Aktual / Xəbəriniz olsun!

64 yaşlı qadınla 70 yaşlı kişi valideyn oldu: ölkədə ilk, dünyada isə ... - FOTOLENT

Banu. | 22-10-2019, 22:45
702 0

64 yaşlı qadınla 70 yaşlı kişi valideyn oldu: ölkədə ilk, dünyada isə ... - FOTOLENT

Bu gün Azərbaycanda və keçmiş sovet məkanında bir ilkə imza atılıb. Belə ki, ölkədə ilk dəfə olaraq 64 yaşlı xanım və 70 yaşlı kişi valideyn olublar və onların bu gün əkiz övladları dünyaya gəlib.

“Dünyada 64 yaşından sonra övladı olan anaların sayı altı olub, bu gün isə dünyada yeddinci dəfə belə hadisə oldu”.


Bu sözləri açıqlaması zamanı paytaxtın özəl klinikalarının birində Süni mayalandırma mərkəzinin direktoru, eləcə də qadın xəstəlikləri və doğum üzrə mütəxəssis olan Mövlana Cəlaləddin Örnək deyib. O bildirib ki, 64 yaşından sonra övladı olan xanımlar bundan əvvəl Hindistanda, Amerikada, Yaponiyada və İspaniyada olub:

“Biz Azərbaycanda da belə hadisənin baş verəcəyi ilə bağlı Ginnesin Rekordlar Kitabına müraciət etdik və onlar bununla çox maraqlandılar. Düşünürəm ki, bu gün baş tutan əməliyyat Rekordlar Kitabına düşəcək”.

C.Örnək bildirib ki, 64 yaşlı xanım 40 il sonra bu gün ana olub:

“Biz uzun müddətdir ki, həyəcanla bunun sonunu gözləyirdik. Xəstə ilk dəfə bizə müraciət edəndə bunun üçün tərəddüd etdik, çünki bunu ətraflı, eləcə də doğulacaq uşaqların sağlamlığını düşünərək etmək lazım idi. Ancaq uzun illər müxtəlif səbəblərlə hamiləliyini təxirə salmış, daha sonra isə yenidən fərqli səbəblərlə uzun müddət gözləmək məcburiyyətində qalan xanımın istəyi və həvəsi buna razılıq verməyimiz üçün səbəb oldu. Ananın özü də testlərdən, müayinələrdən uğurla keçdi və heç bir problem aşkar edilmədi. Hər hansısa bir problemin aşkar edilməməsindən sonra isə imtina üçün bəhanə tapa bilmədik”.

Mütəxəssis əlavə edib ki, xəstə süni mayalanma vasitəsilə əkiz uşağa hamilə qalıb:

“Dünyada baş verən bu cür hadisələrin də hamısı süni mayalanmadan sonra olub. Xanımın hamiləlik müddəti də çox rahatlıqla keçdi. Maraqlıdır ki, hamiləlik müddətində bir dəmir dərmanından başqa, heç bir dərmandan da istifadə edilmədi. Bu gün isə sağlıqlı biri qız, biri oğlan olmaqla əkizlər dünyaya gəldi. Qız 2150 qram, oğlan isə 1900 qram dünyaya gəldi. Onların çəkisi çox olmasa da, əkiz uşaqlar üçün rəqəmlər normal hesab edilir.

Ümumiyyətlə, bizim xanımlara həmişə mesajımız budur ki, ana olmaq ən önəmli, arzu, istək və haqqdır. Ancaq bunun üçün çox gec qalmaq lazım deyil, çünki uşaqlarla keçirəcəyinizin vaxtı da önəmlidir və onların ehtiyacları qarşılanmalıdır”.

Daha sonra baş tutan əməliyyatla bağlı suallarımızı sonsuzluq və süni mayalandırma uzmanı, ginekoloq Elnurə Mustafayeva cavablandırıb. O deyib ki, əməliyyat problemsiz, uğurla başa çatıb:

“Sanki əməliyyatdakı xanım 64 yox, 20-25 yaş aralığında idi. Sözügedən əməliyyat həm komandamızın, həm də xanımın uğurudur. 64 yaşında hamiləliyi aparmaq, eləcə də sonlandırmaq böyük məsuliyyət tələb edirdi. Şükürlər olsun ki, sağlıqlı əkiz uşaqlar dünyaya gəldi.

64 yaşında qadının ana olması ölkəmizin uğurlarından biridir və sözügedən əməliyyatda iştirakım çox qürurverici idi”.

Qeyd edək ki, 70 yaşlı ata hazırda Almaniyada olduğundan, 64 yaşlı ananın isə razılıq verməməsi səbəbindən onlarla danışmaq mümkün olmadı.

Eyni zamanda valideynlər adlarının çəkilməsini də istəməyiblər.




lent.az