Aktual / Xəbəriniz olsun!

Atası ilə birlikdə eyni ixtisasa qəbul olan qız: Anam da bacım ilə birgə tələbə olmaq istəyir...

Banu. | 23-08-2018, 08:00
829 0
"Mən də, atam da ödənişli əsaslarla təhsil alacağıq. Bəlkə də mən oxuduğuma görə o, təhsilini davam etdirə bilmədi. Atam sırf heç bir imkansız abituriyentin yerini tutmamaq üçün ödənişli ixtisas yazdı".

Bu sözləri açıqlamasında I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iştirak edərək, atası ilə birgə tələbə adını qazanan Nərgiz Süleymanova deyib. O, atası ilə eyni fakültə və universitetdə təhsil alacaq. Bəlkə atası ilə qrup yoldaşı da oldu.

Kərəm Süleymanov və qızı Nərgiz Süleymanova Bakı Dövlət Universitetinin İnformatika ixtisasına qəbul olunublar. O, bildirib ki, atası ixtisas seçimində belə öz şagirdlərini düşünərək qərar verib:

"İnformatika ixtisasını riyaziyyat fənninə yaxın olduğu üçün seçdik. Həm də müasir elmdir və gələcək perspektivləri çoxdur. Atam da elə mənə görə bu ixtisası seçdi. Yəni, ixtisas seçiminə mən qərar vermişəm.

Atam o qədər bal toplamasına baxmayaraq, digər abituriyentlərin haqqına girməmək üçün ödənişli ixtisas yazdı. Dedi ki, "mən niyə imkansızların haqqına girim? Onsuz da bəlkə oxumadım". Ümumiyyətlə, o, I turda iştirak etmədi. Dedi ki, "şagirdlərim qəbul olunsun, mən II turda kodlaşdıraram. Sənin kimi digər abituriyentlər də var. Mən sənin tələbə olmağını nə qədər istəyirəmsə, onların da valideyni o qədər istəyir".

Mən də, atam da ödənişli əsaslarla təhsil alacağıq. Mən oxuyacağıma görə yəqin ki, ailədə bəzi problemlər yaranar və atam təhsilini davam etdirməyə bilər. Buna baxmayaraq, atam heç bir imkansız abituriyentin yerini tutmamaq üçün ödənişli təhsili seçdi".

O bildirib ki, atası hər il qəbul imtahanı versə də, ixtisas seçimində bilərəkdən iştirak etmir:

"Əslində mən, qiyabi təhsil almaq istərdim. Amma müəllimlikdə qiyabi təhsil forması yox idi. Yalnız əyaniləri kodlaşdırdıq ki, eyni ixtisas və universitetə düşək.

Mən keçən il də Azərbaycan Kooperasiya Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə qəbul olundum. Amma bu fakültəni bitirən müəllim kimi çalışa bilmədiyinə görə orda təhsil almadım. Keçən il fərqli universitetlərin tələbəsi olduq. Atam da Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika ixtisasına qəbul olundu. O, hər il imtahan verib özünü sınayır. Amma heç də hər il sırf digər şagirdləri və abituriyentlərə mane olmamaq üçün ixtisas seçimində iştirak etmir. Bu il sırf mənə görə ixtisas da seçdi.

Əvvəl Azərbaycan Tibb Universitetinin Pediatriya, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub. Atam Riyaziyyat, Fizika, Kimyanı özü bilir və bu fənlərdən şagird hazırlaşdırır.

Mən Azərbaycan dilindən də heç bir hazırlığa getməmişəm. Atam da bu fənni mənimlə bərabər oxuyub. Yalnız ingilis dilindən başqa repetitorun yanına getməli oldum. Çünki atam rus dilini seçmişdi. Atam növbəti illərdə 600 balı keçməyi qarşısına məqsəd qoyub".

O, atasının hamını təəccübləndirən müəllim fəaliyyətindən də söz açıb:

"Hələ ki, universitetdə qeydiyyatdan keçməmişik. Yəqin ki, ayın 25-i keçərik. Bəzi problemlər olmasa qeydiyyata da birlikdə gedəcəyik. Amma atam hələ oxuyub- oxumayacağına qərar verməyib. Onun savadına söz ola bilməz.

