Aktual / Xəbəriniz olsun!

Şantaj qurbanları... -Yazıçı və millət vəkilinin fikirləri haçalandı

Banu. | 21-09-2018, 16:36
264 0

Aysel Əlizadə: "Atalar sözləri ilə bir addım belə irəli gedə bilmərik. "Qadının canında da az yoxdur" deməklə olmur"

Tahir Kərimli: "Təəssüf ki, elə qadınlar var ki, gündəmə gəlmək üçün qəsdən soyunurlar"

Azərbaycanda gizli sevgi yaşayan qadınlar bir müddət sonra şantaj qurbanına çevrilirlər. Sosial şəbəkələrdə tanış olduqları kişilərlə sevgili olan evli qadınlar çox asanlıqla onların tələsinə düşür. İki şirin sözə, nəvazişə inanan qadınlar onlarla görüşüb, yaxınlıq da edirlər. Belə bir şəraiti olmayan qadınlar isə danışdıqları kişilərə intim videolar və çılpaq şəkilləri göndərməklə öz sevgilərini sübut etmiş olurlar. Elə bu ağılsızlıqları da onların həyatını məhv edir. Həmin şəkillər, videolarla şantaj olunan qadınlar isə sonda ya pulundan, ya da ailəsindən olur.
 Ortada onlarla cinayət işi, məhkəmə prosesi var, amma nəticə çıxaran yoxdur. Yenə də "işbaz”lar avam, cahil insanları asanlıqla aldadıb, öz məqsədləri üçün onlardan istifadə edə bilirlər. Mütəxəssislər isə hər dəfə "SOS” təbili çalır ki, sosial şəbəkə istifadəçiləri öz həmsöhbətlərini seçəndə diqqətli olmalı, sevgi mesajları adı altında vicdansız fırıldaqçı ilə əlaqə saxladıqları ehtimalını bir an olsun unutmamalıdırlar.
Qeyd edək ki, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən qadın bir nəfərin onun qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 3.000 manat tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb. Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.
Elvin heç vaxt yoldaşıma nəsə göstərə, deyə bilməzdi
Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını intim şəkilləri ilə şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun məhkəməsi keçirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edərək E.İsmayılovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş qadın isə onu şantaj edən keçmiş sevgilisinə yüngül cəza verilməsini istəyib: "Mən əvvəl şikayətçiydim, amma dünən anam yuxuda görüb ki, Elvinin oğlu ondan atasını istəyir. Mənim anam ibadət edən adamdır, ona görə Elvini bağışlayıram. Atamdan da belə görmüşəm ki, hamıya kömək edək. Atam 5 il adamları pulsuz Həccə göndərib. Amma mən yaşadıqlarımı da unutmamışam. Hər gün düşünürdüm ki, görüm bu gecə nə yazacaq, nələr deyəcək. Gecə klubuna gedirdim ki, fikrim dağılsın, yaşadıqlarımı unudum. Amma indi fikirləşirəm ki, Elvin heç vaxt yoldaşıma nəsə göstərə, deyə bilməzdi. İndi Elvinin azadlığa çıxması üçün nə xərc lazımdısa, özüm çəkəcəyəm".İttihama görə, Elvin İsmayılov sosial şəbəkədə yeni tanış olduğu evli qadının ona göndərdiyi intim şəkilləri yayacağı ilə şantaj edərək 10 min manat tələb edib.
"Düyə göz eləməsə, kələ sıçramaz”

