Aktual / Xəbəriniz olsun!

Uşaqlar üçün ödəniş QALMAQAL yaratdı: "Bakubus"-ın sürücüsü avtobusu yolun ortasında saxladı....

Banu. | 24-11-2017, 13:32
1 375 0
Bu gün ictimai nəqliyyatda uşaqların uşaqlar üçün ödəniş məsələsi bir problemə çevrilib.
Xüsusən də, marşrut avtobuslarında tez-tez bu məsələ tərəflər arasında mübahisə ilə nəticələnir. Kartsız ödəniş sistemi olan marşrut xəttində sərnişin və sürücünün bu mübahisəsi bir çox hallarda sərnişinin acıq edərək avtobusdan düşməsi ilə yekunlaşırsa, kartla ödəniş edilənlərdə vəziyyət fərqlidir. Xüsusən də, kartla ödəniş tətbiq edildiyi “BakuBus”MMC-nin avtobuslarının sürücüləri bu məsələyə daha həssas yanaşır. “BakuBus” MMC-nin avtobuslarının içərisində 5 yaşdan yuxarı uşaqlar üçün ödəniş tələbi ilə bağlı məlumat lövhəsi vurulub. Lakin çox zaman sərnişinlər buna əhəmiyyət vermir və ödəniş etməkdən imtina edirlər.
Bu günlərdə bu MMC-yə məxsus avtobusların birində oxşar hadisə ilə qarşılaşdıq. Sərnişinin 2 məktəbyaşlı uşağa görə ödəniş etməməsi tərəflər arasında ciddi mübahisəyə çevrildi. Sərnişin Nazirlər Kabinetinin qərarını xatırladaraq “uşaq üçün bilet olmalıdır ki, ödəniş edim” deyə tələb edərkən, sürücü ödəniş edilmədiyi halda avtomobili idarə etməyəcəyini deyib, avtobusu yolun ortasında saxladı. Yalnız sərnişinlərdən birinin ödəniş etməsindən sonra yoluna davam etdi. Ola bilər ki, sürücü ona verilmiş təlimata uyğun olaraq bu addımı atır. Düzdür, bununla digər sərnişinlərin hüququ pozulmuş olsa da.
Lakin burada əsas məsələ tərəflərin davranışından daha çox bu problemi yaradan səbəbdir.
Məsələ ilə bağlı məlumat verən Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev şəhərdaxili ictimai nəqliyyatda 5 yaşa qədər uşaqların pulsuz daşındığını dedi: “5 yaşdan yuxarı yaşlı uşaqlar üçün tam ödəniş tələb edilir”.
“BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev isə Publika.az-a açıqlamasında bildirib ki, “BakuBus” daşıyıcı şirkət olaraq ödəniş və ya bütün yeni qaydaların tətbiq olunmasını yalnız və yalnız bu sahəni tənzimləyən qanunverici bazaya əsasən həyata keçirir:
“Bu sahəni tənzimləyən əsas qanunverici baza isə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarıdır. 25 aprel 2017-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na yeni məzmunda əlavələr edilib. Həmin əlavəyə əsasən (6.29-1 ) Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında 5 yaşadək uşaqlar ödənişsiz gedirlər. Yeni düzəlişə əsasən, (6.29) 5 yaşdan 10 yaşadək hər bir uşağa uşaq gediş bileti (şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla) yalnız müntəzəm avtobus marşrutlarına aid edilir”.
Sərnişin ödəniş etmədiyi halda sürücünün hansı addım atmasına gəldikdə, M.Piriyev bildirib ki, sürücü yalnız qaydalar çərçivəsində ödəniş tələb edir.
“Təbii ki, bu zaman salonda olan digər sərnişinlərin də təsir imkanları vacibdir. İctimai nəqliyyat ictimai marağa xidmət etdiyi üçün təkcə ödənişlə bağlı yox, bütün qaydalara əməl olunması üçün bütün sərnişinlərimiz həssaslıq göstərməli və ictimai münasibət ortaya qoyulmalıdır”.
M.Piriyev yuxarıda qeyd olunan hadisənin araşdırılacağını bildirib.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Publika.az-a məsələnin nə üçün tərəflər arasında mübahisəyə çevrilməsinə aydınlıq gətirib:
“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”ilə bağlı əvvəlki qərarda bu məsələ fərqli göstərilmişdi. Sonuncu dəfə aprel ayında qaydalar dəyişdi. Sərnişinlər ola bilər ki, həmin qərarla tanış deyil, ona görə də bu cür mübahisələr davam edir. Yeni qərara görə, 5 yaşa qədər uşaqlar pulsuz, 5 yaşdan sonra isə tam ödəniş edilməlidir. Uşaq bileti tələbi isə şəhərlərarası avtobuslar üçün nəzərdə tutulub. Lakin həmin uşaq biletinin mahiyyəti barədə heç bir məlumat yoxdur”.publika.az