Bacım 5-ci sinifdə oxuyur. Hələ qəbul imtahanı verməyib. Atam onunla da qəbul imtahanında iştirak etmək istəyir. Bilirsiz ki, indi qəbul imtahanları da ödənişlidir. Amma atam hər il 40, 80 manatından keçərək imtahan verir. Bəzi "repetitorları" imtahana aparsanız, bəlkə də heç dərs dedikləri ixtisasdan imtahan verə bilməzlər. Atam isə ixtisasca müəllim deyil. Azərbaycan Texnologiya Universitetini bitirib və mühəndisdir. Amma 20-25 ildir ki, 3 fəndən şagird hazırlaşdırır.

Azərbaycan Tibb Univeesiteti, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyasında oxuyan xeyli şagirdləri var".

Çox adam düşünür ki, atası ilə bir qrupda təhsil alan qız tələbəlik həyatı yaşaya bilməz...

"Sosial şəbəkələrdə də bu haqda yazırlar. Amma heç kəsə valideynindən daha əziz olan biri yoxdur. Məncə, universitetdə adı valideyni ilə qrup yoldaşı kimi hallanmaq özü ən böyük şərəfdir. Atama həmişə valideyndən çox müəllim kimi baxmışam. Onu heç vaxt yalnız atam olduğuna görə tərifləməmişəm".

O, qəbul imtahanı zamanı atası ilə birgə yaşadığı maraqlı hadisəni xatırlayıb:

"Keçən il qəbul olunsam da, oxumadım. Bu il qəbul olacağıma inanırdım. Çünki insan qarşısına məqsəd qoysa, ona nail ola bilər.

Mən imtahanda çox həyəcanlı, stresli oluram. Atam da buna görə imtahan verdi. İmtahanda da eyni məktəb, amma fərqli otaqlara düşdük. Orada da bizi görən müəllim, nəzarətçi, mühafizəçilər təəccübləndilər.

Hətta imtahan verdiyim otaqda nəzarətçilərin danışığını eşitdim. Deyirdilər ki, hansısa yaşlı abituriyent gəlib. Yəqin ki, ikinci ali təhsilini almaq istəir. Mən durub dedim ki, o, mənim atamdır, müəllimdir. Hamı təəccübləndi. Hamı onun ixtisasca müəllim olmamasına baxmayaraq şagirdəri ilə imtahanda iştirak etməsinə təəccübləndi. Qeyd edim ki, atam fizika və riyaziyyatdan sualların 25-ni də düz yazdı. Fizikada bir sualı yanlış kodlaşdırdı. Bu da 53 yaşında 25 ildir ki, kitabla məşğul olmasına görə gözlərinin artıq zəifləçəsindən qaynaqlanır.Hamı bir yerdə imtahan verməyimizə qəribə reaksiya verir".

Onun sözlərinə görə anası da, gələcəkdə bacısı ilə birgə tələbə olmaq istəyir:

"Sosial şəbəkələrdə şagirdlərinin atam haqda yazdığı rəylərə baxa bilərsiniz. 300-dən çox şagirdi var. Onlar atamı o qədər çox istəyirlər ki... Atam əməkhaqqı ilə şagird hazırlayır. Amma heç vaxt yanına gələn hansısa imkansız şagirdi hazırlamaqdan da imtina etməyib. Təmənnasız hazırladığı şagirdlər var. Həmin şagirdlər tibb, hüquq təhsili alırlar. Atamı görəndə əldən ayaqdan gedirlər ki, bizə belə hörmət etmisiz.

Atam növbəti illərdə də imtahanda iştirak edəcək. Anamın da buna münasibəti çox yaxşıdır. Dünəndən saytlarda yazılanları oxuyub, diqqət mərkəzində olduğumuzu görür. Deyir ki, gələcəkdə bəlkə mən də imtahan verdim. O, orta təhsillidir. Bacımla birgə imtahan vermək istəyir".