Məsələ ilə bağlı "Şərq”ə danışan yazıçı Aysel Əlizadənin fikrincə, nə qədər ki bu cəmiyyət şantaj olunan, zorlanan qadınları ittiham edəcək, o zamana qədər də bizim problemlərimiz həll olunmayacaq: 
"Bu məsələnin həllinə iki yolla nail olmaq olar. Azərbaycan cəmiyyətində dərin kök salan mental bir ənənə var: qadın hər zaman günahkardır. Biz bu düşüncə tərzini dəyişməliyik. Bu problemin bir həlli də hüquqi araşdırmalardan keçir. Bizdə isə hər iki sahədə boşluq var deyə, tənzimləmək olmur. Bizim hüquq-mühafizə orqanlarında çalışan gənc polislərimiz bu cür neqativ halların qarşısının alınması üçün öz səylərini artırsalar, cəmiyyətin inkişafına böyük dəstək verərlər. Bu cəhalətdən qurtarmaq üçün onların yardımına ehtiyacımız var. Həm də bu, onların işidir. Mental və cəmiyyətin inkişafına mane olan problemlərlə məşğul olsalar, əhalinin maarifləndirilməsinə də bir növ yardımçı olarlar”.
A.Əlizadənin sözlərinə görə, mental dəyərlər məsələsində ictimai fəallar, vətəndaş cəmiyyətinin nümayəndələri, qadın təşkilatları, aidiyyəti dövlət qurumları aktivlik nümayiş etdirməlidir: "İki cins arasında yaşanan mübahisədə yalnız bir cinsin üzərinə yüklənməsi problemini öz orbitindən çıxarıb, ictimai problem səviyyəsinə qaldırmalıyıq. Həmkarlarımızdan biri zorakılıqdan yazıb. Bizim saytın əməkdaşı da öz statusunda ona cavab verib. 
Statusu yazan kişi həmkarımız təcavüzə məruz qalan qadını ittiham edərək öz fikirlərini "Düyə göz eləməsə, kələ sıçramaz” məsəli ilə tamamlayıb. Feministlər isə bu cür atalar sözlərinə, məsəllərə qəzəblənirlər, onların qadağan olunmasını tələb edirlər. Bu cür misallar diskriminasiya xarakterli olduğu üçün arxaikləşməlidir. Bu misal 21-ci əsr azərbaycanlısının istifadə edəcəyi bir ifadə deyil. Zorlanma hadisəsinə bu məsəli misal gətirmək bilirsiniz nəyə bənzəyir? Bir adamın evinə oğurluğa girirlər və buna görə də onun özünü günahlandırırlar ki, evini niyə qoruya bilmirsən ki, oğru girir. Biz problemə bu cür yanaşırıq, insani prizmadan yox”.
Müəllifi, tarixi bilinməyən atalar sözləri ilə bir addım belə irəli gedə bilmərik
Gənc vaxtlarında evli qadınların, kişilərin kənar macərasına radikal yanaşıb, bunu yolverilməz hesab etdiyini vurğulayan Aysel xanımın illər keçdikcə fikirləri dəyişib:
- Cəmiyyətlə işlədikdən sonra fikirlərim dəyişdi. Qadın-kişi münasibətləri ilə bağlı apardığım araşdırmalar aparıb, ailələrdəki durumu öyrəndikdən sonra gördüm ki, radikal olmaq doğru deyil. Ortaya elə səbəblər çıxır ki, o insana bəraət verirsən. Hər bir insanın haqqı var həyatını yaşamağa. Evli bir qadının boşanmaq, ərini tərk etmək imkanı yoxdursa, bir yolla öz cinsəlliyini təmin etməlidir. Axı biz bilmirik ki, evli qadınlar hansı situasiyada kənar macəralar axtarır. Qınamaqla biz irəli gedə, problemin kökünə vara bilmərik, sivil ölkələrin təcrübəsinə baxmalıyıq. Atalar sözü ilə hadisəyə qiymət vermək olmaz. Biz baxmalıyıq ki, Amerika cəmiyyəti qadın zorakılığına necə yanaşır, hüquq və ictimaiyyət bunun öhdəsindən necə gəlir. Həmin örnəyi öz miqyasımızda tətbiq etməyə başladığımız andan problemlərimiz həll olunmağa doğru irəliləyəcək. Müəllifi, tarixi bilinməyən atalar sözləri ilə bir addım belə irəli gedə bilmərik. "Qadının canında da az yoxdur" deməklə olmur. Biz axı situasiyanı bilmiriksə, onu necə qınayaq? Məsləhət vermək, ağıl öyrətməkdən asan heç nə yoxdur. Bir situasiya ilə rastlaşan kimi hamı "niyə belə oldu”, "mən sənə deyirdim” deməyə başlayır.
Bu barədə sual verəndə belə özünü itirir, fikirlərini aydın ifadə edə bilmir
Mən artıq problem barədə fikir bildirməkdən belə çəkinirəm, utanıram. Fikirləşirəm ki, biz daha nə qədər danışacaq, ağıl verəcəyik. Artıq problemləri həll etmək lazımdır. Bacardığım qədər iş görməyə çalışıram, amma problemlərin həlli ağır yükə qoşulmuş bir zəncirdir. 
