Aktual / Xəbəriniz olsun!

"Dedi ki, ata evinə qayıda bilmərəm...”- Fərizənin anası...

Banu. | 20-01-2019, 23:36
922 0

Bu gün 20 Yanvar faciəsinin 29-cu ildönümünü qeyd edirik. Bu hadisədə şəhid olan və sevgi simvoluna çevrilən İlham və Fərizənin tarix yazması hamımıza yaxşı tanışdır. AzaDqadin.az bildiir ki, bununla bağlı Moderator.az saytı olaraq Fərizənin ata evinə yollanıb Fərizənin ailəsi artıq 29-cu ildir ki, onların evinə gələn insanları qarşılayır. 



Fərizənin atası Çoban kişi və anası Bağda xanımla söhbətin davamını təqdim edirik:


Bağda xanım söhbətinə davam edir:


“Dedim ki, Fərizə belə etmə bətnində övladın var. Dedi ki, “Neynirəm atasız uşağı. Sözümü demişəm, ata evinə qayıda bilmərəm”. Çox çətin illər yaşadıq, oğlum. Evdə mən də, yoldaşım da, oğlum da şəkər xəstəsidir. Fikir bizi pis günlərə qoydu. İlhamın qardaşı Elxan da ürəyindən əməliyyat olundu. Ötən ilin fevral ayında İlhamın anası Ofeliya xanım da dünyasını dəyişdi. Ofeliya xanım altı ay yataq xəstəsi oldu, danışa bilmirdi, amma İlhamla Fərizənin şəklinə baxıb ağlayırdı. Elə məzar daşına da İlhamla Fərizənin şəklini çəkdilər. Əslində, İlham və Fərizənin şəhid olması sovet hökumətinə qarşı bir etiraz idi ki, onlar gənc bir ailəni məhv etdilər. İllər keçdi, oğlum Vaqifin qızı oldu adını da Fərizə qoyduq. Fərizə böyüdü, toyu oldu Qəbələyə gəlin köçdü. İndi övladları var, orada yaşayır”.


Söhbətimizə Çoban kişi qoşulur:


“Nəvəm Fərizənin toyunda mahnı sifariş edib qolumu qaldırıb oynamağa başladım. İlhamın qardaşı Elxan da mənə qoşuldu. Dedim ki, qoy nəvəmin toyu şən keçsin. İndi yaşlanmışam, artıq ayaqlarım tutumur. Mehdiabadda qəbiristanlıqda özümə yer də götürmüşəm. Vəsiyyət etmişəm ki, öləndə məni orda dəfn etsinlər”.


Bağda xanım o vaxtdan bu günə kimi saçına bir dəfə də olsun rəng qoymadığını deyir:


“Oğlum, bütün şəkillərdə saçım ağappaqdı. Əlim gəlməzdi saçıma qara rəng qoyum. İlhamın anası da belə idi. Hər yerə 20 yanvarın ildönümündə qoşa gedərdik. Tədbirlərdə bir yerdə çıxış edərdik, amma bu ildən tək qaldım. İnanın ki, hər il 20 yanvar gələndə elə bilirəm ki, onlar yenidən rəhmətə gediblər. Yanvar ayı bizim üçün çox ağır aydır. 


İlham və Fərizə haqqında “Onlar belə sevirdilər” adlı film çəkilib. Onların sevgisindən Türkiyədə “Fərizə qanlı yanvar” adlı kitab çapdan çıxıb. Bundan başqa şair Əbülfət İslamın “Şəhid sevgililər” adlı kitab da işıq üzü görüb. 


Hər il 14 fevral keçiriləndə ürəyimə elə bil bıçaq saplanır. 30 iyun-Fərizənin toy gününü jurnalist Əvəz Zeynallı dedi ki, “Sevgililər günü kimi qeyd edəcəyik”. Amma bu gün buna gənclərimiz arasında maraq yoxdur. Çox istəyərdim ki, bu tarix dövlət tərəfindən “Sevgililər Günü” kimi təsdiq edilsin. Biz hamımız ölüb gedəcəyik, heç olmaya qoy bu gün tariximizdə yaşasın”.


Söhbətimizi yekunlaşdırıb Fərizənin valideynlərindən getmək üçün izn alırıq. Bağda xanım bizi küçə qapısına kimi gətirib ötürür. Doğrudan da, İlham və Fərizə bu şəhidlikləri ilə tarixdə iz qoydular. Onların bu gün dərd çəkən valideynlərinin isə bircə təsəllisi var, o da onların şəhid olmalarıdır. 


Allah cəmi şəhidlərimizi rəhmət eləsin!