Aktual / Xəbəriniz olsun!

Kirayədə qalanlara ƏLA İMKAN: 40 faiz... - Ekspert ŞƏRTLƏRİ AÇIQLADI

Banu. | 3-05-2018, 15:50
973 0

“Bu dəyişikliklər tətbiq ediləndən sonra İpoteka və Kredit Zəmanət Fondu yalnız mənzil satışını deyil, Kirayə Mənzil Fondunun yaradılmasını da həyata keçirəcək. Bu fond vətəndaşlara daha aşağı ödənişlə kirayə mənzil əldə etməyə imkan verəcək”.
AzadQadin.az-ın xəbrinə görə, bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycan Prezidentinin bir neçə gün öncə İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında imzaladığı fərmanı şərh edərkən deyib.
Fərmanda qeyd olunur ki, Azərbaycanda əhalinin mənzil təminatının daha da yaxşılaşdırılması və ipoteka kreditlərinə çıxış imkanlarının artırılması, ipoteka və kredit zəmanət mexanizminin risklərinin minimallaşdırılması məqsədilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası” təsdiq edilsin.
V.Bayramovun sözlərinə görə, mənzillərin ucuz qiymətə kirayə verilməsi təcrübəsi Rusiya daxil olmaqla, bir çox MDB ölkəsində tətbiq edilir:
“Rusiyada Sosial Mənzil Fondu ilə yanaşı, Sosial Kirayə Mənzil Fondu da fəaliyyət göstərir. Bu fond kirayə mənzilə ehtiyacı olan şəxslərin daha aşağı ödənişlə kirayə evdə qalmasına imkan yaradır. Bakıda və ya rayonlardan birində mənzil almadan müəyyən müddət qalıb, işləyənlərin mənzilə olan ehtiyacını ödəmək üçün həmin Fonda daxil olan mənzillərdən istifadə edilir. Bu zaman vətəndaşın aşağı ödənişlə kirayə qalmaq imkanı olur. Seçiləcək mənzillər və onların hansı qayda ilə kirayə verilməsi Nazirlər Kabineti tərəfindən hazırlanan əsasnamədə əksini tapacaq. Əsasnamədə həmçinin Kirayə Mənzil Fonduna daxil olan kirayə haqları ilə bazar qiyməti arasında fərq də müəyyənləşdiriləcək. Rusiya daxil olmaqla digər MDB ölkələrinin təcrübəsinə diqqət yetirsək, adətən, Kirayə Mənzil Fondu tərəfindən təklif edilən mənzillərdə 40 faiz endirim tətbiq edilir. Məsələn, vətəndaş Yasamal rayonu ərazisində mənzil kirayə götürmək istəyir. Bazar qiyməti 400 manat olan mənzildə bu Fonda müraciət etməklə, 40 faiz ucuz - 240 manat ödəməklə kirayə götürə bilər”.
Ekspert bildirib ki, bu dəyişikliklərdən sonra daha bir maraqlı yenilik İpoteka fondu tərəfindən kredit faizlərinin subsidiya edilməsidir:
“Əslində bu, Zəmanət Fondu formalaşdırılanda nəzərdə tutulan fəaliyyətlərdən biri idi. Bu vətəndaşa, sahibkara kommersiya bankından alacağı kredit faizlərinin bir hissəsini dövlət büdcəsi hesabına subsidiyalaşdırmağa imkan verəcək. Sahibkar bankdan 18 faizlik kredit götürdüyü halda onun 8 faizini İpoteka Fondu subsidiyalaşdıra biləcək. Nəticədə kommersiya bankının manatla verdiyi kreditin faizinin bir hissəsini subsidiyalaşdırmaqla, sahibkar krediti 10 faizlə ödəyəcək. Digər 8 faiz dövlət tərəfindən ödəniləcək. Bunun üçün isə İpoteka fondu 2018-ci il üçün tələb olunan subsidiya məbləğini hesablamalıdır ki, ona uyğun olaraq maliyyə mənbələri müəyyənləşdirilsin.
Yeni dəyişikliklərə görə İpoteka fondu vergilərdən azad edilib ki, bu da gəlirliyin artırılması baxımdan vacibdir. Həmçinin bu dəyişiklik İpoteka Fonduna daha çox maliyyə vəsaiti cəlb etməyə imkan verəcək. İpoteka Fondu hesablanmış vergini ödəməməklə həmin vəsaiti öz sərəncamında saxlaya biləcək. Bu da İpoteka Fondunun maliyyə imkanının genişləndirilməsinə xidmət edəcək.
Nəticədə bu, İpoteka Fondu tərəfindən daha çox kredit təklif etmək, eyni zamanda kredit faizlərindən daha çox subsidiya vermək imkanı deməkdir. Bu, həmçinin İpoteka Fondu tərəfindən təklif edilən kreditlərin həcmini artırılacaq. Bütün bunlar isə vətəndaşların kreditlərə çıxış imkanının artırılması baxımdan vacibdir”.
V.Bayramov dəyişikliklərin şəffalığın gücləndirilməsi baxımından da əhəmiyyətli olduğunu bildirib:
“İpoteka Fondunun elektron hökumət portalına inteqrasiyasının sürətləndirilməsi nəzərdə tutulub. Bununla da Fondun xidmətlərinin böyük bir hissəsi portal vasitəsilə həyata keçiriləcək. Nəticədə subsidiyalar, kreditlərin verilməsində şəffaflığın gücləndirilməsi baxımdan vacibdir.
Bütövlükdə yeni dəyişikliklər İpoteka Fondunun fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların kreditlərə əlçatanlığının təmin edilməsinə imkan verəcək. Bu, həm də vətəndaşların yalnız mənzil alması deyil, həmçinin Kirayə Mənzil Fondundan yararlanması deməkdir”.
Dəyişikliklərin kirayə mənzil bazarında qiymətlərə təsirinə gəldikdə, V. Bayramov bunun üçün zamana ehtiyac olduğunu deyib.
“Kirayə veriləcək evlərin sayı çox önəmlidir. Güman edilir ki, ilk növbədə pilot layihə olaraq tətbiq ediləcək. Yaxın zamanda bu addımın kirayə mənzil bazarında qiymət endiriminə səbəb olacağını planlaşdırmırıq. Kirayə verilən mənzillərin sayı artacaqsa, bu zaman qiymətin enməsinə səbəb ola bilər”, - deyə ekspert bildirib.