O yükü çəkib gün işığına çıxarmaq asan deyil. Qadınların şantaj olunması ilə bağlı son zamanlar çoxsaylı faktlar çıxıb ortaya. Məktəblilər, gənc qızlar, evli qadınlar hamısı bu oyunun qurbanı olur. Halbuki, bunun bir səbəbi də cəmiyyətin özündən qaynaqlanır. Yeniyetmə qızları, məktəbliləri nə ailə, nə məktəb sevgi, qadın-kişi münasibətləri barədə maarifləndirir. 
Onlar həmin anda necə davranacaqlarını, kimə güvənəcəklərini ayırd edə bilmədikləri üçün şantaj qurbanı olurlar. Özünü azad qadın kimi təqdim edən fəal ictimaiyyət nümayəndələrimiz var ki, heç bir qadın-kişi münasibətlərindən danışmağa cəsarət etmir. Bu barədə sual verəndə belə özünü itirir, fikirlərini aydın ifadə edə bilmir. Əgər mənim hansısa romanımda erotik səhnə varsa, bu yalnız gənclərə ömrü boyu cəmiyyətin ayıb, günah kimi təqdim etdiyi hisslərin, əslində gözəl bir hiss olduğunu öyrətməkdir. Sevgi çirkab kimi təqdim edildiyindən gənclərimiz öz hisslərini gizli şəkildə, küncdə-bucaqda yaşayırlar. Nə vaxt ki gənc oğlanlarımız öz sevgililərinin əlindən tutub sərbəst şəkildə gəzib, öz hisslərini açıq-aşkar yaşayacaqlar, bax, ondan çıxacaq böyük kişi, böyük qadın. Bu cəmiyyətin xilaskarları da onlar olacaq. 
Niyə bizim gənclərimiz öz sevgilərini gizlənə-gizlənə transformatorda, padvalda yaşamalıdır? Bunların sonu ölümlə nəticələndiyi üçün ictimaiyyətə bəlli oldu. Görün, indi gizlinlərdə, padvallarda daha nələr yaşanır? Bunu seksual anlamda yox, daha böyük anlamda deyirəm. Valideyn övladının ailə seçiminə qarışır. Ailəsinin istəyi ilə evlənən cütlüklərin münasibətlərində problem olur və onlar da başqa birini sevib özlərini ovundururlar. O sevgili də axmağın biri çıxır və video, şəkillə qadını şantaj edir. İnkişaf etmiş cəmiyyətlərdə belə bu cür şantaj hadisələri olur, amma heç bir ölkədə bizim kimi qadın günahlandırılmır”.
… qadınlar, gənc qızlar da bilərəkdən tanımadıqları adamlarla yazışır, görüşürlər
Sosial şəbəkələrin müasir həyatın ayrılmaz hissəsi olduğunu vurğulayan millət vəkili Tahir Kərimlinin sosial şəbəkələrdə tanış olduqları qadınları şantaj edən insanların bu əməlini murdarlıq kimi dəyərləndirib. Millət vəkilinin sözlərinə görə, bu cür şəxslərin əməlləri aşkarlandığı halda ən sərt maddələrlə cəzalandırılmalıdır: "Hansısa məqsədləri həyata keçirmək üçün sosial şəbəkələr əlverişli situasiya yaradır. Həm dövlət işlərində, həm də insanların gündəlik yaşam şəraitində sosial şəbəkələrin əhəmiyyətli rolu var. Amma gənclər arasında biri-birinə rahat əlçatanlıq başqa mənfi məqsədlər üçün istifadə olunur. Bu cür siqnallar onu göstərir ki, hansısa dəyişikliyə ehtiyac var. Qadınların şantaj olunması halları gündən-günə artdığı üçün bununla bağlı qanunvericilikdə ciddi radikal addımların atılmasına ehtiyac var. Hesab edirəm ki, şantaja məruz qalan insanlar hüquq-mühafizə orqanlarına müraciət etməlidir ki, polis şantajçını məsuliyyətə cəlb edib cəzalandırsın”.
Prokurorluq orqanlarının vətəndaşların hüquqlarını qorumalı olduğunu qeyd edən T.Kərimli hesab edir ki, müvafiq bölmələr bu cür xoşagəlməz hadisələrlə bağlı monitorinqlər keçirməli və sosial şəbəkələrdən şantaj məqsədi ilə istifadə edən şəxslərlə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırmalıdır:
"Amma təəssüflə də olsa qeyd etməliyəm ki, bəzi halda qadınların özləri buna şərait yaradır. Şou adamlarının əksəriyyəti qəsdən soyunur, açıq-saçıq geyimi ilə hamının diqqətini çəkir. Sonra da onun haqqında yazanlara, tənqid edənlərə qarşı aqressiv reaksiya verir, ifadəmə görə üzr istəyirəm, bir növ həyasızlıq edirlər. Halbuki gündəmə gəlmək üçün qəsdən soyunur. Sosial şəbəkələrdə şantaj qurbanı olan qadınlar, gənc qızlar da bilərəkdən tanımadıqları adamlarla yazışır, görüşürlər. Sonra da başlarına bu cür işlər açırlar”.
Şəymən//sherg.az