Aktual / Xəbəriniz olsun!

Ailədaxili zorakılıqda QAYINANA-BALDIZ FAKTORU

Banu. | 19-03-2019, 15:00
293 0

Azərbaycanda ailədaxili zorakılıqdan söhbət gedərkən adətən kişinin qadına qarşı zorakılığı ağıla gəlir. Ancaq ənənəvi  ailə institutumuz elə qurulub ki, gəlin üzərində  təkcə ərin deyil, qayınana, qayınata, qayın və baldızın da söz "hüququ" var və bir çox hallarda onlar tərəfindən də zorakılıq faktları qeydə alınır. Əsasən də qayınana-gəlin münasibətləri, obrazlı desək, bəşəriyyətin daimi problemidir. Ailədə qadının hegemonluğu, müəyyən yaşdan sonra qadının öz iradəsini diqtə etmək, idarəetmə bacarığını gəlin üzərində sərgiləmək, vaxtilə özünün yaşadığı problemləri gəlininə yaşatmaq son nəticədə ailələrin dağılmasına, bəzi  hallarda isə tərəflərdən birinin həyatını itirməsinə səbəb olur.
AzadQin.Az gencaile.az-a istinadən bildirir ki, bir neçə gün öncə sosial şəbəkələrdə ötən il intihar etmiş 3 uşaq anasının səs yazısı yayıldı və orada qadın intihar səbəbi kimi qayınanası göstərir. Həyatına son qoyan üç uşaq anası səs yazısında ərini sevdiyini, lakin qayınanası üzündən xoşbəxt ola bilmədiyini deyir. Bəs görəsən, intihar həddinə çatdırılana qədər bir qadının zəriflik, qayğıkeşlik nümunəsi sayılan həmcinsinin zorakılığına məruz qalmasının səbəbi nədir?
Psixoloq  Azad İsazadə də təsdiqlədi ki, ailə zorakılığının kökündə bir çox hallarda qayınana-baldız faktoru dayanır: "Çox zaman kişi zorakılığının da səbəbkarı qayınana olur. Çünki hansısa işlərə ər bəlkə də fikir verməzdi. Ancaq evə gəldikdə anası tərəfindən dərhal ona məlumatlar çatdırılır ki, gəlin bunu düzgün eləmədi, cavab qaytardı, icazəsiz iş gördü və sair. Hələ psixoloji təzyiq olaraq da əlavə edir ki, sən arvadağız kişisən, heç nə edə bilmirsən. Həmin ər də bu təsir altında  əsəbləşir, ya fiziki, ya psixoloji zorakılıq törədir. Məsələni daha geniş götürsək qadın cəmiyyəti daha konservativdir. Qadın qadına qarşı daha aqressiv və bəzən də qəddar olur. Kişilər də bəzən həmin təsir altına düşə bilirlər. Qayınana-gəlin məsələsi praktiki olaraq bütün ölkələrdə hansısa formada təzahür edir".
Psixoloq səbəb kimi qısqanclıq faktını önə çəkdi: "Ana ilə oğulun emosional bağlılığı o qədər güclü olur ki, evə yeni bir qadın gəldikdə anada qısqanclıq yaranır. Evə gəlin gələnədək ana  evdə ən sevimli xanım idi. Oğul anasını hamıdan çox sevirdi. İndi bir gənc qız  gəlib və həmin sevgini qayınanası ilə bölüşür. Burada qısqanclıq və rəqabət yaranır, İstər-istəməz ana hesab edir ki, gəlin onun əziz oğluna pis baxır, yeməyini vaxtında vermir, cavab qaytarır, uşağına yaxşı baxmır. Bu kimi psixoloji amillərin üzərində qayınana-gəlin münasibəti formalaşır  və zorakılığa da gətirib çıxara bilər".
A.İsazadənin sözlərinə görə, burada qadının təhsili, intellektual səviyyəsi də rol oynayır, ancaq mütləq deyil: "Bəzən ən intellektual ailələrdə də həmin problem yarana bilər və yaranır. Qayınata bu işə qoşulmayan tərəfdir, o, vaxtilə bu problemi yaşayıb. Oğlunu artıq formalaşmış bir kişi kimi qəbul edir və həyat yoldaşı ilə münasibətlərinə qarışmır. Qayınana isə öz övladına 40 yaşında olsa belə uşaq gözü ilə baxır və fikirləşir ki, onun balasına kimsə pis baxır".
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da vurğuladı ki, qadın zorakılığına da hüquqi qiymət verilməlidir: "Heç zaman qadına qarşı zorakılığı araşdırdıqda,  yalnız kişi tərəfindən yox, bütün ailəni götürürük. Baldız , qayınana, qayınata, qayın - hər biri zorakılığın tərəfləri ola bilər. Zorakılıq elə evdə olan münasibətdən başlayır. Biz seminarlarda hər zaman ailə zorakılığı deyirik. Bu həqiqətən də var və qanunda ona qarşı mübarizə üsulları da var. Lakin qadın zorakılığına qarşı mübarizənin mexanizmi yoxdur. Kişi zorakılıq törədəndə ona cinayət işi açılır, həbs verilir. Ancaq qadın qadına qarşı fiziki, psixoloji zorakılıq edəndə hər hansı məsuliyyət nəzərdə tutulmur. Əgər qayınana, baldız gəlini döyürsə, söyürsə, onlara da qarşı hər hansı maddə nəzərdə tutulmalıdır. Onlar öz əməllərinin hüquqi cəzasını almalıdırlar".


 Azadqadin.az

Bu xəbərləri MÜTLƏQ OXUYUN:

SON DƏQİQƏ: Azərbaycan xalqına BÖYÜK İTKİ ÜZ VERDİ: Azərbaycanlı xanım aparıcı qəfil vəfat etdi - FOTO

Xurma çəyirdəyini tullamadan əvvəl bir daha düşünün! Elə bir faydası var ki, minlərlə manat pulunuz cibinizdə qalacaq...

Bir evdə həm əri, həm də onun məşuqəsi ilə yaşayan azərbaycanlı qadın: “Arada əsgər yoldaşları da bizdə qalırdı…” – FOTO


Toy gecəsi ilə bağlı ilk dəfə oxuyacağınız AĞLASIĞMAZ MƏQAMLAR: sən demə, qızlar...

Qadınlar niyə ayaqlarının arasına yastıq qoyaraq yatır? - ARAŞDIRMA


Dünyanın ən sağlam xalqı ispanlardır: Nə yeyirlər?..