Aktual / Xəbəriniz olsun!

Bakıda ərini aldadan qadın sonra da rəfiqəsini ... TƏFƏRRÜATLAR

Banu. | 31-10-2019, 10:00
453 0
Həyat yoldaşının sərvətlərini mənimsəyən qadın özünü təmizə çıxarmaq üçün tanışına böhtan atıb, yekunda isə özü 8 il azadlıqdan məhrum edilib...

 Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə illərdir davam edən qalmaqallı cinayət işi üzrə məhkəmə araşdırmalarına nöqtə qoyulub.

Araşdırmaların sonucunda müttəhimlər kürsüsünə çıxarılmış 3 uşaq anası Səkinə İsmayılova barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış bəraət hökmü qüvvədə saxlanılıb.

Cinayət işinin materialları ilə tanış olduqca, məhkəmə istintaqı haqda mətbuatda yazılan xəbərləri oxuduqca kriminal filmlərə ssenari ola biləcək gedişat göz önünə gəlir.

İbtidai istintaq orqanı tərəfindən və həmin dövrün mətbuat yazılarında Səkinə İsmayılova "falçı Səkinə" kimi təqdim olunub.

Faktiki isə Səkinə İsmayılova falçı, baxıcı filan deyilmiş, bu adlar ona digər bir cinayətin, gizli sevgi münasibətlərinə xərclənən pulların izini itirməkdən ötrü qoyulubmuş.

Cinayət işinin hallarından, Səkinənin danışdıqlarından məlum olur ki, əslində hazırkı ssenari Təyminə Abdullayeva və onunla əlbir olmuş qrup tərəfindən illər öncə hazırlanıb.

Məqsəd isə onun ərinə, ərinin biznes ortaqlarına və ərinə etibar etmiş biznesmenlərə məxsus əmlakları müxtəlif yollar ilə ələ  keçirmək və sair hallar olub.

Hətta müəyyən olunub ki, T.Abdullayeva və onun ətrafındakıların niyyətlərini həyata keçirmələrinə onların tez ifşa olunmaları mane olub. Ssenari üzrə məntiqi sonluq onun həyat yoldaşının aradan götürülməsi ilə nəticələnməli imiş.

İttihamda nə yazılıb?

İttihama görə, Səkinə İsmayılova etibardan sui-istitadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib. Zərərçəkmiş şəxslərə -  Təyminə Abdullayevaya və onun bacısı qızı Esmira Hüseynovaya xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Tanışı Təyminə Abdullayevanı aldadaraq, falçılıq fəaliyyəti ilə məşğul olaraq sonuncunun ailəsində olan problemləri aradan qaldıracağını yalandan vəd verib. Bu məqsədlə Təyminə Abdullayevadan ümumilikdə 150 min manatdan artıq pul alıb. 

Məhkəmə araşdırmaları zamanı isə məlum olub ki, T.Abdullayeva özünün əməlləri ifşa olunduqdan sonra əmlakların və pulların mənimsənilmə məqsədlərini gizlətmək üçün Səkinə İsmayılovanı qurban kimi seçib.

Pullar digər şəxslərə - Təyminə Abdullayevanın tanışlarına, bir neçə gənc sevgililərinə, gizli münasibətləri olan şəxslərə verilib. İsmayılovanın guya falçı olması da məhz bu məqamın gizlədilməsi üçün uydurulan versiyanın inandırıcı olmasına xidmət edib. 

Dəmir barmaqlıqlar arxasına aparan tanışlıq...

Səkinə İsmayılova deyib ki, 2015-ci ilin yanvarında metronun "Əhmədli" stansiyasının yaxınlığında yerləşən "Vista" adlanan gözəllik salonunu icarəyə götürüb:

"Salona adını sonradan bildiyim Təyminə Abdullayeva ilə bacısı qızı Esmira gəldilər. Beləcə aramızda tanışlıq yarandı.

Təyminə də, bacısı qızı da salona gedib gəlirdilər. Salonu bir neçə ay işlətdim, ilk vaxtlar qazancım xərclərə və icarə haqının ödənməsinə çatsa da, sonradan iş zəif oldu.

Məcbur olub salonu sahibinə təhvil verdim. Təyminə Abdullayeva və bacısı qızı vaxtaşırı saç və vizaj xidmətlərinə görə evimə gəlirdirlər. Onlarla yaxın münasibət yaranmışdı. Təyminə telefon vasitəsi ilə əlaqə saxlayıb münasibət qurmağa başlamışdı.

