Aktual / Xəbəriniz olsun!

Kişi müəllimlərin olmaması məktəblilərin psixologiyasına zərbədir...

Banu. | 18-11-2018, 09:00
355 0
“Məktəbdə nümunəvi bir kişi obrazı olsa, evdə bu obrazı olmayan uşaq onu gəlib məktəbdə görsə, şüuraltına yeridəcək ki, kişi belə olar”İradə Cəlil, Sputnik Azərbaycan
 Son dövrlərdə məktəblərdə kişi müəllimlərin sayı kəskin şəkildə azalmağa başlayıb. Bu gün 4500 orta məktəbimizdə çalışan 151 min müəllimin 122 mindən çoxunu qadın müəllimlər təşkil edir.
Mütəxəssislərə görə, məktəblərdə kişi müəllimlərin az olması uşaqların psixologiyasına öz mənfi təsirini göstərir. Çünki günün çox hissəsini məktəbdə olan uşaq qadın tərbiyəsi ilə yanaşı kişi tərbiyəsi də görməlidir. İndiki durumda isə bu, sual altındadır. 


Təhsil eksperti Kamran Əsədov  açıqlamasında deyir ki, məktəblərdə kişi müəllimlərin sayının azalması da bu tendensiyanın möhkəmlənməsinə, xüsusən ibtidai və orta məktəb sistemində zəif cinsin nümayəndələrinin aşkar dominantlığına səbəb olub. 
K.Əsədov bildirir ki, kişilərin bu sənətə üstünlük verməməyinin müxtəlif səbəbləri var: “Bura məktəbdə əmək haqlarının az olması, müəllimliyə daha çox qadın məşğuliyyəti kimi baxılması və s. təsir göstərir. Əmək texnologiyası, fizika, bədən tərbiyəsi, tarix kimi fənlərdə sovet vaxtı çoxluq təşkil edən kişi kontingenti son illər ərzində azalmağa doğru gedir”.
Ekspert qeyd edir ki, xüsusən şəhər məktəblərində qadın müəllimlərin çoxluğu gözə çarpır. Və bu hal təkcə Azərbaycanda deyil, bütün dünyada qeyri-rəsmi formada müəllimliyin, pedaqogikanın "qadın peşəsi" olması ilə bağlı təsəvvürlər möhkəmlənib.
"Rusiya məktəblərində qadın pedaqoqların sayı orta hesabla 87,4% təşkil edir. Maraqlıdır ki, orta məktəblərdə bu göstərici 92%, ibtidai siniflərdə isə 98,2%-lik mütləq çoxluğa malikdir. ABŞ-da isə ibtidai və orta məktəb kontingentinin 65%-ni qadınlar, 35%-ni isə kişilər təşkil edir. Maraqlıdır ki, 1980-ci ildə bu göstərici 50% idi", — deyə Əsədov bildirir. 


K.Əsədovun sözlərinə görə, Avropa qitəsində də vəziyyət ənənəvidir. Belə ki, bu ölkənin ibtidai məktəblərində hər 10 müəllimdən biri, orta məktəblərdə isə hər 4 müəllimdən biri kişidir.
Əsədov hesab edir ki, kişi müəllimlərin mövcudluğu məktəb sistemi üçün çox önəmlidir. Belə ki, qadınların pedaqoji modelində güc və enerji azlıq təşkil edir. Kişi müəllimlər həm oğlan, həm də qız şagirdlər üçün sosial həyata uğurlu addım atması, cinslər arası münasibətləri anlamaq üçün çox lazımdır.
“Azərbaycanda müəllimlərin məvacibində zaman-zaman artımlar olsa da, yenə də bu sahədə çatışmazlıq öz həllini tapmır. Ölkəmizdə müəllim 1 ştat üçün 180 manat, yalnız pedaqoji stajı 18 ildən çox olan müəllim isə 450 manat məvacib alır. Müəllim kimi yeni işə başlayan gənc, təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bır kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur”, — deyə ekspert əlavə edir.
K.Əsədov vəziyyətin əvvəlki illərlə müqayisəsini də aparır, həmçinin səbəbini izah edir: “1980-ci illərə nəzər salsaq, görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən sonra isə ölkədə sabitlik yarandı, müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı". 


Əsədov hesab edir ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır: "Dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin".
Psixoloq Fərqanə Mehmanqızı isə bildirir ki, bu gün bir çox ailələrdə zorakılıq müşahidə edilir. Bu da uşaqların nəzərində "kişi" obrazının dağılması ilə nəticələnir: "Hər hansı obrazı necə yaradırsansa, uşaq təxəyyülündə elə də qalır. Aqressiv ata obrazı uşaqların şüurunu zədələyir. Beləliklə, uşaqların yaddaşında nümunəvi kişi obrazı yox olur”.
“Məktəbdə nümunəvi bir kişi obrazı olsa, evdə bu obrazı olmayan uşaq onu gəlib məktəbdə görsə, şüuraltına yeridəcək ki, kişi belə olar. Bu da xüsusən oğlan uşaqları üçün çox vacibdir. Məktəbdə ideal obraz görən oğlan uşaqları ona bənzəməyə çalışacaq. Qızlar isə, gələcək həyat yoldaşlarının o müəllimə bənzəməsini arzulayacaq”, — psixoloq əlavə edir. 


Psixoloq hesab edir ki, məktəblərdə nizam intizamın qaydasında olması, uşaqların kişi obrazını mənimsəməsi, özlərini normal apara bilməsi üçün kişi müəllimlərin olması vacibdir: "Müəllim uşağa öz insani keyfiyyətlərini də göstərir. Bu da uşaqlara nümunə olur. Məktəbdə müəllimlərlə ünsiyyətdə olduğu zaman kişi və qadının necə olduğunu öyrənir”.

F.Mehmanqızı deyir ki, bu gün məktəblərdə kişi müəllimlərinin olmaması o deməkdir ki, uşaqların pərəstiş etdiyi kişi obrazı yoxdur: “Uşaqlara nümunə ola biləcək kişi yoxdur. Bu səbəbdən də məktəblərdə problemlər yaşanır. Uşaqlar məktəb və ev görür. Məktəbdə kişi müəllimi olmayanda kişi etikasını qavramır".

Mütəxəssislər hesab edir ki, məktəblərdə kişi müəllimlərin olması cəmiyyət üçün vacib məsələdir. Əks halda bütün gün məktəblərdə, evdə qadın görən oğlan uşaqlarının psixologiyası ciddi şəkildə zədələnə bilər.sputnik