Aktual / Xəbəriniz olsun!

Azərbaycanda qadınlarının doğuşunu izləmək istəyən kişilər az deyilmiş

Banu. | 19-10-2019, 23:23
118 0

Dünyanın əksər ölkələrində kişilər öz uşaqlarının dünyaya gəlməsi prosesini – doğuş anını izləyirlər. Hətta əllərində fotoaparat həmin anları çəkirlər də. Lakin bu məsələ ölkəmizdə birmənalı qarşılanmır. Böyük əksəriyyət bunun milli-mənəvi dəyərlərə zidd olduğunu, mentalietlə ayaqlaşmadığını düşünür.

Ötən həftə Azərbaycan Tibb Universitetində robot simulyatorlarının doğuş prosesinin ictimai baxışı hələ də sosial şəbəkələrdə müzakirə olunur. Böyük əksəriyyət həmin prosesi canlı olaraq izləmiş kişi deputatları, baş redaktorları qınayır, onların şəklini paylaşıb ironiya edir, lağa qoyur.  

Yəqin ki, prosesi izləmiş kişi deputatlar və baş redaktorların yadında canlı insana bənzəyən robotun doğuş zamanı ağrıdan qışıqrıb inildəməsi deyil, özlərinin tənqid atəşinə tutulması qalacaq.

Belədə bir sual yaranır: Azərbaycanda atanın doğuş prosesində iştirakı milli dəyərlərimizə ziddirmi? Kişilər bu prosesdə iştirak etməklə qadınlarına mənəvi dəstək ola bilərlərmi?
 
AzadQadin.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan deputat Musa Quliyev bildirdi ki, hər bir xalqın özünəməxsus adət-ənənələri, milli-mənəvi dəyərləri var:
 
“Biz yapon, fransız ola bilmərik ki... Xalqımızın milli-mənəvi dəyərləri var. Bu insanın şəxsi işidir, onun mədəniyyətindən, mənəvi dəyərlərə münasibətindən irəli gələn bir xüsusiyyətdir. Xalqın milli-mənəvi xüsusiyyətləri, adət-ənənələri doğrudur. Dönüb ətrafa, elə öz yaxınlarımıza baxaq, görək məsələyə münasibətləri necə olacaq? Lakin onu da bildirim ki, qanun heç kəsə qadağa qoymur ki, öz həyat yoldaşının yanında olmasın, ona dəstək verməsin. Bu prosesdə iştirak etmək istəyən hər bir şəxsə uyğun şərait yaradılmalıdır”.

Mərkəzi Klinikanın şöbə müdiri, 
mama-ginekoloq və endoskopik cərrah Mahirə İsmayılova bildirdi ki, klinikada qeysəriyyə əməliyyatında yox, normal doğuşda qadının ərinə iştirak üçün icazə verilir.

“Düzdür, kişilər doğuş prosesində iştirak etmək istəyirlər, amma say etibarilə belə insanlar azlıq təşkil edir. Demək olar ki, doğuş zamanı kişilər əvvəldən axıradək qadının yanında olub, dəstək verə bilirlər. Qadınlar daha çox istəyir ki, kişilər bu prosesdə iştirak etsin. Deyirlər ki, istəyirik ki, həyat yoldaşımız bizim nə qədər çətinlik çəkdiyimizin şahidi olsunlar”.

Məsələnin psixoloji məqamlarından danışan psixoloq Fərqanə Mehmanqızı isə deyir ki, proses zamanı kişinin qadına dəstək ola bilməsi individual məsələdir.
 
“Kişinin öz partnyoruna stimul verə bilməsi aralarındakı münasibətdən, kişinin psixoloji məqamlarından aslıdır. Elə qadın var ki, kişinin doğuş zamanı yanında olmasını özünə kompleks edir, qadın da var ki, rahat olur, həqiqətən stimul ala bilir. Yəni bu qadından-qadına, psixoloji cəhətdən aslı olaraq dəyişir. Konkret olaraq demək mümkün deyil ki, kişilər həqiqətən də qadına dəstək ola bilər, yoxsa yox”.

Bakıdakı “Caspian Hospital”da  çalışan kişi ginekoloq  Rəşad Sultan da deyir ki, qaydalara görə, ataların qadınla bərabər doğuşa girməyinə icazə var.

“Lakin deyim ki, mən atalar prosesdə olarkən rahat olmuram. Çünki onlar otaqda olarkən həkim daha stresli olur”.

Ginekoloq kimi ikinci dərəcəli yaxınlarının doğuş prosesində olduğunu deyən Rəşad Sultan öz xanımı ilə bağlı məsələdə fərqli düşünür:

“Düzdür, digər xəstələrə nisbətdə doğum öncəsi onlardan daha çox həyəcan keçirsəm də, hər şey əməliyyat zamanı avtomatik proses kimi davam edib. Xanımımın doğuş prosesini isə özüm həyata keçirmək istənmərəm. Çünki belə hesab edirəm ki, bu estetik cəhətdən düzgün deyil. Bu mövzuda başqa kişi ginekoloq həmkarıma güvənərəm”.