Təyminə Abdullayevanın danışıqlarından başa düşmüşdüm ki, evlidir, 1 uşağı da var. Bir dəfə də Təyminə söhbət əsasında dedi ki, "İçərişəhər" metro stansiyasının yaxınlığında yerləşən 5 otaqlı evini 400 min manata satır.

Müştəri tapmaqda kömək etməyimi istədi. Mən də bu haqda Xəyyam adlı tanışıma dedim. Bir müddət sonra Xəyyam müştəri tapdığını dedi.

Mən də Təyminəyə zəng edərək mənzili göstərməsini xahiş etdim. Təyminə bizi Sabirin heykəlinin qarşısına dəvət elədi, ora öz maşını ilə gəlmişdi. Görüşdük, dedi ki, gedək evə baxaq.

Öz maşını ilə qabaqda gedirdi, Xəyyam da maşını ilə arxasınca sürürdü. Təyminə maşını işiqforda saxlayanda adının Aqif olduğunu sonradan bildiyim şəxs qəflətən Təyminə Abdullayevanın maşınının qapısını açıb maşına soxuldu. Nə baş verdiyini anlamadıq.

Kənardan Təyminə ilə Aqifin mübahisə etmələri aşkar görünürdü. Təyminə Abdullayeva arxa oturacaqda əyləşmiş Aqifin üstünə pullar atdı. Aqif pulları götürüb maşından düşdü.

Mənzilə çatandan sonra Təyminə dedi ki, Aqif onun qardaşıdır.  Xəyyam mənzilə baxdı, sonra Xəyyam Qənbər adında müştəri tapdığını dedi.

Qənbər mənzilə baxanda isə Təyminədən əri ilə görüşmək istədiyini, mənzili bundan sonra alacağı söylədi. Lakin Təyminə buna etiraz etdi, Qənbər mənzili almadı".

Telefondakı səs yazıları İsmayılovanı böyük şərdən necə xilas etdi?

Səkinə İsmayılova deyir ki, Təyminə ona ərinin işlərinin yaxşı getmədiyini, müəyyən problemləri olduğunu, ərinin adına olan əmlakların bəzi vasitələr ilə onun adından çıxarılaraq satılması üçün pul lazım olduğunu bildirib.

Buna görə Təyminə ondan borc pul istəyib: "Dedi 1 aya qaytaracaq. Təyminə söhbət əsnasında həmişə bildirirdi ki, onun işləri yaxşı getsə, narahat olmasın,  ona yaxşı hörmət edəcək, pulunu da mənzilini satanda artıqlaması ilə verəcək.

2015-ci ilin noyabrında Təyminə zəng elədi, dedi ki, mənzili banka girov qoyub pul götürür. Xahiş elədi ki, zamin dayanım, pulu götürsün, bütün borclarını qaytaracaq və mənim də borcumu verəcək.

Dedi ki, uzağı 1 aya məni zaminlikdən də çıxaracaq, bankın pulunu da hissə-hissə ödəyəcək. Razılaşdıq, 9 saylı notariat kontoruna getdik. Ora "Faktor Lizinq" MMC-nin əməkdaşı Ruslan Alıyev də gəldi. Ruslana işsiz olduğumu dedim və məni necə zamin qəbul edəcəklərini soruşdum.

Dedi ki, bunun elə də əhəmiyyəti yoxdur. Ruslan orada bir neçə sənədi mənə və Təyminəyə imzalatdı. Sonra da banka getdik.

Orada yenə də sənədləri bizə imzalatdırdı. Mənə bütün bunların formal olduğunu deyirdilər. Ordan da Xətaidəki  "Faklor Lizinq" MMC-nin ofisinə yollandıq.


Ruslan Alıyev Təyminəyə 110 min manat pul verdi, "iyirmi min bizim, yüz on min sizin" dedi. Təyminə pulu alıb çantasına qoydu. Ofisdən çıxandan sonra mənə 10 min manat pul verdi.

Mənə bu qədər pulu niyə verdiyini soruşdum. Dedi ki, borcunu götür, qalanını da lazım olanda səndən alacağam. Həmin günlərdə Aqif Babayevi onun yanında tez-tez görürdüm. Əvvəl qardaşı olduğunu demişdi. Sonra bibisi oğlu olduğunu, bir dəfə də tanışı və sürücüsü olduğunu deyirdi".

