Aktual / Xəbəriniz olsun!

Məni bu günə o qadın salmışdı - Bir dəlinin gündəliyi

Banu. | 25-06-2019, 09:17
231 0
Azadqadin.Az kulis.az-a istinadən Oğuz Ayvazın "Bir dəlinin gündəliyi" avtobioqrafik romanından ilk hissəni təqdim edir.
Bəlkə mənim dərdim-sərim, danışdıqlarım sizə maraqlı görünməyə bilər. Ola bilsin, nağıl elədiklərimi axmaqlıq hesab edərsiniz, öz-özünüzə deyərsiniz ki, bu nə sərsəmləyir.
Ancaq siz məni həyatın vurduğu zərbələrə dözən və dişini qıcayıb susan adamın xəyalı kimi xatırlayın...
Mən elə hər kəs kimi idim. Həm də heç kimə bənzəmirdim. Dünyanın bütün yükünü daşımırdım da.
(Bir dəqiqə! Cümlələr sizə naqolay gələ bilər, ancaq dəlidən nə gözləyəsən).
Bunlar boş şeylərdi. Həm də deyirlər e, Allah insana daşıdığı qədər yük verir, bu da mənasız söhbətdir. İnsanın içindəki sıxıntılar onun həyatı anlamasının bəxşişidir. Qalanına fikir verməyin. Allah haqqı, hər şey sadədən sadədir.
Danışan adam daha maraqlı olur. Daha doğrusu, danışmaqla öz içindəkilərini olduğu kimi açıb-ağardan adam mənim gözümün qarasıdır. Yoxsa hər şeyi şişirdən, guya özünü dünyanın ən maraqlı insanı etməyə çalışanlardan nə anlayasan?
Hə, məni anlamaqda çətinlik çəkəcəyini düşünən oxucu, inan ki, burda səni aldadıb-eləmirəm, dəlixana divarlarında nələr yaşamışamsa, elə olduğu kimi sizə nağıl edəcəm. Nağıl dedimsə, çaşmayın, nağıl dili yüyrək olur, ona görə...
18 yaşımın astanasındaydım. Uzun, zil qara saçlar, üzündə vulkan kimi pükürən sızanaqlar, adda-budda cücərən saqqal, tozlu eynək, sısqa bədən düşünün. Və bu adamın qız sevməyini...
Qonşu qızını bir könüldən min könülə sevirdim. (Çox klassik oldu, amma əlimizdə başqa cümlə yoxdu). Onu xəyal etmək, saçlarının qoxusunu burnumda hiss etmək gündəlik peşəm idi.
Bu qızı uşaqlıqdan sevirdim. İlk ehtirasım, ilk sevgim onda toplanmışdı. Bir-birimizə uşaqlıqdan isinişmişdik.
Məhəlləmizdə işıqlar sönəndə dəhlizə çıxardı qonşu qızı. Hər dəfə işıqlar sönəndə onu öpərdim. Tövşüyən nəfəsi üzümə vurar, sərinlədərdi məni. Onu heç vaxt işıqlı gündə öpə bilmirdim.
Məni dəli eləyən o qadın idi...
Evdə anası, qardaşları olardı. Üstəlik qardaşı ilə qardaşdan da yaxın dost idik. Hərdən özümü dostuma xəyanət edən adamlar kimi hiss edirdim. Ancaq yeniyetmə hisslərim o qədər coşqun, canfəşanlı idi ki... Qarşısıalınmaz sel kimi qızın dörd tərəfini tutmuşdum.
Evimizdə pomidor qoxusu gəlməyə başlayanda yayın gəldiyini başa düşürdüm. Bu həm də iş tapmağım mənasına gəlirdi. Gündəlik üç manata bir kafedə işləməyə başladım. Avqustun dözülməz istilərində həyatla, insanlarla ilk tanışlığım başlamışdı. Günlər aylara çevrilirdi. Bir gün dostum da mənimlə birgə işləməyə başladı. Həmin o sevdiyim qızın qardaşını deyirəm. Zaman keçdikcə işə alışırdım. Müştərilərdən aldığım pulu bəzən müdirə vermir, cibimə atırdım. Dostum bunları görür, səsini çıxarmırdı. Axşam işdən çıxanda oğurladığım pulları dostumla bölüşdürürdüm. Həyatın çirkli tərəflərinə istəməsəm də bulaşmışdım...
