Aktual / Xəbəriniz olsun!

Prezidentin ipoteka ilə bağlı yeni fərmanı - 1 iyuldan qüvvəyə minir...

Banu. | 5-05-2018, 21:30
1 055 0

İpoteka ilə bağlı yeni fərman təqdir edilir

Rəşad Həsənov: “İpoteka kreditləşməsi səviyyəsi Azərbaycanda tələbatdan xeyli dərəcədə aşağıdır”
Prezident İlham Əliyev mayın 2-də ipoteka kreditləşməsi ilə bağlı iki fərman imzalayıb. Sənədlərdə “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” və “Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanlara dəyişikliklər edilməsi nəzərdə tutulur.

Dəyişikliklər ipoteka kreditinin restrukturizasiyası, kreditlərin verilmə mexanizmi, habelə zəmanətə verilən kreditlərin məbləgi və texniki məsələlərlə bağlıdır. Qeyd edək ki, restrukturizasiya kreditin qaytarılma şərtlərinin dəyişdirilməsidir.

Dəyişikliyə görə, kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahələri ilə yanaşı, Mülki Məcəlləyə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına da veriləcək. Belə kreditlərin verilməsi bu il iyulun 1-dən mümkün olacaq.

Bundan başqa, ipoteka kreditlərinin ödənilməsi qaydalarına da dəyişikliklər edilib. Belə ki, indiyədək ipoteka krediti üzrə ödənilən aylıq məbləğ borcalanın aylıq gəlirinin 70 faizindən çox ola bilməzdi. Bundan sonra ilkin mənzil bazarından əmlak alanlar 40 faizdən artıq ilkin ödəniş edərlərsə, aylıq ödəniş məbləğinə limit tələbi olmayacaq.

Mayın 1-də isə prezident “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası” təsdiqlənib.

Bundan əlavə, İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə edilən dəyişikliyə əsasən, fonda yaşayış sahələrini almaq və satmaq öhdəliyi ilə kirayəyə vermək hüququ verilib.

Eyni zamanda Nazirlər Kabinetinə bir ay ərzində İpoteka və Kredit Zəmanət Fondunun vergi öhdəliklərindən azad edilməsi, habelə bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş qaydaya uyğun olaraq, fond tərəfindən təminat üzrə ödəniş edilməsi hallarında borcalanların və müvəkkil bankların vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini hazırlayıb prezidentinə təqdim etmək tapşırılıb.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin rəhbəri Ramil Osmanlı hesab edir ki, dəyişikliklər İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin genişləndirilməsi və daha da təkmilləşdirilməsinə xidmət edir: “Son dəyişikliklərdə iki mühüm məsələ diqqəti cəlb edir. Bunlardan biri mənzillərin, yaşayış sahələrinin alınaraq sonradan satılmaq şərtilə kirayə verilməsidir. Beynəlxalq praktikada bu üsuldan istifadə edilir. Bir çox ölkələrdə kirayə götürənlə bağlanan müqavilədə mənzilin 3 ildən sonra satılması məsələsi əksini tapır. Azərbaycanda bu kimi məsələlərin hazırlanacaq qaydalarda necə əksini tapacağını indidən söyləmək mümkün deyil. Bilmək olmur ki, beynəlxalq praktikadan necə yararlanılacaq. Dəyişiklərdə diqqəti cəlb edən digər məsələ vergidən azadolmalarla bağlıdır. Burada hansı vergi öhdəliklərindən bəhs olunduğu hələ bilinmir. Yəqin ki, bu barədə qaydalar hazır olandan sonra konkret fikir yürütmək mümkündür”

R.Osmanlının firkincə, fondun fəaliyyəti bir qədər də təkmilləşəndən sonra Müşahidə Şurası faiz dərəcələri ilə bağlı dəyişikliklər edəcək: “Çünki 2007-ci ildən bəri tətbiq olunan faiz dərəcələri dəyişməyib, amma bazarda qiymətlər iki dəfədən çox dəyişib. İpoteka kreditinin maksimal məbləği, orta aylıq əmək haqqı, minimum istehlak səbətinin dəyəri dəyişib. Bütün bunlar faiz dərəcələrinin də dəyişməsini zəruri edir


İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, beynəlxalq praktikada kreditlərə zəmanət təcrübəsinin 150 il yaşı var: “Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərini pisləşdirən əsas göstəricilərdən biri də kreditlərə çıxış imkanlarının məhdudluğudur. Kredit Zəmanət Fondunun, ümumilikdə bu mexanizmin yaradılması bütövlükdə ölkədə kreditə çıxış imkanlarını genişləndirmək, həmçinin beynəlxalq reytinqlərdə mövqeləri yaxşılaşdırmaq baxımından müsbət addımdır. Düzdür, bizim burada razılaşmadığımız məqamlar var. Məsələn, hesab edirik ki, zəmanət verilən kreditlərin minimum məbləği çox yüksək götürülüb. Bu, iri sahibkarlar üçün əlverişli olan şərtdir. Halbuki bu gün ölkədə daha çox xırda və orta sahibkarların maliyyə resurslarına əlçatanlığı problemi var. Bu şərtlərlə xırda və orta sahibkar məcburdur ki, irihəcmli borclanmaya getsin ki, aldığı kreditə zəmanət verilsin. Buna görə də zəmanət verilən kreditlərin minimum məbləğinin aşağı salınmasına ehtiyac var”.



Ekspert ipoteka kreditləri üçün də təminat mexanizminin formalaşmasını təqdirəlayiq hesab edir: “İpoteka kreditləşməsi səviyyəsi Azərbaycanda tələbatdan xeyli dərəcədə aşağıdır. Təminat və zəmanət mexanizminin olmaması, risklərin yüksək olması nəticəsində bazarda qeyri-dövlət subyektlərinin ipoteka kreditləşməsində iştirakçılığını zəiflədirdi. İpoteka kreditləşməsinə zəmanət mexanizminin yaradılması nəticəsində fond əlavə vəsait cəlb etmədən, sadəcə, zəmanətvermə mexanizmini tətbiq etməklə bankların ipoteka prosesində daha aktiv iştirakını təşviq edəcək. Bu, eyni zamanda bazarda rəqabəti artırmaqla ipoteka faizlərinin aşağı düşməsini stimullaşdıra bilər. İkinci mühüm məsələ fond və borcalanların vergidən azad olunmasıdır. Konkret məqamlar məlum olmasa belə, borcalanların xərc yükünün azalması ümumi ipoteka xərclərinin azalmasına gətirib çıxaracaq. Bu da ümumilikdə ipoteka kreditləşməsi imkanlarını artıracaq”.



Dünya SAKİT,
“Yeni Müsavat”