S.İsmayılova bildirib ki, həmin vaxt lizinq şirkətinin əməkdaşları ilə Təyminənin əlbir olmasını, onların nə isə  işlər çevirdiyini artıq hiss edib.

Səkinə İsmayılova deyir ki, günlərin birində Təyminə Abdullayeva ona zəng edib və qaynı ilə həyat yoldaşının onu Aqif Babayevlə birlikdə tutduqlarını deyib: "1 fevral 2016-cı ildə Təyminə zəng elədi, dedi ki, məni zaminlikdən çıxarmağın vaxtı çatıb.

Yenə 9 saylı notariat kontorunun qarşısında görüşdük. Təyminə Abdullayeva ora Vəfa adlı bir qadınla gəlmişdi. Ruslan Alıyev də notariat kontora gəldi. Mənə kontorda sənədləri imzalatdı, dedi ki, zaminlikdən çıxarıldım.

Notariatdan çıxandan sonra Təyminə həyat yoldaşı ilə problemlərinin olduğunu bildirdi, xahiş elədi ki, formal olaraq notariatda öz aralarında borc müqaviləsi bağlasınlar.

Həmin müqavilədə guya Təyminəyə 160 min manat borclu olmağım qeyd olunmalı idi. Deyirdi ki, müqaviləni əri və qaynına göstərəcək ki, ondan əl çəksinlər.

Sonra ərindən boşanacağını və boşanma zamanı mülkiyyət bölgüsündə ona çatacaq əmlakdan istifadə edərək banka olan borcunu bağlayacağını, sonra isə mənimlə olan borc müqaviləsini ləğv etdirəcəyini söyləyirdi. Təyminənin təklifi ilə razılaşmadım.

Sonrakı bir neçə gün ərzində Təyminə dəfələrlə mobil telefonuma zəng etdi, gah xahiş etməyə, gah da hədə-qorxu gəlməyə başladı. Nə yolla olursa-olsun borc müqaviləsi bağlamağa nail olmağa çalışırdı. Təyminənin telefondakı bütün danışıqların avtomatik yazılmasından xəbəri yox idi.

Bilmirdi ki, mənim telefonumda danışıqları yazan proqram vardır. Təyminənin mənə qarşı belə etməsini görüb onunla əlaqəni kəsdim.

Səhhətimlə əlaqədar İrana getdim. Qayıdıb gələndə isə bildim ki, Təyminə Abdullayeva Nərimanov rayon polisinə şikayət edib. Polisə getdim.

Orada məlum oldu ki, Təyminə yazıb ki, guya ondan fala baxmaq və digər səbəblərə görə pul və qızıl almışam. Araşdırdılar, məlum oldu ki, Təyminədən ondan pul aldığımı göstərdiyi tarixlərdə Azərbaycanda olmamışam.

Həmin müddətdə Rusiyada idim. Pasportumda olan müvafiq qeydləri istintaqçılara göstərdim.

Telefonumda olan səs yazıları ilə Təyminənin mənə qarşı niyə belə etməsinin səbəbini açıqladım, səs yazılarını istintaqçılara təqdim etdim.

Bilindi ki, Təyminə ərini və qaynını aldatmaq üçün məni qurban seçib. Aqiflə münasibətlərini gizlətmək üçün belə bir addım atıb. Mən onunla yalançı müqavilə bağlamadığıma görə bunu etmişdi.

Onun Aqiflə sevgi münasibətləri olduğu kənardan bilinirdi. Sonradan istintaqda da onun Aqif və bir neçə gənc oğlanlarla sevgi münasibətlərində olması öz təsdiqini tapdı." 

S.İsmayılova bildirib ki, bundan sonra Təyminə Abdullayeva onun barəsində Bakının ən müxtəlif polis bölmələrinə şikayətlər yazıb. Hər dəfə də məsələ araşdırılanda şikayətin əsassızlığı üzə çıxıb:

"Təyminə deyirdi ki, nəyin bahasına olursa-olsun səni həbs etdirəcəyəm. Evimə gəlib qızlarımı ölümlə hədələmişdilər.

Dedimişdilər ki, ananız müqavilə bağlamasa başınızı onun gözləri qarşısında kəsəcəyik. Nəhayət ki, Təyminə istəyinə çatdı. Məni həbs etdirdi. Heç bir günahım olmaya-olmaya 1 il  3 ay 15 gün 20 saat istintaq altında həbsdə saxlanıldım. Həmin müddətdə uşaqlarım çox ağır günlər yaşadılar.