İşdən çıxanda hava qaralmışdı. İsti yay günü idi. Biz avtobusa pul verməmək üçün piyada evə üz tutduq. Elə ayağımızı təzəcə kafedən bayıra çıxarmışdıq ki, dostum başladı, nə başladı:
- Sənnən adam olmaz, sən oğraşsan. Haram pul yeyirsən... - dayanmadan məni danlayırdı.
- Bəsdi qurtar. - desəm də yenə də bir şey çıxmırdı. O ağzını Allah yoluna qoymuşdu. Özü də elə bərkdən danışırdı ki, elə bil yanındakı kar-zad idi. Sözlər köz kimi bu tərəfimdən girib o tərəfimdən çıxırdı. Özümü güclə saxlayırdım. Bu dəqiqə onun sifətinə bir yumruq nə yaraşardı! O isə dinmirdi. Dil otu yemiş kimi dayanmadan üyüdürdü. Sanki qarşısındakı daş idi. Nə gəldi, deyirdi.
- Bəsdi də, alə...
Artıq bu sözü dəfələrcə demişdim, səbrim tükənmiş, yumruğumu sıxıb durmuşdum. Daha bir söz desə yumruğu sifətinə geyindirmişdim. Evə çata-çatda o:
- Atan da kişi olmayıb, sən də... - deyəndə onun sevdiyim qızın qardaşı, dostum olması, hamısı ilim-ilim itib yoxa çıxdı. Başqa bir insan qarşımda dayanıb atamı lağa qoyurdu. Heç nə düşünmədən yumruğumla onu yerə sərdim. O yerdə olanda gördüm ki, burnundan qan açılıb. Amma dili dinc durmur, hələ də nəsə deyir. Üstünə atıldım. Dalbadal yumruqlarla onun qarnına, başına vurur, susması üçün sözlər deyir, həm də içimdə acıyır, sanki onu deyil də, sevdiyim qızı döyürmüş kimi bir hiss keçirirdim. Sonuncu yumruğum havada qaldı, vura bilmədim. Elə bu vaxt haradansa uşaqlar tökülüşüb bizi ayırmağa başladılar. O bir andaca dabana tüpürüb yataqxana binasına sarı götürüldü. Kimsə qulağımın dibində mənə öyüd, nəsihət verirdi. Sözlər eşidilməz, anlaşılmaz olmuşdu. Gözümü qan doldurmuşdu. Nə olur-olsun, haralarasa qaçıb qurtulmaq istəyirdim. Amma hara getsəm də özümdən qaça bilmirdim. Uşaqlar dağılışıb gedəndə ilk dəfə hiss elədim ki, təklik nə olan şeydir. Kaş dostum burda olardı. Onu vurmazdım. Hər şeyi bir anlıq geri verərdilər. Təzədən onunla dost olardım. Ona sevdiyim qızın adını deyərdim. Deyərdim, sənin bacını sevirəm. Yəqin, onda o məni döyərdi. Yumruğunun altına salardı. Mən onun zərbələri altında dözərdim, o qızı xatırlayıb susardım, ona əl qaldırmazdım.
Çıxıb qaçmalıydım. Hara olur-olsun. Belə vaxt evə gedə bilməzdim. Onlar məni anlamadan üstümə düşəcəkdilər. Gözümə yolun o tayındakı dükan göründü. Ora getməliydim. Bəlkə hər şeyi unutdum. İçimi soyutdum. Dükandakı qadından siqaret verməsini xahiş etdim. Cibimdən qazandığım pulu ilk dəfə siqaretə verdim. Bayıra çıxan kimi tələsik qutunu açmağa çalışdım. Əlim dolaşmışdı. Barmaqlarımda dostumun qanı vardı. Qan siqaret qutusuna damırdı. Siqareti dükandan aldığım alışqanla alışdırdım. Tüstü məni öskürtdü. Çəkə bilmirdim. Acı tüstü ağzıma dolub tez də öskürəklə geri çıxırdı. Qutunu əzib bir tərəfə fırlatdım. Anladım ki, heç nədən xilas ola bilmirəm. Heç nə məni bu vəziyyətimdə xilas edə bilməz. Ən yaxşısı boyun əyməkdi, iş yerində işlədiyim kimi, müdirin söyüşlərinə dözdüyüm kimi indi də eyni şeyləri etməliyəm. Dözmək. Yaşamağın tək səbəbi...
