə yaşamışam. İki bacım Sankt-Peterburqda təhsil alıb. Yadımdadır ki, valideynlərim beş gün işləyirdilər. Şənbə və bazar günləri poçtlarda ancaq telefonla danışmaq üçün saatlarla gözləyirdilər. İndi hər şey çox asandır. “Skype”la görüntülü danışmaq yetərlidir ki, hər dəqiqəsindən, hər saatından məlumatlı olasan.

Kürəkəniniz nə işlə məşğuldur?

Kürəkənimin öz şəxsi biznesi var. Yaxşıdır hər şey. Çalışqan oğlandır.

Oğlunuzun həyatında nə yeniliklər var?

Oğlum Azərbaycan Diplomatiya Akademiyasını bitirdi. Hazırda xaricdə texnoloji Universitetdə magistratura təhsili alır.

Nişan mərasimində məşhurlardan az adam gördük . Buna səbəb nə idi?

Bəli demək olar ki, heç kimə deməmişdim. Nişan adətən ailə daxilində olur. Bizdə də elə oldu.
Toyda necə olacaq bəs?

Toyda inşallah deyəcəm. Dostlarım çoxdur, niyə dəvət etməyim ki?

Toydan söhbət düşmüşkən, nə vaxta planlaşdırırsız toyu?

Yayda etmək istəyirik inşallah. Oğlum da imtahanların versin, gəlsin. Yayı nəzərdə tutmuşuq.

Nüşabə xanım özün qayınana kimi necə təsəvvür edir?

Mən qayınana sözünü qəbul etmirəm. Mənim üçün qayınana elə ana deməkdir. Öz balasını sevən ana başqasının da övladın doğma bilməlidir. Bala baladır, nə fərqi olmalıdır ki?! Məncə fərq qoymaq olmaz.

Bəs oğlunuz evlənəndə necə ayrı qalacaq yoxsa gəlinlə birgə qalan qayınanalardan olacaqsız?

Oğlumun harada yaşayacağından və kimlə ailə quracağından asılıdır. Fərq etməz, kimlə ailə quracaqsa hər zaman yanındayam. Ümumiyyətlə hər iki övladıma demişə, nə olur olsun, hər zaman yanlarında, arxalarındayam.
Bəs sizcə bir qadın necə olmalıdır?Evdəki Nüşabə ilə efirdəkinin arasında nə fərq var?

Demək olar ki, çox dərin fərqlər yoxdu. Mən həmişə evdə də, işdə də ya olduğum kimi görünürəm ya da göründüyüm kimi oluram. Təbii ki, bəzi şeylər var ki, onu efirdə danışmaq olmaz. Çünki mən pedaqoqam mənə tələbələr baxır.Yəni istər-istəməz evdə olduğun kimi efirdə olmursan. Sosial xarakterli verlişlərə dəvət alıram. Ona baxanda evdə bəlkə başqa reaksiya göstərərəm amma efirdə çərçivə olmalıdır.

Bu günlərdə də qaçan qudalarnan bağlı sərt çıxışınız oldu...

Mən orada filmlərdən misallar gətirdim. “Dəli Kür” filmində Cahandar ağanı, “Bəyin oğurlanması”nda Yaşar Nurinin canlandırdığı obrazları nümunələr gətirdim. Demək ki, Azərbaycan tarixində də dünyada da belə şeylər olub. Çox sakit reaksiyam var idi. Sadəcə həmin şəxsin bir kəlməsi məni özümdən çıxardı. Ona heç kim haqq qazandırmır. Amma bu iş baş veribsə, özünü haqlı çıxarmaq üçün qarşı tərəfə çirkab atmaq da düzgün deyil. Hətta bunu kişi edirsə, bu, qəbuledilməzdir.
Ölkədə daha bir dəhşətli olay Nərminin qətli oldu. Bu məsələyə münasibətiniz necədir?

Əvvəlcə onu deyim ki, valideynlər övladların heç bir halda nəzarətsiz qoymamalıdırlar. Əgər bu hadisə bir kənddə baş verirsə və nəzərə alsaq ki, kəndin əhalisi çox azdır, hamı bir-birini çox yaxşı tanıyır. Sakinlər bir-birləni çox gözəl tanıdığı kimi sahə müvəkkili insanları hamıdan yaxşı tanıyır. O qızı çox asanlıqla tapmaq olardı. Bu ümumi bir dərddir. Vaxtilə almanların filmlərinə baxanda görürdük ki, itən əsri ya hansısa əşyanı tapmaq üçün cins itlərdən istifadə olunurdu. Bu hadisədə də uşağın paltarlarını iylədib itlər vasitəsi ilə tapa bilərdilər. Əgər bir ayda itən uşaq tapılmırsa, bu, Tovuzdakı hüquq-mühafizə orqanlarının günahıdır. Bu, çox böyük günahdır. Bu işi onların vicdanına buraxıram.