Oğlum bu gün də danışmır, onun müalicəsi yarımçıq qaldığından səhhəti düzəlmir. Bakı İstintaq Təcridxanasında olanda müstəntiqdən məni niyə həbs eləməsini soruşdum. Üzümə dedi ki, yetim  adamsan, səni qoyub pul verən Təyminəni tutmayacaqdım ki...

Mən bir də Bakı Ağır Cinayətlər Məhkəməsinə təqsirləndirilən qismində gətiriləndə bildim ki, Təyminə Abdullayevanın özünün barəsində də cinayət işi var, ərinə qarşı dələduzluq etdiyinə görə istintaqa cəlb olunub.

Məhkəmədə Təyminənin keçmiş qaynı, ərinin böyük qardaşı  ifadə verdi. Bildim ki, Nazim Təyminədən şübhələnib, Təyminənin qardaşından ayrılacağı ilə bağlı söz-söhbətləri araşdırıb.

Öyrənib ki, Təyminin Aqiflə gizli münasibətləri var, qardaşının mal-mülkünü ələ keçirmək niyyətindədir.

Bundan sonra qardaşına mal-mülkünün, Təyminənin adına aldığı Yasamal rayonundakı mənzilin sənədlərinin, digər qiymətli əşyalarla bağlı araşdırma aparmasını tapşırıb.

Qardaşı ilə birgə Təyminə ilə  görüşüb mənzilin sənədlərini, qızılların harada olduğunu soruşublar. Təyminə onlara deyib ki, mənzilin sənədlərini "Kapital bank"a girov qoyub pul götürüb.

Bankdan isə onlara deyiblər ki, həmin mənzil banka girov qoyulmayıb. Bundan sonra Təyminə məcbur olub mənzili "Faktor Lizinq"ə mənim adına keçirməklə girov qoyub pul götürdüyünü deyib.

Qaynı mənimlə Təyminə arasında olan səs yazılarını dinləyəndən sonra bir daha əmin olub ki, mənzilin girov qoyulmasından əldə olunan pulları Təyminə alıb və Aqifə, digər şəxslərə xərcləyib. Məni isə sadəcə ona yaşayış tərzini ərindən gizlətmək üçün şərləmişdilər.

Aqif Babayev də istintaqda dindirildi, etiraf elədi ki, Təyminə ilə aralarında sevgi münasibətləri olub. Təyminə ona mütəmadi olaraq pullar verib".

Bakı Ağır Cinayətlər Məhkəməsində bu həqiqətlər üzə çıxandan sonra Səkinə İsmayılova barəsində bəraətverici əsaslarla hökm çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

S.İsmayılovanı şərlədiyi ərəfədə isə Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq getdiyi ərəfədə eyni məhkəmə instansiyasında Təyminə Abdullayeva CM-nin 320.1, 320.2, 178.3.2 və 315.2-ci maddələri ilə ittiham təsdiqlənib.

Məlum olub ki, T.Abdullayeva özü haqda məlumatları saxtalaşdırıb. Evli ola-ola yeni şəxsiyyət vəsiqəsi alarkən subay olduğunu göstərib.

Həmin sənəddən istifadə etməklə, mənzili satıb ərinə qarşı dələduzluq edərək ona küllü miqdarda ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

S.İsmayılova  T. Abdullayevanın onun barəsində yalan məlumatlar verib həbs etdirdiyinə görə də ayrıca məsuliyyətə cəlb edilməsini tələb edir."musavat.com"


Bu xəbərləri də oxuyun:

Evi olmayanlara ŞAD XƏBƏR - Artıq hamı ev tikə bilər-Ev tikmək üçün rüsum və icazəyə EHTİYAC YOXDUR

Rəqsanəyə nə olub? - MÜĞƏNNİ TANINMAZ HALDA, FOTOLAR

Bu il Azərbaycanda körpələrə 10 yeni ad qoyulub - SİYAHI

Köhnə qaz limitləri SİLİNDİ, sabahdan necə hesablanacaq? - İZAHI

Bakirəliklə bağlı ŞOK FAKTLAR: xəyanət zamanı orqanizmdə nə baş verir?

Ramazan təqvimi açıqlandı – İmsak və iftar vaxtları

ƏHALİYƏ ŞAD XƏBƏR- Bu tarixədək pensiyaya çıxanlara 25 il staj hədiyyə ediləcək