Evə girəndə içərinin səs-küylü olduğunu hiss elədim. Tez özümü tualetə saldım. Həm də ağzımdan siqaret iyi gəlməyini istəmirdim. İçəridən dostumun ağlamaq səsi gəlirdi. Demək, o da ağlamağı bacarırmış. Gör özü də necə ağlayır. Bəlkə də yalandan eləyir. Öz düşdüyü vəziyyətin ağırlığını anama, atama, bacıma, qardaşıma bildirmək istəyir. İstəyir ki, onlar da günahın məndə olduğunu anlasın.
Bəlkə də çoxdan hər şeyi onlara danışıb. Mənim haram pul yediyimi, dikbaşlığımı, hər şeyi... Ağzında söz duran deyil. Bunu məktəb vaxtlarından bilirəm. Həmişə dərsdən qaçdığımızı sinif rəhbərimizə çuğullayardı. Müəllimimiz də bizi yazı taxtasına düzüb o ki var döyərdi. O şillələrin acısını indi də yaşadım. Düşündüm ki, atam da məni o cür döyə bilər.
İçəri keçdim. Hamı mənim üstümə düşdü. Bu işi niyə etdiyimi, dostumu nə üçün vurduğumu bir-birlərinin sözünü kəsə-kəsə üzümə deyir, məni onun yanında başı aşağı edirdilər. Qardaşım yatdığı yerdən azacıq dirçəlib bizə baxırdı. Bəlkə mənə haqq qazandırar deyə, onun üzünə baxdım. Gözləri təzəcə yatdığından yapış-yupuş olmuşdu. Onun, bildim ki, indi təkcə istəyi rahat yatmaqdır.
Dostumun sifətinə baxdım: həqiqətən də indi onun necə vəziyyətə düşdüyünü anladım. Üzü tamam qıpqırmızı, tanınmaz hala düşmüşdü. Bir anlıq onun yerinə özümü gördüm. Onun sifətindəki yaraların sızıltısını yaşadım və tutduğum işdən bərk peşman oldum.
Atam barışmağımızı istədi. Onun gözlərində ümid vardı. Sönüb tez də yanan alov kimi. Mən isə hirsli və dəyişmiş insan olmuşdum. Sanki onu ilk dəfə görürdüm. Ona görə də razı olmadım.
Dostumun üzündə təəssüf hissinə bənzər bir ifadə yarandı. Anam yod, pambıq gətirdi. Onun yaralarını sarıdı. Öz oğlu kimi onu vuranı qarğıdı, dostumun ağlamağına dözə bilməyib gözündən yaş axıtdı. Anamın bu davranışı məni də kövrəltdi. İstədim onunla barışam, amma artıq iş işdən keçmişdi və geriyə yol yox idi.
O gündən sonra dostumla küsülü qaldıq. Hə, onu da deyim ki, səhərisi mən işdən ayrıldım. İşə gedən kimi müdir üstümə düşdü ki, sən beləsən, eləsən, bu qədər pulu götürmüsən, çıx cəhənnəm ol burdan. Mən mübahisə eləmədim, bunu heç fikirləşmirdim də. Nəyə lazım? Səhv idim. Hər şeyi boynuma götürməliydim. Axı, burda həqiqətən də yanlış işin içində olan mən idim. Bunu kiminsə üzərinə yıxmaq, yaxanı kənara çəkmək mümkünsüz idi.
O gün yağış yağırdı. Mən işdən çıxmışdım. Azad və kimsəsiz görünürdüm. Düşünürdüm ki, nə iləsə başımı qatmalıyam. Amma ağlımdan heç nə keçmirdi. Futbol oynamaq - bu mümkünsüz idi. Çünki yağışlı havada yaxınlıqdakı yeganə meydançamız palçıq olmuşdu. Bir sevgilim də yoxdu ki, onu çağırıb bu yağmurlu havada qol-qola parkda, dəniz kənarında gəzək. Bu gün mənim üçün boz gün idi. Hər tərəfi bir mənasızlıq, kimsəsizlik bürümüşdü. Mən içimi bu yalqızlıqla yumuşdum, özümü unudulmuş adam kimi hiss edirdim.