Sizcə belə məsələləri efirdə işıqlandırmaq düzgündürmü?

Televiziyaların özlərinin ekspert hüquqşünasları olur. Ekspert aparıcıya xəbərdarlıq etməldir ki, efirdə nəyi demək olar, nəyi demək olmaz. O aparıcıdır, ola bilər o sahədən nəyisə bilməsin.

Bir çoxları Xoşqədəm Hidayətqızın günahlandırdı ki, istintaqın gedişatına mane olub…

Onun vəzifəsi işıqlandırmaq idi. “Olmaz” sözünü ekspertlər, hüquq-mühafizə orqanları, televiziya rəhbərliyi deməli idi. Aparıcıdır, verilişini aparır. Ona müraciət olunub, onun da vəzifəsi məsələni işiqlandırmaqdır. O, sadəcə emosialara biraz çox qapanıb. Amma ona “olmaz” sözünü demək olardı. Yəni burda bir nəfərdə günah görmək olmaz.

Sizi qalmaqallardan uzaq görürük çox zaman...Bəs qalmaqalla gündəmə gələn ,instagramdan məşhur olan həmkarlarınıza münasibətiniz necədir?

Əlbəttə ki, bu yaxşı hal deyil. Amma elə texnoloji inkişaflar var ki, onlar bəzi peşələri silir. “Whatsapp” çıxdı, məktublaşma silindi. Yəni belə şeylər var. İndi hərənin əlində bir televiziya var. İnstagram hərənin öz televiziyasıdır. Və bu televiziyanın hər kəsin əlində olması yaxşı hal deyil. Çünki savadlı-savadsız, mədəniyyətli-mədəniyyətsiz, tərbiyəli-tərbiyəsiz insanlar var. Ona görə də belə insanların şəxsi televiziyasının olması yaxşı deyil. Amma bunun qarşısın almaq olmur. Texnoloji inkişafın qarşısın almaq mümkün deyil.

Əvvəllər efirdə senzura varidi amma indi efirdə hər şey danışılır...

Qadağalar indi də var. Amma biraz yumşalmış formadadır. Məsələn, bizim dövlət televisiyasında (AzTV nəzərdə tutulur) o sərtlik qalıb, İctimai televiziyada da var. Çünki birbaşa dövlət nəzarətindədir. Bir də var özəl televiziyalar. Onlar reklam, reytinq hesabına maaliyyələşirlər ona görə ara-sıra belə yollara əl atırlar.
Sizcə son dövrün məşhurlarından kim səhnədən getsə insanların yaddaşında qalacaq?

Ümumiyyətlə, insan vəfasızdır. Televiziya ilə bağlı sahələr də həmçinin. Yaxşı sənətkarın sənəti qalacaq. Sənəti olmayanlar tez unudulacaq. Efirə üç gün, beş gün çıxmayanda təbii ki, yavaş-yavaş insanlar səni undur . İndiki məşhurlardan da sənətkarlar yadda qalacaq.

Yeni sənətə gələn gənclərdən kiməsə dəstəksiz?

Dəstək istəsələr, verərəm. Məndən gənclər yeni kliplərini, mahnılarını səhifəmdə paylaşmağımı xahiş edirlər. Yaxud yeni sahibkarlığa başlayanlar var ki, səhifələrin paylaşmaq üçün instagramdan göndərirlər. Mən də təmənnasız səhifəmdə paylaşıram. Yardım bu qədər edə bilirəm.

Hansı məşhurlarla dostsuz?

Çoxları ilə dostluq münasibətim var. İnşallah toyda görərsiniz.

Bir çox müğənnilər deyir ki, həmkarları trendi pulla alırlar. Siz necə düşünürsüz bəs bu barədə?

Bilirsiz, reklam böyük qüvvədir. Əgər mahnıları trendə düşübsə və ya pulla salıblarsa, yaxşı ediblər. Populyarlaşmaq istəyirlər, məşhur olmaq istəyirlər. Bu da reklamın bir növüdür. Həmin şəxsin də haqqıdır. Sənətinə sərmayə qoyur. Amma pul verib trendə salıb-salmadıqların mən bilmirəm, deyə bilmərəm. Kim pulnan salır, kimin öz mahnısı düşür. big.az