Nərgiz Süleymanova qeyd edib ki, özü də yenidən imtahanlarda iştirak etmək istəyir:

"Atamgil tərəfdə savadlı insanlar çoxdur. Əslində, mən özüm də təhsilimi başa vurduqdan sonra yenidən imtahan vermək istərdim. Mən həmişə III ixtisas qrupuna meyilli olmuşam. Jurnalistika və hüquqa marağım olub. Anam dedi ki, atan da riyaziyyatçıdır. Texniki fənlər üzrə ixtisaslaş. Mən də bu ixtisas qrupunu seçdim. Ən sevdiyim fakültə isə jurnalistikadır. Gələcəkdə də elə o ixtisaslara qəbul olunmaq üçün yenidən imtahan verəcəm".

"Bilmədiyim suallar olanda anam deyirdi ki, sən də atana Azəraycan dilindən sual ver, bilməsin".

"İmtahana atamla bir yerdə hazırlaşdıq. Bəzən olub ki, atamın şagirdləri çox olduğundan yorğun olub və mənə vaxtı qalmayıb. Mən özüm oxumuşam. Bəzənsə, digər fənlərdən bir-birimizi sual cavab edib, hətta yarışmışıq. Atam mənə çox dəstək olub.

Texniki fənlərdən atam həmişə məni sorğu-sual edir, anam da kənardan qulaq asırdı. Bilmədiyim suallar olanda anam deyirdi ki, sən də atana Azəraycan dilindən sual ver, bilməsin.

Atamın Azərbaycan dilindən hansısa sualı bilmədiyi, mənim izah etdiyim vaxtlar da olub. Atamı hazırda hər kəs maraqla qarşılayır.

Sadəcə müsəlmanlarda biraz paxıllıq hissi var. Digər repetitorların paxıllığını hiss edirəm. Heç vaxt istəmirlər ki, atam irəli getsin. Atam bu qədər savadlı olsa da, heç vaxt özünün reklam etməyib. Sadəcə bir sosial şəbəkə bizimlə bağlı məlumatı paylaşmaq istədi və razı olduq. Bundan sonra hamı onu tanıdı".

O, atasına lazımı qiymətin verilməməsindən narahatdır:

"Mikayıl Cabbarov təhsil naziri olanda atam onun qəbulunda oldu. Nazir dedi ki, nə kömək lazım olsa, edərəm və minnətdarlığını bildirdi. Atam istəyir ki, biliyinə çox qiymət verilsin. Çünki elə müəllim var ki, biliyi azdır, amma yüksək maaş alır. Amma atam hər şey etsə də, çox qiymət verilmir. Atam Məleykə Abbaszadənin də qəbulunda olub.

Atamın məni bilmədiyim suala görə tənqid etdiyi vaxtlar da az olmayıb. Digər şagirdləri bilməsə də onları danlamırdı. Mənə isə deyirdi ki, "sən bilməli idin. Mən sənə deyirəm ki, onlar da başa düşsün. Mən onların qəlbini necə qırım?" Bütün şagirdləri onun çox istəyir".

O, atası ilə olan xatirələrini də bölüşüb:

"Atamla o qədər xatirələrim var ki, xüsusilə də hansısa sualı bilməyəndə məni danlamağı... Hərdən məndən küsürdü də... Sonra anam müdaxilə edirdi ki, uşaqdır, işin olmasın. Atam istəyirdi ki, mən hər şeyi bilim. Həmişə deyirdi: "istər 100, istər 600 balla universitetə qəbul ol, əsas odur ki, sənin savadın olsun. Kimsə sual verəndə, cavab verə biləsən.əsas odur ki, ixtisasının mütəxəssisi ol". Onun fikri-zikri sırf elmdir.

Atama arzu edirəm ki, həmişə ad-sanını belə qorusun, hər kəsin fəxri olsun. Bəzi kolleqalarına isə demək istəyirəm ki, o bu səviyyəyə yalnız öz savadı ilə gəlib heç kəsin köməyi ilə yox. Atamın bu qədər savadı olsa da, heç bir təhsil müəssisəsində işləmir. Hamı elə bilir ki, Kərəm müəlim hardasa işləyir. Heç də belə deyil".big.az