Yəqin bu saat sevdiyim qız pəncərənin qabağında durub yağışlı havaya tamaşa edir. Onun adını çəkə bilmirəm. Elə bil bu sözü deməyə qısqanıram. Mən onu digər qızların səviyyəsinə endirmək istəmirəm. Axı, mənim yaşadığım qarşılıqsız sevgi ən dəhşətlisidir. Bəlkə də yox, amma mən belə düşünürəm.
Axşam atam işdən çıxdığımı bilib susdu. Onun üzümə çığırmasını, məni yarıtmaz biri kimi adlandırmasını gözləyirdim. Bu gün, nədənsə, təhqir olunmaq, adam hesab olunmamaq istəyirdim. Atam isə susurdu, bu kirimişliklə məni daha da əsəbiləşdirir, elə bil sözsüz özümün yaşayışda yer tapmadığımı anladırdı.
Gecə çıxıb şəhəri gəzdim. Tək idim. Çox tək. Yuxarıda Allahın tənhalığını duyurdum. Qardaşım deyir ki, ən böyük təklik tənhalıqdır. Bunları bir-birindən fərqləndirməyən axmaq adamdır. O, təkliklə tənhalığın fəlsəfəsini bilmir. Qardaşım bəlkə düz deyir, tam deyə bilmərəm, belə şeylər məni qətiyyən düşündürmür.
Qabağıma bir-birindən gözəl, incə qızlar çıxır. Onları sevdiyim qıza oxşadıram. Mənə elə gəlir ki, şəhərdəki bütün qızlar onun oxşarıdır. Çox bənzəyirlər. Bu qədər ola bilməz. Gözləri, yerişi, saçları... Bəlkə də hər şey mənə onu, içimdəki tənhalığı xatırladır.
İrəlidən dənizin qoxusu gəlir. Bir azdan mavilik gözümü alacalandırır. Sonra dənizin üzərində uçuşan qağayıları, uzaqlıqda kölgəyə bənzər, sahilə yan almış gəmilər görünür. Ardınca sahildə gəzişən sevgililər gözə dəyir. Xoşbəxt tablo. Belə şeyləri görəndə cinim təpəmə çıxır. Özümü zorla tuturam. Elə bil zəncirə bağlanmış it kimiyəm. Buraxsalar o qızları da, o oğlanları da parçalayıb ətini didərdim. Bu günü bir təhər keçirmək lazımdı. Kimsəsizəm. Bu anın da sonuna çıxmalıyam. Artıq xeyli vaxt olub ki, ən yaxın dostumdan danışmıram. Əvvəllər onu görmək üçün qəsdən dostumla görüşmək üçün evlərinə gedərdim. Onda qız ev paltarında daha gözəl görünür, gözlərini zilləyib televizordakı seriala baxardı. Onun mənə çay süzməsi, nəsə istəyib-istəmədiyimi soruşmağı bir yuxu kimi idi. Sanki o bir günlük mənim olurdu, özümə çevrilirdi və mən istədiyim şeyi onun simasında edə bilirdim. O, bir günlük məni kədərdən uzaq edirdi. Onu sevdiyimi anlayırdım. Tək olmadığımı duyurdum. Xoşbəxtliyə inanmasam da, anlayırdım ki, belə bir şey mütləq var, bir anlıq olsa da. İndi isə xoşbəxt tablolara nifrət edirdim...


AzadQadin.az

Günün ən oxunan xəbərləri:

NKVD-nin işgəncə arxivi: Qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış – Fotolar (18+)

Tələbə ikən oğlanla tanış oldu, yatağa girdi, hamilə qaldı, atıldı - Səidənin dəhşətli həyat hekayəsi

Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir

Kasıblıq gətirən əməllər və Var-dövlətin çoxalmasına səbəb olan əməllər bunlardı...Bunu hər gün edirik bilmədən...

Mübariz İbrahimova "qəddar" deyən Nərmin Şahmarzadənin növbəti paylaşımı qanları dondurdu-FOTO