Aktual / Xəbəriniz olsun!

Evin tək oğlunun cəbhəyə göndərilməsi düzgündürmü?-Tək oğlunu itirən şəhid ailələri danışır...

Banu. | 16-08-2018, 08:44
933 0

Cəbhə bölgəsində evin tək oğlan övladlarının hərbi xidmətə getməsi daim müzakirə mövzusu olub. Bir qismi ailənin tək oğlan övladının cəbhədə xidmət etməsinin əleyhinə çıxaraq bildirib ki, tək oğlan övladı cəbhədə şəhid olduqdan sonra nəsil kəsilir. Digər qismi isə bunların əleyhinə çıxaraq tək oğlan övladlarının hamı kimi cəbhədə xidmət etməsinin vacibliyini vurğulayaraq bildiriblər ki, müharibə şəraitində olduğumuz üçün bunu dilə gətirə bilmərik. Elə dünən cəbhə bölgəsində şəhid olan əsgər Adil Tatarov da dörd bacının yeganə qardaşıdır. Adil Tatarovun şəhid olmasından sonra iki gündür ki, evin tək oğlunun cəbhədə xidmət məsələsi yenidən müzakirə mövzusu olub. 

AzadQadin.az bildirir ki, moderator.az  məsələylə bağlı aprel döyüşlərində şəhid olan evin tək övladlarının valideynlərinin məsələyə münasibətini öyrənib. Şəhid ailələrinin də məsələyə münasibəti eyni olub. 

Aprel şəhidimiz Mahir Mirzəyevin atası Sabir Mirzəyev bildirib ki, evin tək oğlu əsgər gedə bilər, amma cəbhə bölgəsinə getməsi nəzərə alınmalıdır: “Oğlum Mahir Mirzəyev ali təhsilini başa vurub hərbi xidmətə yollandı. Evin tək oğlan övladıdır. O, da cəbhə bölgəsində şəhid oldu. Bir qızım var. O, da sabah ailə qurandan sonra biz tək qalacağıq. Tək oğlan övladlarının əsgər getməsinə etiraz etmirik, amma heç olmaya cəbhə bölgəsinə göndərilməsin. Sabah müharibə olanda məmurlar öz övladlarını da bizim tək uşaqlara qoşub cəbhəyə göndərərlər. Buna etirazım yoxdur. Bu gün biz hamımız çox acı çəkirik”.

Aprel şəhidimiz Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı da eyni fikirdədir: “Sovet vaxtı evin tək oğlan övladlarının əsgər aparılması nəzərə alınırdı. Amma bu gün buna baxan yoxdur. Bir oğlum və bir qızım var. Oğlum şəhid oldu, qızım isə ailə qurub. Biz valideynlər də tək qalmışıq. Evin tək oğlunun şəhid olması artıq nəslin kəsilməsi deməkdir. Əlbətdə yaxşı olardı ki, dövlət bu məsələni nəzarətə götürsün”. 

Aprel şəhidimiz Kamran Şirəliyevin atası Faiq Şirəliyev bunun nəzərə alınmasının vacibliyini vurğulayıb: “Əlbətdə nəzərə alınmalıdır. Belə olmaz. Biz nə çəkirik Allah bilir. Oğlum Kamran iki bacının bir qardaşı idi, o, da şəhid oldu. İndi demək olar ki, bir ata kimi mən köməksiz qaldım”.  

Aprel şəhidimiz Əlizalam İslamovun taleyi isə tam fərqlidir. Şəhidimizin anası Hürnisə xanım bildirdi ki, bizim uşaqların şəhid olmasından sonra bunu nəzərə almalıdırlar: “Başqalarının bir bacısı olsa da, mənim gözümün ağı-qarası bir övladım var idi. O, da cəbhədə şəhid oldu. Hansı ki, mən oğlumun yanına gedəndə dəfələrlə komandirlərinə bununla bağlı məlumat vermişdim. Amma bunu nəzərə alan olmadı. İndi mən tək qalmışam. Onuz da bizə olan oldu. Heç olmaya bundan sonra evin tək oğlanlarını cəbhəyə aparmasınlar”.

Xatırladaq ki,  millət vəkili Vahid Əhmədov bildirib ki, tək oğlan övladlarının hərbi xidmətə çağırılması məsələsində güzəştlər nəzərdə tutulmalıdır.